2023-cü ildə Azərbaycan-Rusiya əlaqələri necə olacaq – Moskvadan baxış

   2023-cü ildə Azərbaycan-Rusiya əlaqələri necə olacaq –    Moskvadan baxış
  09 Yanvar 2023    Oxunub:7408
Mixail Neyjmakov *
Xüsusi olaraq AzVision.az üçün

Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ildə Rusiyaya üç dəfə səfər edib (o cümlədən dekabrda MDB-nin qeyri-rəsmi sammitinə qatılıb), üçüncü ölkələrdə keçirilən beynəlxalq sammitlər çərçivəsində daha üç dəfə Vladimir Putinlə görüşüb. İki dövlətin başçıları arasında 11 telefon danışığı olub. Rusiya-Azərbaycan təmaslarının kifayət qədər yüksək intensivliyi çox güman ki, 2023-cü ildə də davam edəcək.
İlham Əliyev və Vladimir Putinin iştirakı ilə keçiriləcək görüşlərdən birinin Rusiya ilə Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanmasının ildönümünə düşəcəyini istisna etmək olmaz. Bildiyiniz kimi, sənəd 2022-ci il fevralın 22-də imzalanıb. Lakin görüşün fevralın birinci yarısında və ya 2023-cü ilin martında baş vermə ehtimalı daha yüksəkdir. Təbii ki, çox şey həm də bu müddət ərzində Rusiya ətrafında, ilk növbədə Moskva ilə Kiyev arasındakı münaqişə fonunda formalaşacaq beynəlxalq siyasi vəziyyətdən asılı olacaq.

Təbii ki, Moskvanın Bakı ilə əlaqələri inkişaf etdirmək motivlərindən biri Rusiya üçün çətin xarici siyasət şəraitində postsovet məkanında mühüm tərəfdaşla əlaqələri gücləndirməkdir. O da aydındır ki, Rusiya Qoşulmayanlar Hərəkatına üzv olan bir çox ölkələrlə birbaşa əlaqələri fəal şəkildə inkişaf etdirir, ancaq Bakının bu təşkilatın sədri kimi rəsmi rolu da Rusiya-Azərbaycan əməkdaşlığı üçün perspektivli mövzulardan ola bilər. Məlum olduğu kimi, Moskva 2021-ci ilin iyulundan bu strukturda müşahidəçi ölkə statusuna malikdir.
Azərbaycan-Qazaxıstan: 2022-ci ilin yekunları – Astanadan baxış

Nəhayət, Moskva ilə Bakı arasında qarşılıqlı fəaliyyət üçün əlverişli fon Rusiya-Türkiyə əməkdaşlığıdır ki, bu əməkdaşlıq yeni başlayan ildə də, o cümlədən Türkiyədə prezident seçkiləri kampaniyası nəzərə alınmaqla, heç də az intensiv olmayacaq.

Bundan əlavə, biz Rusiyaya sanksiya təzyiqi şəraitində onun region rəhbərlərilə xarici tərəfdaşlar arasında əlaqələrin intensivliyinin artmasını müşahidə edirik. Bu şəraitdə Azərbaycanla ənənəvi təmasda olan Rusiya Federasiyası subyektlərinin Bakı ilə qarşılıqlı fəaliyyəti üçün əlavə stimullar yaranır. Bu mənada Həştərxan vilayətini və Dağıstanı qeyd etmək olar. Bu regionların rəhbərləri İqor Babuşkin və Sergey Melikovun 2022-ci ilin dekabrında Bakıya işgüzar səfərləri olublar.

Rusiya, təbii ki, Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi təşəbbüsünü saxlamağa çalışacaq, lakin 2023-cü ildə bu danışıqların fonu 2022-ci ildəkindən daha çətin ola bilər. Xüsusilə də, Azərbaycan-Ermənistan sərhədində mümkün daimi silahlı eskalasiyalar (qısamüddətli də olsa) regionda nəqliyyat kommunikasiyalarının açıilmasına dair danışıqlara müsbət təsir göstərməyəcək.

Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması ilə əlaqədar danışıqların mürəkkəb olacağı ehtimal edilir. Laçın dəhlizi ətrafındakı mövcud böhran həll olunsa belə, digər problemli amillər, o cümlədən Ermənistanın daxili siyasi vəziyyəti olduğu kimi qalacaq.

2023-cü ilin payızında İrəvanın Ağsaqqallar Şurasına seçkilərin gözləndiyini nəzərə alsaq (Ermənistan əhalisinin üçdə birindən çoxu paytaxtda yaşadığı üçün bu seçki xüsusi əhəmiyyət kəsb edəcək), Nikol Paşinyanın sülh müqaviləsini ya 2023-cü il yazın əvvəlindən, ya da 2023-cü ilin sonu - 2024-cü ilin əvvəlindən gec olmayaraq imzalaması daha məntiqlidir. Amma gördündüyü kimi, yaxın aylarda bu danışıqların intensivləşdirilməsi fonu problemli olaraq qalır.

Rusiya-Azərbaycan təmasları çərçivəsində ənənəvi mühüm məsələ Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. Layihə ilə bağlı müəyyən problemlər Tehran və Bakı arasında soyuqluq yaradır, lakin iki ölkə arasında münasibətlərin istiləşməsi ehtimalı da böyükdür. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında bu yaxınlarda baş tutan telefon danışığını, söhbət zamanı nəqliyyat və tranzit sektorunda əməkdaşlığın intensivləşdirilməsi məsələsinin xüsusi qeyd olunduğunu xatırlayın.

Moskvanın “Şimal-Cənub” BND-nin inkişafına marağı istənilən halda yüksək olaraq qalır. Bu sahənin Rusiyanın özündəki infrastruktur layihələrinin inkişafı ilə əlaqəsi nəzərə alınmalıdır. Hər halda, bu dəhlizin inkişaf perspektivləri gələn il Rusiya-Azərbaycan əməkdaşlığı üçün əlavə amillərdən birinə çevriləcək.


* Mixail Neyjmakov - Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyi analitik layihələrinin direktoru

Hazırladılar: Seymur Məmmədov, Nadir Quliyev



Teqlər:   Rusiya   Region  





Xəbər lenti