Ailə üzvlərini öldürən Əhmədin istintaqı yekunlaşıb

   Ailə üzvlərini öldürən Əhmədin istintaqı yekunlaşıb
  12 İyun 2024    Oxunub:941
Cari il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində Xətai Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədovu, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədovanı, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyevanı və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti