İŞİD-in arxasında və qarşısında dayananlar – TƏHLİL

  13 İyun 2014    Oxunub : 766
İŞİD-in arxasında və qarşısında dayananlar – TƏHLİL

İraqda və Suriyada baş verən son proseslər Yaxın Şərqdə yeni bir ssenarinin işə düşdüyünü ortaya qoydu. İraq-Şam İslam Dövləti (İŞİD) həyata keçirdiyi əməliyyatlarla bölgədə baş verən siyasi proseslərə yeni istiqamət verdi. Türkiyə konsulluğuna basqın və girovların götürülməsi, Tikrit, Mosul, hətta bəzi məlumatlara görə Samirə şəhərinin də qruplaşmaya bağlı silahlılar tərəfindən nəzarətə götürülməsi, Bağdadın 100 kilometrliyinə qədər irəliləmə, Kərkük və Kərbəlanın əsas hədəf kimi göstərilməsi, bölgədə iştirakçı olan bütün dövlətləri hərəkətə keçmək məcburiyyətində qoydu.

Açıqlamalar və münasibətlərdəki müxtəliflik...


Türkiyə baş verənlərlə əlaqədar beynəlxalq qüvvələrlə diplomatik danışıqlara start verməklə yanaşı, bir nömrəli hərbi hazırlıq elan etdi.

NATO-nun baş katibi Andres Rasmussen olanları qlnadıqlarını bildirməklə yanaşı, “NATO-nun İraqda bir rolu olduğunu düşünmədiyini” açıqladı. Bu? əslində Qərbin rəsmi mövqeyi demək idi.

Lakin onlardan fəqrli olaraq, Suriyaİran Maliki iqtidarına dəstək verməyə hazır olduqlarını bildirdilər. İran prezidenti Həsən Ruhani İraqın Mosul və Tiqrit şəhərlərini işğal edən İraq-Şam islam dövləti (İŞİD) təşkilatını “vəhşicəsinə hərəkət edən terror təşkilatı” adlandıraraq, rəsmi xəbərlərə görə, Mosul və Tiqrit şəhərlərinin işğalından sonra bölgəyə 150 nəfərdən ibarət inqilab mühafizləri dəstəsini göndərdi.

İrana bağlı olan və Livanı nəzarəti altında tutan Hizbullah da olanlarla razılaşmayacaqlarını və savaşmağa hazır olduqlarını bildiribər.

Seçkilərdən sonra hələ də hökumətini qura bilməyən baş nazir Nuri əl-Maliki isə BMT, Avropa Birliyi və Ərəb Birliyinə müraciət edərək “terrorla mübarizə” məqsədi ilə onlara dəstək olmalarını xahiş etdi. Onun hətta ordudan ümidini kəsərək əşirətlərə silah paylanması ilə bağlı göstəriş verdiyi də bildirilir. İraqın keçmiş prezident müşaviri Tarık Haşimi isə, baş verənlərdə Maliki iqtidarını günahlandırdı.

Ortada olan fakta – yani İŞİD-ə yanaşmada ən maraqlı məqam isə Suriya və Türkiyənin qarşılıqlı şəkildə biri-birilərini İŞİD-ə əməkdaşlıq etməkdə günahlandırmalarıdır. Məsələn, Ankara İŞİD-in Suriyadakı müxaliflərin (yəni Türkiyənin də dəstəklədiyi Suriya Azadlıq Ordusu) əlindən aldığı bölgələrin (məsələn, Lazkiya, Hələb, Rakka) bir gün sonra Əsəd rejiminə bağlı qüvvələr tərəfindən ələ keçirilməsini əsas gətirir. Əsəd rejimi isə əksinə, Ankaranın İŞİD-i rəsmən hələ də terror təşkilatı kimi tanımadığına, eyni zamanda, AKP iqtidarının Yaxın Şərqdə baş verən bir çox proseslərə məzhəbli (ənənəvi sünni) baxışdan yanaşmalarına diqqət çəkir.

Yani ortada olan mənzərə hələlik rəsmi münasibətlərdən və hətta qarşılıqlı şəkildə tərəflərdən hansının öncə addım atacağını və nə edəcəyini gözləməkdən ibarətdir. İŞİD isə artıq Bağdada doğru irəliləyir...

İŞİD-in rəsmi şəkildə elan etdiyi hədəflər barədə söhbət açmaq istəmirik. Bu barədə zatən kifayət qədər yazılıb. Bizi maraqlandıran baş verənləri nəticə olaraq ortaya qoyan səbəblərdir ki, onların üzərində durmaq istərdik. Əslində bu gün fakt kimi ortaya çıxan mənzərənin çox ciddi səbəbləri var...

Səbəb 1: İraq

İlk növbədə qeyd etmək lazımdır ki, sünni-ərəblərin üstünlük təşkil etdiyi İraq bölgələrində İŞİD-in hər hansı bir ciddi müqavimət olmadan hakimiyyəti ələ keçirmələrinin başlıca səbəbi xalqın Maliki iqtidarına qarşı olmaları kimi dəyərləndirilə bilər. Təbii ki, bunun da öz səbəbləri mövcuddur. İlk növbədə Malikinin, yuxarıda da qeyd etdiyimiz kimi, hələ də sabit və vahid bir komanda şəklində ölkəni idarə edə biləcək iqtidar qura bilməməsini vurğulamaq lazımdır.

Diqqət edək: Baş nazir hökumətini qurmağa çalışdığı bir zamanda daxildə ciddi müxalifətlə üz-üzədir. Son seçkilərdən əvvəl İŞİD-in Anbar bölgəsini əlində tutması və eləcə də Ramadi ilə Fellucə bölgələrinə ciddi nüfuz edə bilmələri əslində çox şeydən xəbər verir. Seçkilərdən sonra isə İŞİD-in aşırı dərəcədə fəallaşması, Mosula girdiyi zaman isə ordu və polisin müqavimət göstərmədən şəhəri tərk etmələri də diqqət çəkən məqamdır. Yəni bu, Malikiyə qarşı bir etiraz kimi də qiymətləndirilə bilər.

Digər tərəfdən Malikinin məzhəbsəl davranaraq İranla lazım olduğundan daha artıq yaxın olması da sünni çoxluğu razı sala bilməz.

Üçüncü və digər səbəb kimi İraqın şimalının kürdlərin nəzarəti altına keçməsi ilə izah etmək olar. Bu ərazilər yanacaq, əsasən neft yataqları ilə zəngindir və maraqların toqquşması bu səbəbdən təbii qarşılana bilər. Vurğulamaq lazımdır ki, Mosul və Kərkük məsələsi Maliki iqtidarı ilə yerli kürd idarəçiliyi arasında başlıca narazılıq predmetidir. Sirr deyil ki, rəsmi Bağdadla İraqın şimalındakı kürd yönətimi arasında ciddi fikir ayrılıqları və soyuqluq var. Və bunun əsas səbəblərində biri də Türkiyənin Bağdadın başının üstündən şimalla yanacaq ehtiyatlarının istismarı və daşınması ilə bağlı birbaşa danışıqlara getməsidir.

Bir məqamı vurğulamaq yerinə düşərdi: Türkiyə konsulluğuna hücum və girvoların götürülməsi ilə Mosulun zəbti paralel getdi. İndilikdə İŞİD-in əməliyyatları əslində yaxın gələcəkdə Ərəb- Kürd savaşına yol aça bilər. Vurğulamaq istərdik ki, ordunun və polisin Mosulu müqavimət göstərmədən tərk etmələrinin başqa səbəbi də məhz, Malikinin kürdləri İŞİD faktı ilə üz-üzə qoyması ilə də əlaqədar ola bilər.

Hazırda baş verənlər kürdlərlə İŞİD-i üz-üzə qoyur ki, həmin bölgədə bir o qədər nüfuz sahibi olmayan Maliki üçün bu əlavə manevr imkanları qazandıra bilər. Əgər Maliki nüfuz edə bilmədiyi Tuzhurmatu, Anbar və Mosul bölgələrində gücünü səfərbər edərək hakimiyyətini təsdiq etməyi bacarsa İraqda hamə tərəfindən qəbul edilə biləcək bir lider kimi ortaya çıxa bilər.

Səbəb 2: məzhəb qarşıdurması...

1990-cı ildə rəsmən elan edilən “yeni dünya düzəni” projesi, 2003-cü ildəki II Körfəz Savaşı ilə dəyişik bir şəkil aldı. ABŞ-ın İraqı işğal etməsi ilə, 2005-ci Anayasasında da bildirildiyi kimi, “İslami, federal, demokratik bir İraq” ortaya çıxmalı idi. Bu zaman bütün diqqət Kürdistan Muxtariyyətini formalaşdırmağa yönələrkən, digər bölgələrin inkişafı zamanın öhdəsinə buraxılırdı. Yeni iqtidarla şiə ərəb-sünni kürd koalisiyası qurularkən, ist’r Osmanlı zamanında, istər Britaniya idarəçiliyi, istərsə də krallıq və Baas dövrlərində siyasi elitanı təşkil edən sünni ərəblər siyasi proseslərdən kənarda saxlanılırdılar. Məhz bu faktor sonralar Əl-Qaidə və vəhabi-sələfi radikal qruplaşmaları üçün münbit bölgə olan Tikrit-Ramadi-Fellucə “sünni üçbucağı”nı formalaşdırmış oldu.

Ərəblərdə məzhəb fərqliliyi istər sosial, istərsə də siyasi sferada önəmli və prinsipial əhəmiyyət daşımaqdadır, baxmayaraq ki, XXI əsrdir və İslam dünyası Yaxın Şərqin timsalında hələ bu qədər zəif və acınacaqlı duruma düşməyib. Və hazırda ərəb dünyası sünni-şiə qarşıdurması adı ilə ortaya çıxa biləcək qanlı iç savaşla üz-üzədir.

Belə ki, İŞİD-in radikal təkfirçi qüvvə və terror fəaliyətində olmasına rəğmən özünü məhz bu gün sünni ərəblərin hərbi və siyasi gücü kimi təqdim edir, bununla da nə zamansa “Baas”ı dəstəkləmiş olan aktiv İraqSuriya sünni ərəblərin dəstəyini qazanır. Bu isə öz növbəsində məzhəb savaşını qaçılmaz edir. Ələlxüss İranSuriya faktoru səbəbi ilə. Sünni ərəblərin Bağdad-Şam-Tehran ittifaqına qarşı olduqları bilinən həqiqətdir. Hazırda sünni ərəblər özlərini təcrid olunmuş hiss edirlər. Onlar İraqda siyasi sistemin içində yer almırlar, Suriyada isə kütləvi şəkildə şiddətə məriz qalır, qırılırlar. Bu faktorlar narazılığı artırır və İŞİD-dən bir xilaskar olbrazı yaradır, bu yanaşma nə qədər yanləş olsa belə. İŞİD isə, onların təmsilçisi kimi çıxış etmək səlahiyyətini həvəslə öz üzərinə götürmüş olur.

Səbəb 3: Ərəb rəqabəti

İlk növbədə ərəb rəqabəti barədə. Yaxın Şərqdə baş verən proseslər aparıcı ərəb ölkələrinin də biri-biriləri ilə rəqabəti və bölgədə dəstəkləri qruplaşmaların qarşıdurmaları baxımından şzünəməxsus rəng alır. Bu əsasən məlum “ərəb baharı” hadisələrindən sonra açıq müstəviyə keçdi və ilk dəfə Səudiyyə Ərərbistanı-Qatar timsalında özünü Misirdə göstərdi. Burda bir vacib məqamı vurğuamaq istərdik. Aparıcı ərəb ölkələri oyunu quran qüvvə olaraq Qərbi (yəni, ABŞ-ı) birmənalı şəkildə bölgəyə nüfuz edən güc olaraq qəbul etsələr də, digər aktyorların məsələn, Türkiyə (Osmanlıya ümumərəb antipatiyası səbəbi ilə) və İranın (şiə məzhəbi faktoru səbəbi ilə) aktivliyini həzm edə bilmirlər. Bu səbəbdən lazım olan anda qurduqları oyunu koordinasiya etdikləri kimi (məsələn, Suriyada Əsədə qarşı olduğu kimi) öz aralarındakı rəqabəti də unutmurlar (məsələn, Misirdə baş verdiyi kimi).

İŞİD `Əl-Qaidə`nin şinelindən çıxan bir qüvvə olsa da, ikincilərin Suriya cəbhəsində aktiv quplaşması olan ən-Nusra ilə rəqibdirlər. Səudiyyə Ərəbistanı isə, əsas müttəfiqi olan ABŞ-ın bu qruplaşmaları heç birini həzm etmədiyi halda, digər ərəb ölkələrinə, o cümlədən öz varlığına təhdid təşkil edən qruplaşmalar və islami siyasi birliklərə qarşı bu qüvvələri dəstəkləməkdədir. Məsələn, Misirdə Qatarın arxasında durduğu və bütün ərəb dünyası üçün ciddi siyasi güc olaraq ortaya çıxa biləcək “İxvanül Müslimin”ə qarşı Səudiyyə Ərəbistanının sələfi gücləri irəli çəkdiyini yadımıza salaq. Xatırladırıq ki, məhz sələfi qüvvələrlə ixvançıların münasibətləri pozulduqdan sonra Sisinin Misir iqtidarına yolu açıldı və bu gün o, artıq həmin ölkənin prezidentidir.

Maraqlar tələb edir ki, Səudiyyə Ərəbistanı İran və Livana qarşı qeyri-rəsmi olsa da Suriyada Ən-Nusra qruplaşmasını dəstəkləsin. Görünür eyni maraqlar İraqda da “nusra”ya rəqib İŞİD-a dəstək verməyi tələb edir. Hazırda İraqda baş verən dramatik hadisələrdən düz 5 ay əvvəl orada saxlanılan bir İŞİD döyüşçüsünün dindirmələr zamanı söylədikləri maraq doğurmaya bilmir. O, hələ o zaman ifadəsində göstərirdi ki, Səudiyyə Ərəbistanı İŞİD-a İraqa hücumlar təşkil etməsi üçün 150 milyon dollar və silah dəstəyi verib.

Səudların Wikileaks sənədlərinə görə radikal qüvvələri İrana qarşı silahlandırdığı və eləcə də Maliki və Əsəd rejimini özlərinə qarşı təhdid olaraq gördükləri bilinən həqiqətdir. İŞİD eyni zamanda İraqda və Suriyada maraqları olan əzəli və ciddi rəqib Qatar üçün də təzyiq elementidir. “İxvan”ın ağır məğlubiyyətindən sonra Qatar dəstəklədiyi siyasi qüvvələr baxımından istər ərəb dünyasında, istərsə də Misirdə ciddi itkiyə məruz qalsa da, Azad Suriya Ordusu və xüsusilə “İslami Cəphə” adlı qruplaşmalar birliyinin tərkibində çıxış edən “Tevhit Tuğayları” üzərində ciddi nüfuzu var.

Səbəb 4: Türkiyə və İran...

İŞİD-in birdən birə bu cür hər iki cəbhə üzrə - həm Suriya, həm də İraq – hücuma keçməsi fonunda baş verən proseslərə nəzər yetirdikdə, mənzərə tam olaraq göz önündə canlanmış olur: Əsədin özünü prezident seçdirməsindən ardınca, İran prezidenti Ruhaninin Türkiyəyə səfəri, bununla paralel olaraq qərbi Rusiyanın qaz asılılığından qurtarmaq üçün yeni alternativ yollarla bağlı müzakirələrin aparılması, Türkiyənin artıq nə zamandır ki, Maliki iqtidarına məhəl qoymadan şimaldakı kürd yönətimi ilə birbaşa danışıqlara gedərək orada yerləşən yataqlarla bağlı razılaşmalara nail olması, gündəmə ehtimal olunan “Ankara-Tehran-Şimali İraq” razılaşması ilə bağlı ehtimalların oturması...

Əslində bütün bu faktorlar əsas hədəf kimi Türkiyə konsulluğu və Mosulun seçilməsinin səbəblərinə aydınlıq gətirə biləcək gücdə qəbul edilə bilər. Malikinin təmkinli davranışının bir səbəbi kimi də məhz, bu yaxınlaşmanı həzm edə bilməməsi götürülə bilər. Bir növ, “müttəfiqiniz Ankaradırsa, qoy, o da kömək etsin” anlamını verən bir davranış ortaya qoyulur.

Qərbin də baş verənləri sadəcə qınamasının kökündə məhz Türkiyənin yanacaq məsələsi ilə bağlı son dövrlərdə ciddi aktivlik göstərməsi hesab olunmalıdır. Qərb eyni zamanda, Maliki iqtidarına da göz dağı verir. İranla yaxınlaşma və hətta az qala siyasi ittifaqa girməyi okeanın o tayında bağışlaya bilməzdilər. Türkiyənin İranla yaxınlaşması, ard-arda düzənlənən səfərlər və İraqın Şimalında yanacaqla bağlı Türkiyənin əldə etdiyi dividendlər, Qərbin hesabları ilə üst-üstə düşmür. Qərb eyni zamanda Ankaranın Əsəd rejimi ilə mübarizədə bəzi İslami silahlı qruplaşmaların fəaliyyətinə göz yumduğunu və hətta onları bəzən altdan dəstəklədiyini də bağışlamaq istəmir.

Məsələn, bu günlərdə məşhur “Economist” dərgisinin İŞİD-in İraqdakı irəliləməsini “Zamanında Türkiyənin Bəşər Əsədə qarşı olduğu üçün keçən ilə qədər qruplaşmanın aktiv fəaliyyətinə göz yumması” ilə əlaqələndirməsinə diqqət çəkmək kifayətdir. Rasmussenin yuxarıda təqdim etdiyimiz mövqeyi də, faktiki olaraq Türkiyəni yeni bir Yaxın Şərq macərası ilə üz-üzə qoymaq mənasını daşıyır. Lakin Türkiyənin hazırda Şimali İraqa girməsi, bir tərəfdən həmin ərazilərdə və tarixi türk torpaqlarında öz gücünü ortaya qoyması kimi qiymətləndirmək mümkünsə, digər tərəfdən ağır və istər iqtisadi, istərsə də siyasi nöqteyi nəzərdən potensialının böyük hissəsini sovuracaq bataqlığa saplana bilər. Nəticədə sürətlə “Əfqanıstanlaşan” Suriya-İraq bölgəsi, Türkiyənin “Pakistanlaşması” ilə nəticələnə bilər.

Əslində baş verənlərə yanaşma fərqliliklərini nəzərdən keçirtdiyimiz və maraqların kəsişmə nöqtələrinə diqqət etdiyimiz zaman çox gülünc bir mənzərə ilə qarşılaşmış oluruq. Bölgədə iştirakçı olan və marağı olan bütün qüvvələr İŞİD faktoru ilə biri-birilərini fakt qarşısında qoyduqlarını, bir növ göz dağı verdiklərini düşünürlər.

Vüqar Zifəroğlu
AzVision.az üçün

Teqlər: