Yeni diasporlaşma dalğası: Trendi necə tutmalıyıq – Müsahibə + Video

      Yeni diasporlaşma dalğası:    Trendi necə tutmalıyıq –    Müsahibə + Video
  04 May 2023    Oxunub:9969
Diasporun formalaşması miqrasiya prosesinin nəticəsidir. Diaspora qədimdən var, günümüzdə isə proses daha da intensivləşib. Dünyada insan mobilliyinin artması nəticəsində milli icmalar və diasporlar formalaşır.
Diaspor məsələləri üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının sözlərinə görə, diaspor bir xalqın vahid orqanizmini təşkil edir. Əgər bu orqanizmə düzgün yanaşılırsa, düzgün ideologiya və strategiya qurulursa, o, uğurla iki ölkə arasında vasitəçilik missiyası həyata keçirəcək. Yəni yaşadığı cəmiyyətdə iştirakçı aktor kimi öz Vətəni ilə əlaqə yaradıb, onu təmsil edəcək.

Ekspert AzVision.az -a müsahibəsində vurğulayıb ki, diasporlar iki hissəyə bölünür: klassik və müasir diasporlar. Yəhudilərdən başlayan klassik diasporlara irlandlar, yunanlar, o cümlədən erməni diasporları daxildir. Onlar artıq diasporun başqa formasına qədəm qoyublar - lobbiçiliklə məşğuldurlar.


- Müasir diasporlara gəlincə, bunlar hələ təzə-təzə formalaşıblar və daha çox mədəni-sosial fəaliyyət göstərirlər. Əslində Azərbaycan diasporunu da müasir diaspor kimi götürməliyik. Çünki Azərbaycan icmalarının tarixi orta əsrlərə gedib çıxsa da, diasporun formalaşmasının əsası əslində Ulu Öndər Heydər Əliyevin imzası ilə 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının birinci Qurultayında qoyulub. Ona qədər azərbaycan icmaları təşkilatlanmış vahid ideologiya əsasında hərəkət etmirdilər. O vaxtdan indiyə qədər ideoloji və başqa sahələrdə bir sıra işlər görülüb. Əfsuslar olsun ki, iqtisadi səmərəlilik baxımından Azərbaycan diasporu ilə işlənilməyib.

Müasir çin, polyak, hətta bizə qardaş xalqlar olan qazax və qırğız disaporlarına investorlar kimi nəzər salsaq, bir qədər geridə qaldığımızı görərik. Məsələn, 2009-cu ildə Qırğızıstan hökuməti tərəfindən Rusiyada olan qırğız iş adamlarının və onların partnyorlarının böyük bir sərgi-görüşü keçirildi. Onların Qırğızıstana investisiya yatırmaları təşviq edildi. Qazaxıstanın 2005-ci ilə aid dövlət proqramında “Ol-orman” deyilən bir layihə var. Onlar həmin proqram çərçivəsində geriqayıtma və investisiyaların gətirilməsinə fokuslanmış layihə həyata keçirmişdilər. Azərbaycan diasporu bu gün inkişaf edir və yüksəlişə doğru addımlar atır, amma iqtisadi səmərəliliyi görə bilmirik.

- Bəs diasporlar öz tarixi vətənlərinin maraqlarına uyğun olaraq yaşadıqları dövlətin xarici siyasət kursuna təsir göstərə bilirlərmi? Bunun üçün hansı addımlar atılmalıdır?
- Birmənalı şəkildə demək olar ki, göstərirlər. Artıq dünya diasporlaşır. Müasir beynəlxalq münasibətlərə diasporun təsiri həm nəzəri, həm də praktik cəhətdən gündəmdədir. Cənab prezident dəfələrlə vurğulayıb ki, Fransa-Azərbaycan münasibətlərinə erməni diasporu təsir edir. Erməni lobbisi hər vəchlə çalışır ki, sülh müqaviləsinə gedilməsin, Cənubi Qafqazda “Sülh evi” platforması reallaşmasın.
Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib

Təkcə adını sadaladığımız dövlətlərdə belə deyil. Dünyada güc mərkəzlərindən biri sayılan ABŞ dövlətinin özü belə son illər qlobal diaspor forumları təşkil edir. 2012-ci ildə dövlət katibi Hillari Klinton səviyyəsində “Vətənə köməklə irəli gedək” şüarı altında suriyalı qaçqınlarla görüş keçirildi. Özü də təkcə Suriya icmalarını və diasporunu deyil, Amerikada olan bütün diasporları ora yığmışdı. Onlar çalışırlar ki, “yumşaq güc” ilə dövlətlərinə təsir etsinlər. Çünki diaspor ikili bədəndə təcəlla edir: Mənşə və təyinat dövləti var. Bu əslində elə həssas strateji sahədir ki, ondan çox incə istifadə etmək lazımdır. Çünki əks effekt də yarada bilər.

Bütün bu xüsuslardan belə bir nəticəyə gələ bilərik ki, diaspor artıq dünyanın yeni trendi, yəni qlobal fenomendir. Yeni dünya nizamı bərqərar olmayana qədər istər soyuq, istər qaynar hibrid müharibələr fonunda insanların mobilliyi nə qədər artacaqsa, diasporlaşma da o qədər genişlənəcək. Milli dövlətçilik, milli şüur üçün, o cümlədən də Azərbaycan kontekstində bizim tolerantlıq və multikulturalizm modelimizin fonunda bundan hər vəchlə istifadə etmək lazımdır.

- İqtisadi-siyasi nüfuz baxımından götürsək son 4-5 onillikdə hansı diasporlar böyük sıçrayışa nail olublar?
- İri korporasiyalar vasitəsi ilə öz dövlətlərinə sərmayələr gətirən Çin diasporunu, yapon brendlərinin xaricdə təşviqilə məşğul olan yapon diasporunu misal gətirə bilərəm. Əhalisinin sayına və dünyada yayılma arealına görə Polşa Avropanın nüfuzlu diasporları sırasındadır. Hətta rus dilinin yayılması və qorunub saxlanılması ilə məşğul olan müasir rus diasporunu göstərə bilərik. Elə Ukrayna diasporunu da. Bu gün Ukrayna-Rusiya müharibəsindəki mənzərənin yerli yerli xalqlara çatdırılmasında ukrayna diasporu çox ciddi çalışır; o cümlədən, humanitar yardımlarla bağlı marafonlar təşkil edir və müharibə gedən ölkəyə çox ciddi sərmayələr yönəldə bilir.

Hind diasporu çox ciddi inkişaf edir. O, erməni lobbisinin, diasporunun təcrübəsindən istifadə edərək bəzən onlarla müştərək layihələrə imza atır. Bu nöqtey-nəzərdən Azərbaycan diasporu da gərək köklərimiz bir olan türk, o cümlədən, qazax, qırğız, türkmən diasporlarının hamısı ilə əlaqə saxlasın. Hamısının iş adamlarının potensialını Azərbaycana yönəltsinlər. Ümumi bir həmrəylik platformasından çıxış edib, harada nə lazımdırsa, onu etməliyik. Ümumiyyətlə, diasporlar gərək əhatə dairələrini genişləndirsinlər. Yalnız mövcud olduqları ölkələrlə deyil, həmin ölkələrdə fəaliyyət göstrən beynəlxalq təşkilatlarla da əməkdaşlıq etsinlər, maliyyə institutları ilə görüşsünlər, onları tarixi vətənləri ilə münasibətlərə təşviq etsinlər.

- Qlobal miqyasda Azərbaycan diasporunun nüfuzunun və imkanlarının daha da artırılması və gücləndirilməsi üçün hansı addımlar atılmaıldır?
- Xaricdə yaşayan azərbaycanlı iş adamları ilə münasibətlər intensivləşməlidir. Konkret proqramlar, layihələr ortaya qoyulmalıdır. Ola bilər ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət səviyyəsində bir proqram ortaya qoyulsun və onlara güzəştlər tətbiq edilsin. Onlar Azərbaycana investor kimi gələ və rahat fəaliyyət göstərə bilsinlər. O cümlədən, onların partnyorlarından da bəhrələnmək lazımdır.

Qarabağın yenidən qurulmasında xaricdə olan azərbaycanlı iş adamlarına layihələr vermək lazımdır. Yaxın gələcəkdə azərbaycanlı iş adamlarının birliyi yaradılmalı, onların elə Qarabağda bir görüşü təşkil edilməlidir. Diasporunun qarşısına konkret layihələr qoyulmalıdır. Diaspor məhəllələri salınmalı və bu kimi başqa layihələr həyata keçirilməlidir. Marafonlar təşkil edilə bilər. Bizim 10 milyonluq diaspor potensialımız var. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı, Gürcüstandakı və Rusiyadakı aborigen azərbaycanlıları diaspor potensialına şamil etmirik. Marafonda 10 milyonun hərəsi 10 manat versə, çox ciddi bir rəqəm alınar. Burada söhbət bizim hansısa maddi ehtiyacımızın qarşılanmasından getmir. Bu, bizim mənəvi birliyimizi, həmrəyliyimizi nümayiş etdirməyimizdir. Şüurlu şəkildə diaspor fəaliyyəti ilə məşğul olmağımız deməkdir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Diaspor  





Xəbər lenti