Gələn il inflyasiya maaş və pensiya artımlarını “yeyəcəkmi” – TƏHLİL

   Gələn il inflyasiya maaş və pensiya artımlarını “yeyəcəkmi” –    TƏHLİL
  05 Dekabr 2022    Oxunub:2036
İlin başa çatmasına az qalır. Yeni il ərəfəsində və 2023-cü ildə qiymətlərinin daha kəskin artacağı gözlənilir. Buna üç amil zəmin yaradır: birincisi, növbəti ildə ölkədə bir sıra sosial ödənişlərin - əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılacağı, ikincisi, həm yeni illə bağlı, həm də qlobal miqyasda bahalaşmanın bir az da qızışacağı, üçüncüsü isə ölkəmizdə Tarif Şurasının nəzarətində olan bəzi qiymətlərin artırılacağı ehtimalı.
Məsələn, sərnişindaşıma şirkətləri bu xidmət növündə qiyməti artırmağı təklif edirlər; onların bildirdiklərinə görə gediş haqqının 30 qəpik olması xərci ödəmir və bunu azı 50 qəpik etmək lazımdır. Bundan əlavə, bəzi kommunal xidmətlərinin də qiymətlərini artırmaq təklifləri mövcuddur.

Bizi yeni il ərəfəsində və ondan sonra nə gözləyir, doğrudanmı, istehlak bazarında vəziyyət daha pis olacaq?! Qeyd olunan ehtimallar özünü doğrulda bilərmi?!

“Bahalaşma olacaq” deyəndə nəzərə almaq vacibdir ki, bu proses artıq iki ildir davam edir və səngimək istiqamətində hələ ki heç bir əlamət yoxdur. Rəsmi olaraq inflyasiyanın səviyyəsi 14%-in üstündə, ərzaq üzrə isə 20%-dən çox təşkil edir. Yeni il ərəfəsində istehlak qiymətlərində yüksəlmə ənənəvi xarakteri daşıyır. Xüsusən də ərzaq məhsulları üzrə.

Növbəti ildə nəyin baş verəcəyini söyləmək tezdir. Bəli, Tarif Şurasının nəzarətində olan qiymətlərin bəziləri üzrə artıma gediləcəyi mümkündür. Nəqliyyatda da o cümlədən. Ancaq ümumi bahalaşma fonunda hökumət buna hər halda, ehtiyatla yanaşacaq və mümkün dərəcədə az təsirli olmasına çalışacaq.

Əsas odur, ümumi bahalaşma tendensiyası dayansın. Bu da qlobal vəziyyətdən asılıdır. Ümumi qiymət yüksəlişi dayanmasa, istənilən xırda inhisar xarakterli qiymət dəyişikliyi inflyasiyaya əlavə sürət qatacaq. Söhbət Tarif Şurasının ehtimal olunan hər hansı qərarından gedir. Bəli, gələn il sosial istiqamətdə artımlar da həyata keçiriləcək. Və bunlar inflyasiyanı müəyyən dərəcədə kompensasiya edəcək. Amma inflyasiya azalmalıdır, əks təqdirdə istənilən sosial artım onun yeminə çevriləcək.


Fikrimi tam izah etmək üçün rəqəmlərə keçirəm. Maaş və sosial ödənişlərin nə qədər artırılacağı hələ bəlli deyil. Lakin əvvəlki illərdə olduğu kimi, gələn ilin də dövlət büdcəsinin sosialyönümlü xarakter daşıdığı məlumdur. 2023-cü ilin dövlət büdcəsindən sosial istiqamətə (əməyin ödəniş fonduna, ərzaq məhsullarının alışına, təqaüd və sosial müavinətlərə, dərman, sarğı ləvazimatları və materiallarının alınmasına, icbari tibbi sığorta və koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlərə) 15 milyard 218 milyon 900 min manat ayırmaq nəzərdə tutulub ki, bu da cari ildəkinə görə 1 milyard 289 milyon 200 min manat (9,3%) çoxdur.

Gələn il yaşayış minimumu cari illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% artırılacaq. İlk dəfə olaraq ölkədə gələn il yaşayış minimumu ilə ehtiyac meyarı göstəriciləri bərabərləşərək, eyni məbləğdə - 246 manat təşkil edəcək. Ümumiyyətlə, 2023-cü ildə müavinətlərin, pensiyaların artırılması üçün 2 milyard 598 milyon manat xərclənəcək ki, 2023-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləği isə 898 manat proqnozlaşdırılıb. Hazırda bu rəqəm 827,4 manat təşkil edir.

Bütün bunların inflyasiya və bahalaşmaya əlavə təkan yaradacağı istisnadır. Ən azı ona görə ki, 2019-cu ildəki təcrübə sosial artımların bunda az rol oynadığı və ya heç oynamadığını sübut etdi. Həmin ildə iki sosial paket həyata keçirilmişdi.

Cari ilin ötən 10 ayı ərzində ölkədə istehlak qiymətləri indeksinin ötən ilin eyni dövrü ilə müqayisədə 14%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 20%, qeyri-ərzaq sarıdan 8%, əhaliyə göstərilən ödənişli xidmətlər sferasında isə 11% təşkil etdiyi qeydə alınıb. Bəli, növbəti ildə gözlənilən sosial artımlar bütün bunları üstələyəcək. Ancaq...

Ölkədə antinflyasiya tədbirləri gücləndirilməsə və genişləndirilməsə əks tendensiya müşahidə edəcəyik. Odur ki, bahalaşmanın özünü önləmək lazımdır. Hökumət inflyasiya prosesi ilə mübarizə aparmaq üçün cari ilin əvvəlindən “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlamışdı. Bu plan lazımi səviyyədə istənilən nəticəni vermədi. Ona görə ki, antinflyasiya tədbirləri ölkədə ilk növbədə pul-kredit siyasəti alətinin çevik təsirə və idarəetməyə malik olması ilə qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək imkanı yaratmaqla, özünü bəzi növ idxal ərzaq məhsulları üzrə müvafiq güzəştlərə gedilməsi, yerli məhsulların istehsalı sahəsində stimullaşdırıcı bazanın yaranmasında göstərməlidir. Bu zaman Tarif Şurası bəzi növ qiymətləri lap artırsa belə, bu da heç bir mənfi fəsad törədə bilməz.


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: İnflyasiya  







Xəbər lenti