Qasım Səfəroğlunun qızı: “Atam “Yuxu”-nun ssenarisini 28 günə yazıb” - FOTOLAR

   Qasım Səfəroğlunun qızı:  “Atam “Yuxu”-nun ssenarisini 28 günə yazıb” - FOTOLAR
  22 İyun 2024    Oxunub:1659
“Qızlar atalarını daha çox sevir deyirlər.. Qəribədir, bu vaxta qədər bu fikrin əksi sübut olmayıb. Bir də deyirlər ki, qızlar üçün ataları o qədər ideal bir kişi nümunəsi olur ki, gələcəkdə hər kişidə o xarakteri, o baxışı, o duruşu axtarırlar və bəzən buna görə də gec ailə qururlar. Atalarından aldıqları qayğının eynisini hiss edənə qədər. Mənim atam da yaxşı kişilərdən olub. Özü də tək mənim üçün yox. Bunu, onu tanıyan, bircə dəfə olsun rastına çıxan hər kəs deyir. Nə sağlığında, nə də yoxluğunda uzaqlardan da olsa bir pis səda duymamışam haqqında. Həmişə, həmişə qürur duymuşam onunla ! Adı gələndə, şəxsiyyətinə bir tərif duyanda üzüm, gözüm, ürəyim gülümsəyib. Ata, yaxşı ki, sənin kimi insan gəlib keçdi bu dünyadan ! Doğuluşun, yubileyin mübarək ! Əminəm ki, yerin, ruhun, yurdun rahatlıq içindədir. Əbədi dünyada tapmısan dost-tanışı, bir də..həsrətinə 1-cə il səbr edə bilmədiyin anamı.. İndi səndən yadigar qalan bir bu cəmiyyət üçün yetişdirdiklərin, bir yaddaşımda bərk-bərk tutduğum xatirələrin, bir də mən qalmışam.. Özümü sənin arzuladığın kimi böyütməyə çalışıram. Məni həmişə görmək istədiyin şəxsiyyət kimi. Bəlkə də mən yox, içimdə yaşatdığım sən yetişdirir onu. Bu dünyadakı missiyanın bitmədiyini saydığın üçün cismini ruhun əvəzləyir, duyuram.. Amma mən varlığın üçün darıxıram.. Çox darıxıram... Səsimi duymuşkən, bu ürəkdən boylanıb arabir saçlarımı sığalla”.
AzVision.az xəbər verir ki, bunu Moderator.az-a yazıçı-dramaturq Qasım Səfəroğlunun qızı, jurnalist Nərmin Səfərli deyib. O daha sonra atasının senari müəllifi olduğu “Yuxu” filmindən də danışıb.

“Atam ən çox “Yuxu” filmi ilə tanınsa da, o “Azərbaycanfilm” Kinostudiyasında 20-dən çox ekran işinin direktoru, rejissoru, ssenari müəllifi, redaktoru olaraq çalışıb. "Anlamaq istəyirəm", “Arvadım mənim, uşaqlarım mənim”, “Qara gölün cəngavərləri”, “Fəryad” və s. Mən həmişə onunla fəxr etmişəm, amma indi sanki daha çox qürurlanıram. O ki, qaldı “Yuxu” filminə.. “Yuxu” elə aktyor, xalq artisti Şamil Süleymanovun yuxusudur. Günlərin bir günü filmin rejissoru, mərhum Fikrət Əliyev və atam Şamil Süleymanovun nənəsigilə qonaq gedirlər. Elə hər şey də buradan başlayır. Nənəsinin gileylənməsindən bezən Şamil müəllim nəhayət yuxusunu dostlarına da danışır. Onu filmə çevirmək isə Fikrət Əliyevin ideyası olur. Çox adam bu mövzuya ssenari yazmağa cəhd etsə də, sonda Fikrət müəllim yenə də dost qələminə güvənir. Atam hamıdan uzaqlaşıb, Əmircandakı bağa çəkilir və 28 günə “Yuxu”-nun ssenarisini tamamlayır”, - deyə o bildirib.

Nərmin Səfərli atasının televiziya fəaliyyətindən də danışıb:

“Əsasən kino adamı kimi tanınsa da, o həm də televiziya sahəsində uzun müddət işləyib. O dövr fəaliyyət göstərən “ABA”, “Lider” telekanallarının baş redaktoru, layihə müəllifi olub. “Milyonçu”, “Zəif Bənd” verlişləri onun yazdığı suallar əsasında çəkilirdi. Bu gün fəxrlə deyə bilərəm ki, bir çox tanınmış sima, həmçinin Azər Axşam, Kamilə Babayeva kimi aparıcılar atamın məktəbinin yetirməsidir”.






AzVision.az



Teqlər:





Xəbər lenti