Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların vəziyyəti açıqlandı

   Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların    vəziyyəti açıqlandı
  17 İyun 2024    Oxunub:947
İyunun 15-i saat 18:30-da Qəbələ Dəmir Yolu Vağzalının qarşısında yol qəzasında xəsarət alan xarici vətəndaşların son durumu açıqlanıb.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə yol-qəza hadisəsi nəticəsində 5 (hər biri qadın cinsli) xarici vətəndaş xəsarət alıb.

Qeyd olunub ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb. Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxsə açıq kəllə-beyin travması, beyindaxili qansızma, subtural hemafoma, soltərəfli pnevmohemotoraks, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik-ağır olaraq qiymətləndirilir.

Bildirilib ki, 1968-ci il təvəllüdlü şəxsə sağ dirsək və sol diz nahiyələrinin sıyrıqları, 1998-ci il təvəllüdlü şəxsə sol çiyin qurşağı əzilməsi, sol alın dərialtı hemafoma, 2002-ci il təvəllüdlü şəxsə isə sol alın nahiyyəsinin səthi travması diaqnozu təyin olunub, vəziyyətləri orta-kafi olaraq qiymətləndirilən şəxslərin hər birinə Təcili tibbi yardım şöbəsində zəruri instrumental-diaqnostik müayinələr təyin olunub və tibbi xidmətlər göstərilib. Artıq ambulator müalicə üçün evə buraxılıblar.



Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının nəzarəti altında iyunun 16-sı saat 11:00 radələrində Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub.

Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib. Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin hemodinamik göstəricilərini nəzarətdə saxlayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti