“Erməni revanşizmi kənardan qızışdırılır” – Qazaxıstandan rəy

   “Erməni revanşizmi kənardan qızışdırılır” –    Qazaxıstandan rəy
  22 May 2023    Oxunub:2051
Fransanın Ermənistan ilə hərbi əməkdaşlığı sıxlaşmaqdadır. Parisin İrəvandakı səfirliyinə yeni hərbi attaşe təyin etməsinin ardınca ermənilərə fransız uçuş aparatlarının veriləcəyi haqda məlumatlar da peyda oldu. Təbii ki, kadr təyinatları hər bir dövlətin daxili işidir, lakin Ermənistanın Fransa kimi böyük Avropa ölkəsi və NATO üzvü ilə hərbi-siyasi əməkdaşlığı Azərbaycanı ciddi düşünməyə vadar edir.
Qazaxıstan MUIT ASC Media Kommunikasiyası və Tarixi kafedrasının professoru Saken Mukan AzVision.az -a bildirib ki, hazırda geosiyasi arenada yaranmış vəziyyətlə bağlı rəsmi İrəvan getdikcə daha çox “Rusiyadankənar dəstəyə” əl atır və dəfələrlə bəyan edib ki, KTMT üzvləri arasında hərbi-siyasi həmrəylik yoxdur. Ermənistanla Fransa arasında ənənəvi isti münasibətlər İrəvana indiki məqamdan istifadə etmək imkanı verir, xüsusən də rəsmi Paris bu gün Rusiyanın mövqelərinin Ermənistanın milli maraqlarına kifayət qədər aydın şəkildə cavab vermədiyi məqamdan istifadə etməyə meyllidir.

Ekspert xatırladıb ki, Azərbaycan Fransanın və erməni lobbisinin guya Qarabağda sülhün bərpası və bütövlükdə Cənubi Qafqazda uzunmüddətli inteqrasiya prosesləri ilə bağlı təxribat xarakterli əməlləri ilə bağlı açıq narazılığını dəfələrlə ifadə edib.

“Mən düşünmürəm ki, rəsmi Bakı vəziyyəti sadəcə müşahidə edərək, əllərini yanına salıb sakit oturacaq. O lazım olan bütün siyasi və diplomatik tədbirləri görərək, mövqelərini gücləndirəcək. Ümumiyyətlə, İrəvanın revanşist əhval-ruhiyyəsi mütəmadi olaraq kənardan qızışdırılır, ancaq informasiya hücumu istisna olmaqla uğursuz başa çatır. Rusiya rəsmilərinin reaksiyası, şübhəsiz, Fransanın xeyrinə olmayacaq və yaxın gələcəkdə Rusiya Federasiyası ilə Ermənistan arasında müttəfiqliyə əsaslanan hərbi-strateji əməkdaşlıq şübhə altına düşə bilər”,- Saken Mukan əlavə edib.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Ermənistan   Fransa  





Xəbər lenti