Bayden: “Tramp ABŞ-ni NATO-dan çıxarmaq istəyir”

   Bayden: “Tramp ABŞ-ni    NATO-dan çıxarmaq    istəyir”
  28 İyun 2024    Oxunub:1127
Rəqibi Co Baydenlə teledebatda Şimali Atlantika Alyansı məsələsinə toxunan Donald Tramp vurğulayıb ki, ABŞ-nin hazırkı prezidenti Avropalı müttəfiqlərdən Kiyevə kömək üçün əlavə vəsait ayrılmasını tələb etməli idi.
AzVision.az xəbər verir ki, Co Bayden özünün əsas siyasi rəqibi olan Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə onun ABŞ-ni NATO-dan çıxarmağa çalışacağını iddia edib.

“Bu oğlan bizim NATO-dan çıxmağımızı istəyir. NATO-da qalacaqsınız? Bizi NATO-dan çıxaracaq. Bizim gücümüz ittifaqlarımızdadır. Okean böyük ola bilər, amma biz heç vaxt Avropada böyük müharibədən qaça bilməmişik”, - Co Bayden deyib.

Baydenin bu ittihamının cavabında keçmiş prezident NATO-dakı avropalı müttəfiqlərlə maliyyə məsələlərində daha sərt davranmağın əhəmiyyətini vurğulayıb.

- İcazə verin, bir saniyəlik Ukraynaya qayıtyım. Avropa ölkələri birlikdə 100 milyard dollar və ya bəlkə də daha çox xərcləyiblər. Bu, bizim xərclədiyimizdən azdır. Niyə onlara zəng edib demir ki, siz ortaya pul çıxarmalısınız. Mənim NATO ilə bağlı etdiyim kimi. Mən onları yüz milyardlarla dollar ödəməyə məcbur etdim. O, bu insanlardan pul tələb etməlidir. Biz 100 milyard dollardan daha çox xərclədik, halbuki yerləşdiyi yerə görə bu onlara daha çox təsir edir. Çünki bizim aramızda okean var”, - Donald Tramp bildirib.

Qeyd edək ki, dünən Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində ilk dəfə olaraq hazırkı və keçmiş prezident arasında teledebat keçirilib. Teledebatların prezident seçkilərinə dörd ay qalmış keçirilməsi də ölkə tarixində ilk dəfədir. Daha bir maraqlı məqam isə opponentlərin debatlara öz çıxışlarının tezisləri ilə gəlməsinə qadağa qoyulması olub. Habelə rəqiblərin mikrofonları yalnız onların danışması tələb olunanda işə salınıb.

Noyabrın 5-də keçiriləcək prezident seçkilərində respublikaçıların namizədi kimi irəli sürülmək üçün Tramp lazımi sayda nümayəndə səsi toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı Amerika lideri Bayden də demokratlar partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

Əksər ekspertlərin fikrincə, mübarizə dörd il əvvəl yenidən seçilmək istəyən Trampla onu həmin seçkilərdə məğlub etmiş Bayden arasında gedəcək. Bununla belə, demokratların Co Baydenin əvəzinə digər namizədi irəli sürəcəklkəri ehtimalı hələ də qalmaqdadır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   Bayden   teledebat  





Xəbər lenti