Qardaş köməyi: FHN-in çevik qüvvələri Türkiyəyə getdi

 Qardaş köməyi:  FHN-in çevik qüvvələri Türkiyəyə getdi
  06 Fevral 2023    Oxunub:833
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti