Ukraynada dövlət çevrilişinə hazırlığın qarşısı alınıb

   Ukraynada    dövlət çevrilişinə hazırlığın    qarşısı alınıb
  01 İyul 2024    Oxunub:898
Bəzi qüvvələr Kiyevdə iğtişaşlar törətməyi və Ali Radanı tutmağı planlaşdırırmışlar.
AzVision.az Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) yaydığı məlumata istinadən xəbər verir ki, Konstitusiya günündən sonra Kiyevdə iğtişaşlar və Ali Radanın binasını ələ keçirməyə hazırlaşan bir qrup təxribatçı saxlanılıb.

“İstintaqın məlumatına görə, qruplaşmaya 2015-ci ildən Ukrayna əleyhinə hərəkətləri ilə tanınan ictimai təşkilatın həmtəsisçisi rəhbərlik edib. Qrupun üzvləri Ukraynanın hazırkı hərbi-siyasi rəhbərliyinin hakimiyyətdən getdiyini elan etməyi planlaşdırıblar. Sonra Ukrayna Ali Radasının binasını ələ keçirib, onun işini əngəlləyəcəklərinə ümid ediblər. İnsanları toplamaq üçün təşkilatçılar paytaxtın mərkəzində guya dinc görüş təşkil etməyi planlaşdırıblar”, - Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) bəyanatında deyilir.

Xidmətin iddiasına görə, Kiyevdəki “iğtişaşlar” haqqında yerli və xarici informasiya resursları vasitəsilə məlumat yaymağı planlaşdıran təxribatçılar Ukraynada ictimai-siyasi vəziyyəti Rusiyanın xeyrinə olaraq sarsıtmağa ümid ediblər.

Verilən açıqlamada əsas təşkilatçının bir neçə cinayət ortağını - Kiyev, Dnepr və digər bölgələrdən olan ictimai təşkilatların nümayəndələrini hazırlanan plana cəlb etdiyi vurğulanır. Onlar bir-birləri ilə müxtəlif mesajlarla əlaqə saxlayıblar, görüşləri isə üç nəfərdən ibarət kiçik qruplar şəklində həyata keçiriblər.

UTX bildirib ki, müttəhimlərin qanunsuz niyyətlərini operativ qaydada ifşa edərək onların təxribat fəaliyyətini sənədləşdirib və təşkilatçıları saxlayıb. Təxribatçıların evlərində axtarışlar zamanı silah-sursat, cib telefonları, kompüter avadanlığı və cinayət əməllərini sübut edən qaralama qeydlər aşkarlanıb.

“Cinayətin bütün detallarının müəyyənləşdirilməsi və günahkarların məsuliyyətə cəlb olunması istiqamətində istintaq davam edir. Cinayətkarları əmlakı müsadirə olunmaqla 10 ilədək həbs cəzası gözləyir”, - Ukraynanın Təhlükəsizlik Xidməti məlumat verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   çevriliş  





Xəbər lenti