Sumqayıtda avtobuslarda kondisioner niyə işləmir? - Açıqlama

 Sumqayıtda avtobuslarda kondisioner niyə işləmir? -  Açıqlama
  20 İyun 2024    Oxunub:872
Hər il olduğu kimi bu yay da avtobuslarda kondisionerin işləməməsi problemi gündəmə gəlib. İctimai nəqliyyatda sərinlədicilərin mütəmadi olaraq texniki baxışdan keçirildiyi bildirilsə də, hələ də məsələ öz həllini tapmayıb. Belə ki, Sumqayıt şəhərində fəaliyyət göstərən avtobuslarda kondisoner olsa da, işlək vəziyyətdə deyil. Sərnişinlər haqlı olaraq bu barədə öz narazılıqlarını bildirirlər. Amma onların şikayətinə məhəl qoyan yoxdur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov AzVision.az bildirib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür:

“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır".

Qurum rəsmisi qeyd edib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib.

"Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Məsələ nəzarətə götürülüb”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Kondisoner   Sumqayıt  





Xəbər lenti