İsrail vs İran: Kəşfiyyatların qarşıdurması | DOSYE

     İsrail vs İran:    Kəşfiyyatların qarşıdurması |  DOSYE
  29 Sentyabr 2023    Oxunub:2304
İranın İsraildəki casus şəbəkəsinin 5 üzvünün həbs olunması iki ölkə arasında kəşfiyyat müharibəsinin qızışdığını göstərir. Ən gəncinin 18, ən böyüyünün isə 47 yaşı olan casuslardan birincisi bu ilin may ayında İordaniyada bir İran vətəndaşı tərəfindən işə götürülüb. Şəbəkə üzvlərinin qarşısında İordaniyadan İsrailə qaçaqmal yolu ilə silah keçirmək, təxribatlar təşkil etmək, siyasi və dövlət xadimlərinə qarşı sui-qəsd hazırlamaq məqsədilə kəşfiyyat məlumatları toplamaq vəzifələri qoyulub.
İsrailin Daxili Təhlükəsizlik naziri Ben Qvir, habelə Knessetin sabiq deputatı Yehuda Qlik haqqında məlumat toplamaq üçün casuslar xüsusi təlim keçiblər. Bu əməllər üçün şəbəkə üzvlərinə proqressiv şkala üzrə “qonoror”lar preyskurantı da nəzərdə tutulub. Məsələn, avtomobillərin yandırılmasına görə 5 min, keçmiş deputatın həyatına qəsd üçün 500 min dollar həcmində “mükafat” vəd edilib.


Həmin “mükafatlar”ın qarşılığında İran casusları İsrailin şimalındakı Hayfa şəhərində yalnız üç avtomobili yandıra biliblər. Amma sifarişlərin verilməsində və pul köçürmə zəncirində iştirak edənlər pulları mənimsəməyə çalışdığından, birbaşa icraçılar həmin vəsaiti ala bilməyiblər.

Tarixi fon

Əslində 1940-cı illərdən İranla İsrail arasında davam edən açıq və ya pərdəarxası mübarizə fonunda bu hadisə heç də təəccüblü deyil. Həmin dövrdə Tehran Fələstinin bölünməsinə və yeni yaradılan İsrail dövlətinin BMT-yə qəbuluna qarşı çıxırdı. Münasibətlər ötən əsrin 90-cı illərində yenidən kəsknləşdi. İsrailin ərəb dövlətləri ilə dinc əlaqələrinin yaradılması fonunda İran nüvə proqramı sahəsində fəallaşdı. O vaxtdan Təl-Əviv İranın dəstəklədiyi HƏMAS qruplaşması və Livandakı şiə “Hizbulla” hərəkatı, Tehran isə “Cundalla” sünni təşkilatı və solçu radikal “İran xalqının mücdəhidləri” ilə mübarizə aparır. Bu qarşıdurmada hər iki ölkənin kəşfiyyat qurumlarının həyata keçirdirkləri əməliyyatlar xüsusi əhəmiyyət kəsb edir.

Atom fizikası dəqiq elmdir

Son illərdə İsrail kəşfiyyatının ən uğurlu əməliyyatlarından biri 2020-ci il noyabrın 27-də İranın məşhur atom fiziki Möhsün Fəxrizadın Tehranın 70 kilometrliyində məhv edilməsidir. İsrail bu hadisədə iştirakını dərhal etiraf etməsə də, həmin əməliyyatı yalnız fövqəlmüasir yüksək texnologiyalara malik xüsusi xidmət orqanlarının həyata keçirməyə qadir olduğunu vurğulayan Tehran “Mossad” ilə CİA-nın (ABŞ-nin Mərkəzi Kəşfiyyat idarəsi) adını hallandırdı. Sonradan bəzi mənbələr “Mossad”ın heç bir dəsək almadan bu əməliyyatı təkbaşına həyata keçirdiyi barədə iddialar irəli sürdülər. Hələ 2018-ci ilin yanvarında İsrailin xüsusi xidmət orqanları İranın nüvə sahəsində gördüyü işlərlə bağlı sənədləri ələ keçirmişdilər. Həmin sənədlərdən məlum olmuşdu ki, Fəxrizad İranın nüvə proqramında xüsusi rola malikdir, siyasi rəhbərliyə çıxışı, hakimiyyət aparatında təsir gücü, hərbi və akademik dairələrdə nüfuzu var. Fəxrizad kadrlar və maliyyə məsələləri də daxil olmaqla, nüvə proqramına ümumi rəhbərliklə yanaşı, bu proqramı pərdələmək üçün ikili mahiyyət daşıyan layihələri də idarə edirdi.


Həmin vaxt Fəxrizadı əvəz edə biləcək kadrın olmadığını nəzərə alan “Mossad” 2020-ci ili martında onun aradan götürülməsinə qərar verir. Əməliyyatın uğurla keçirilməsi üçün 8 ay ərzində İrandakı daxili casus şəbəkəsi vasitəsilə İsrail kəşfiyyatı Fəxrizadın özü və ətrafı, gündəlik hərəkət marşrutları barədə məlumatlar toplayır. Alimin öldürülməsində məsafədən idarə edilən mürəkkəb cihazdan istifadə olunur. Əksər mütəxəssislər bu cihazın İsraildən İrana bir neçə ay ərzində hissə-hissə gətirilərək, orada yığıldığını iddia edirlər. Sui-qəsd zamanı Fəxrizadın olduğu maşına atılan güllələrdən 13-ü alimə dəysə də, onun yanında əyləşən həyat yoldaşına xəsarət toxunmamışdı.

“Mossad”ın uğurları

İsrailin xüsusi xidmət orqanları Fəxrizadın ölümünün İranın nüvə silahı istehsalı sahəsində apadığı işləri 5 il yubatdığını iddia edirlər. Bəzi qiymətləndirmələrə görə, yubanma cəmi iki il çəkib. Lakin ortadakı faktlar Təl-Əvivn bundan sonra da hərbi nüvə proqramı ilə məşğul olan iranlı mütəxəssislərə və nüvə obyektlərinə qarşı diversiyalar həyata keçirməyə davam edəcəyini sübuta yetirir. Fəxrizadənin qətlindən əvvəl Tehran Natanzdakı nüvə qurğusunda baş verən yanğının və digər analoji obyektlərdəki diversiyaların məhz İsrailin “əl işi” olduğunu iddia edib.


Bəzi mənbələr bu il yanvarın sonlarında İranın İshafanda yerləşən hərbi zavoduna PUA-larla endirilən zərbələrdə İsrailin əlinin olduğunu iddia etsələr də, Tehran bu hadisəni “uğursuz hücum” adlandıraraq, məsuliyyəti konkret dövlətin üzərinə qoymaqdan çəkindi. Bununla belə, layiqli cavab veriləcəyini açıqladı. Maraqlıdır ki, zərbələrin endirilməsindən bir neçə saat əvvəl İsrailin baş naziri Benyamin Netanyahu terrorçuluqla mübarizədə “ölkənin bu gecə bir neçə addım atacağını” bildirmişdi. Onun bu bəyanatı yanvarın 28-də və 29-da Yerusəlimdə bir kişinin sinaqoqa gələnləri atəşə tutmasına və 13 yaşlı fələstinli uşağın yoldan keçənlərə atəş açmasına reaksiya idi. “Arab48” nəşrinin yaydığı məlumata görə, HƏMAS təşkilatı bu terror aktlarını İsrailin hüquq-mühafizə orqanlarının yanvarın 26-da Cenin əyalətində apardıqları xüsusi əməliyyata cavab adlandırmışdı.

“Mossad”ın birbaşa İran ərazisində həyata keçirdiyi uğurlu əməliyyatlardan biri də bu ilin iyununda Kiprdə İsrail vətəndaşlarına qarşı terror aktı hazırlayan mərkəzin rəhbəri Yusif Şahbazi-Abbasəlilini oğurlayaraq, İsrailə gətirməsidir. İsrailin xüsusi xidmət orqanları tərəfindən dindirilmə prosesində Yusif Şahbazi onun kuratorunun özünü SEPAH-ın Xarici Kəşfiyyat şöbəsinin əməkdaşı kimi təqdim edən Həsən Şüştərizadə olduğunu bildirdi.


Bu qalmaqaldan sonra SEPAH-ın Kəşfiyyat idarəsi “Mossad”ı İranın Müdafiə nazirliyinin obyektlərində təxribat hazırlamaqda suçladı. Bundan bir qədər əvvəl isə İsrailin baş naziri Benyamin Netanyahu İsraildə silsilə terror aktlarının təşkilinin arxasında İranın dayandığını və günahkarların tapılıb cəzalandırılması üçün hökumətin hər şeyi etdiyini açıqlamışdı.

Hər yer “Kərbəla”

Kipr əməliyyatını həyata keçirərkən “Mossad” Ankaraya Türkiyə ərazisindəki iranlı casusların faəliyyəti barədə məlumat ötürmüşdü. Belə ki, həmin terrorçu qrupunun məhz Şimali Kipr respublkasından Kiprə keçdiyi müəyyən olunmuşdu.

Bu hadisələrə qədər, 2020-ci il noyabr ayının birinci dekadasında “Mossad” ən azı 3 Afrika ölkəsində—Tanzaniya, Seneqal və Qanada İranın israilli turistlərə və biznesmenlərə qarşı hazırladığı hücumları neytrallaşdırdığını bəyan etmişdi. İsrailin 12-ci kanalının bununla bağlı yayımladığı xəbərdə Afrika ölkələrinin pasportunu daşıyan 5 şübhəli şəxsin saxlanıldığı bildirilmişdi.


İsrail kəşfiyyatı İranın xüsusi xidmət orqanları ilə mübarizədə qarşı tərəfə dolayı zərbələr endirmək taktikasından da məharətlə istifadə edir. Məsələn, ötən ilin oktyabrında Təl-Əviv Kiyevə Rusiyanın istifadə etdiyi “Şahed-136” zərbə PUA-ları ilə bağlı kəşfiyyat məlumatları ötürdü.

İran kəşfiyyatının cavabları

Sözsüz ki, İsrailin xüsusi xidmət orqanları ilə qarşıdurmada İran kəşfiyyatı da “borclu” qalmamağa çalışır. Zaman-zaman Tehran İran ərazisində “Mossad”ın casuslarının ifşa olunduğunu açıqlayır. Məsələn, keçən ilin aprel-may aylarında SEPAH İsrailin xüsusi xidmət orqanlarının tapşırığı ilə İranda insanların oğurlanması və saxta ifadələrin alınması ilə məşğul olan casusların saxlanıldığını bəyan etdi. Bundan başqa, Əfqanıstan və Pakistanla sərhəddə, Sistan və Bəlucistan əyalətində İsrailə məxfi məlumatlar ötürən “Mossad”ın 3 casusunun tutulduğu bildirildi.

Keçən il iyul ayının sonlarında isə İran hakimiyyəti “Mossad”ın 5 casusunun saxlanıldığını açıqladı. “İRNA” agentliyi saxlanılanların əvvəllər muzdlu olduqları, sonradan isə Təl-Əvivin tapşırığı ilə İsrailin xüsusi xidmət orqanları üçün kəşfiyyat məlumatları topladığı barədə məlumat yaydı. İsrailin maliyyələşdirdiyi bu casusların İraqın Şimalından İrana keçdikləri və təxribatlar törətmək üçün xüsusi hazırlandıqları açıqlandı.

Kim daha peşəkardır?

İsrail və İranın xüsusi xidmət orqanları arasında gedən qarşıdurma böyük ehtimalla, hələ xeyli davam edəcək. Bu mübarizədə İsrailin xüsusi xidmət orqanlarının İran kəşfiyyatını peşəkarlıq baxımından bir neçə dəfə üstələdiyi açıq nəzərə çarpır. Ən əsası isə, İsrail kəşfiyyatının həyata keçirdiyi tədbirlər daha çox əks tərəfin hərbi obyektlərinə və hərbi-nüvə məsələləri ilə bağlı mütəxəssislərinə qarşı yönəldiyi halda, İran daha çox dinc israilliləri, turistləri və biznesmenləri hədəfə alır.


Doğrudur, sonuncu casus qalmaqalında İsrailin Daxili Təhlükəsizlik naziri İtamar Ben Qvirə və Knessetin keçmiş üzvü Yehuda Qlikə sui-qəsd hazırlandığı iddia edilsə də, İsrail kəşfiyyatının qabaqlayıcı addımları iranlı rəqiblərinin bu cəhdini puça çıxardı. Amma Möhsün Fəxrizadın qisasını almaq üçün İranın yeni plan hazırlayacağı heç də istisna deyil.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti