"Bütün qışı məhdud enerji ilə yaşamalı olacağıq"- Baş Nazir

"Bütün qışı məhdud enerji ilə yaşamalı olacağıq"-  Baş Nazir
  09 Dekabr 2022    Oxunub:1315
"Ukrayna bu qış davamlı olaraq məhdud elektrik istehlakı şəraitində yaşayacaq".
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib. Onun sözlərinə görə, hazırda enerji sistemində vəziyyət nəzarət altındadır, lakin hələ də çatışmazlıqlar var.

"Ölkədə bütün istilik və su elektrik stansiyaları zədələnib. Enerji sistemində balansı qorumaq üçün zəruri tədbirlər çərçivəsində əksər rayonlara elektrik enerjisi məhdud qaydada verilir.

Açıq deyək ki, məhdudiyyətlər qış boyu davam edəcək. Elektrik enerjisi ilk növbədə ən çox ehtiyac olan yerlərə paylanacaq. Hazırda hökumət bununla bağlı prosesi sistemləşdirir”.

O, energetika nazirinə elektrik enerjisinin verilməsi üçün aydın prioritetləri işləyib hazırlayıb hökumətə təqdim etməyi tapşırıb.

Onun sözlərinə görə, birinci prioritet kritik infrastruktur, xüsusilə su və istilik təchizatı obyektləri və xəstəxanalardır. İkinci prioritet dövlətin müdafiəsi üçün işləyən hərbi-sənaye kompleksinin obyektləridir. “Hər şey cəbhə üçün” prinsipi tamamilə dəyişməz olaraq qalır. Üçüncü prioritet kritik mallar və məhsullar istehsal edən biznesdir. Bunlar, məsələn, çörək və süd zavodlarıdır. Dördüncü prioritet yaşayış sahəsidir.

"Digər obyektlərə elektrikin yalnız qeyd olunan 4 qrupun təminatından sonra verilməsi nəzərdə tutulub. Bu, ölkəmizə qışdan sağ çıxmağa imkan verəcək ədalətli yanaşmadır".".

Qeyd edək ki, Ukraynanın energetika naziri Herman Qaluşenko bildirib ki, dekabrın 5-də Rusiyanın kütləvi hücumu zamanı raketlər həm generasiya qurğularını, həm də yarımstansiyaları vurub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti