Qayıdanların iş problemi olmayacaq: Füzuliyə köçənlərə biznes imkanları yaradılır

   Qayıdanların iş problemi olmayacaq:    Füzuliyə köçənlərə biznes imkanları yaradılır
  02 İyul 2024    Oxunub:1211
Füzuliyə köçən əhalinin işlə təmin olunması istiqamətində müntəzəm tədbirlər həyata keçirilir. Əhalinin əmək qabiliyyəti təhlil edilir, hər kəsə uyğun vakansiyaların tapılması üzərində iş aparılır.
Bu sözləri AzVision.az -a Füzuli şəhərində jurnalistlər üçün keçirdiyi brifinqdə Prezidentin Ağdam, Füzili və Xocavənd rayonlarındakı xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə deyib. O əlavə edib ki, atıq 1300 kvadratmetrdən çox qeyri-yaşayış sahəsi, yəni ictimai iaşə obyekti Füzuli sakinlərinə verilib.

Beləliklə, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarında biznes qura bilərlər. Hazırda daha 110 sakinin müraciətinə baxılır. Onlar da yaxın zamanlarda qeyri-yaşayış sahələrilə təmin olunacaqlar.

Xüsusi nümayəndəliyin əməkdaşı vurğulayıb ki, təhlillər zamanı biznes müraciətlərinin dayanıqlı olmasına üstünlük verilir. Həmin müraciətlər işğaldan azad edilmiş ərazilərin ölkənin digər yerlərindəki iqtisadiyyata reinteqrasiyasına dəstək verməlidir.

Füzuli şəhərinin baş planında ərazidə sənaye zonasının yaradılması da nəzərdə tutulub. Hazırda bu sənaye zonasına yol-kommunikasiya xətlərinin çəkilişi davam etdirilir. Zonanın özü layihələndirilmə prosesindədir. İşlər bitəndən sonra sahibkarlar ora investisiya yatırıb, biznes qura biləcəklər.

Tariyel Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti