Stubb: “Ukraynada müharibəni bir telefon zəngi ilə dayandırmaq olar”

   Stubb: “Ukraynada müharibəni    bir telefon zəngi ilə dayandırmaq    olar”
  03 İyul 2024    Oxunub:1052
Əgər Çin istəsə, Rusiya-Ukrayna münaqişəsinə son qoya bilər.
AzVision.az xəbər verir ki, Finlandiyanmın prezidenti Aleksandr Stubb “Bloomberg” nəşrinə müsahibəsində Çinin sədri Si Cinpinin Moskva ilə əlaqəyə girərək münaqişəni yoluna qoya biləcəyini iddia edib.

“Rusiya indi Çindən çox asılıdır. Prezident Si Cinpindən bir telefon zəngi bu böhranı həll edəcək”, - Finlandiyanın prezidenti deyib.

Aleksandr Stubbun fikrincə, əgər Si Cinpin sülh danışıqlarına başlamağın vaxtı çatdığını desə, Rusiya buna məcbur olacaq.

Halbuki, Kreml ötən il Moskva-Pekin münasibətlərinin strateji xarakter daşıdığını və “heç kəsdən bir növ asılılıq” olmadığını bildirib. Prezident Vladimir Putin isə Rusiyanın Çindən asılı vəziyyətə düşdüyünə inananları “xəbis” adlandırıb.

“Bizə deyirlər ki, siz Çindən asılı olacaqsınız. Bəs siz olmayacaqsınız? Siz artıq asılısınız” , - Putin vurğulayıb.

Qeyd edək ki, Moskva müəyyən şərtlər qarşılığında Kiyevə danışıqlara başlamağı təklif edir.
1.Ukrayna qoşunlarının Donbass, Xerson və Zaporojye vilayətlərindən çıxarılması, Kiyevin bu ərazilərdən rəsmən imtina etməsi.
2.Rusiyaya qarşı beynəlxalq sanksiyaların ləğvi.
3.Ukraynanın neytral və nüvə silahlarından azad dövlət statusu.
4.Ukraynanın demilitarizasiyası və denasifikasiyası.


Sözsüz ki, beynəlxalq hüquq normaları çərçivəsində təsbit olunmuş ərazilərinin itirilməsi barədə şərtlə Ukrayna heç cür razılaşa bilməz. Buna görə də, irəli sürülən təklifləri ultimatum kimi qiymətləndirən Volodimir Zelenski yalnız Rusiya öz qoşunlarını Ukraynadan çıxaracağı təqdirdə dərhal danışıqlara başlayacağını bildirib.

Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara gəldikdə isə, burada rəsmi Kiyevin mövqeyindən heç nə asılı deyil. Çünki lap elə sabah, Rusiya ilə Ukrayna vahid ittifaq dövləti yaratmaq qərarına gəlsələr belə, kollektiv Qərb nəinki həmin sanksiyaların saxlanması, hətta yenilərinin də tətbiq olunması üçün kifayət qədər səbəb və ya bəhanələr tapacaq. Belə ki, ABŞ-nin təkidi və təzyiqi ilə kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rejimi heç də Moskvanın Ukraynaya hərbi müdaxiləsindən sonra başlamayıb.

Ona görə də, sanksiyalar rejiminin ləğvi, Qərbin özünün açıq şəkildə bəyan etdiyi kimi, yalnız və yalnız Rusiyanın strateji məğlubiyyətindən sonra mümkün ola bilər. Bu isə ən azı ötən əsrin 80-ci illərini sonu və 90-cı illərində, habelə 2000-ci illərdə olduğu kimi Rusiyanın Qərbin vassalına çevrilməsini nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Stubb   Çin   Ukrayna  





Xəbər lenti