BMT-nin tədbirində Azərbaycan “ASAN xidmət”lə təmsil olunur

BMT-nin tədbirində Azərbaycan “ASAN xidmət”lə təmsil olunur
  25 İyun 2024    Oxunub:633
İyunun 24-dən 26-dək Koreya Respublikasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu keçirilir.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forumun məqsədi səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin təşkilidir.

Bu çərçivədə dünyanın müxtəlif ölkələrinin aparıcı nazirliklərinin və təşkilatlarının rəhbərləri, beynəlxalq ekspertlər, media və işgüzar dairələrin nümayəndələrinin 1000-dən çox nümayəndəsi iştirak edir.

Forumun ilk günündə Dövlət Agentliyinin sədri ilə BMT-nin sabiq Baş katibi Ban Ki-mun, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, Koreya Respublikasının daxili işlər və təhlükəsizlik nazirinin müavini Li Yonq Suk, Kambocanın Baş nazirinin müavini Hun Mani, Zimbabvenin Dövlət Xidmətləri Komissiyasının sədri Vinsent Hunqve arasında ikitərəfli görüşlər keçirilib.

Koreya tərəfi ilə görüş zamanı iki qurum arasında 2016-cı ildə Bakıda imzalanmış Anlaşma Memorandumun icrası çərçivəsində görülmüş işlərdən məmnunluq ifadə olunub və gələcək fəaliyyət istiqamətləri ilə əlaqədar müzakirələr aparılıb.

Kambocanın Baş nazirinin müavini və Zimbabvenin müvafiq qurumunun rəhbəri ilə baş tutmuş görüşlər çərçivəsində Dövlət Agentliyinin sədri tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət”, burada tətbiq olunan innovasiyalar və əldə olunmuş nailiyyətlər barədə geniş təqdimat edilib. Sözügedən ölkələrlə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair razılığa gəlinib.

Forum çərçivəsində "ASAN xidmət"in, Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının, BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR), Koreya Respublikasının İnçeon Şəhər Meriyasının və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin Transformasiyası üçün Innovasiya, Gender və İqlim Elementlərinin Yayılması” adlı sessiya təşkil ediləcəkdir.

BMT Dövlət Xidmətləri Forumu 2003-cü ildən etibarən keçirilir və bu mötəbər Foruma 2019-cu ildə “ASAN xidmət”in və BMT-nin birgə təşkilatçılığı ilə ölkəmiz ev sahibliyi edib.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti