ABŞ Rusiya ərazisinə zərbələr barədə yeni mövqeyini açıqlayıb

   ABŞ    Rusiya ərazisinə zərbələr    barədə yeni mövqeyini açıqlayıb
  03 İyul 2024    Oxunub:1142
ABŞ və Avropa ölkələrində bir sıra yüksək vəzifəli rəsmilər, o cümlədən NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiyaya qarşı hərbi zərbələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.
AzVision.az həftəlik “Defense News” nəşrinə istinadən xəbər verir ki, Ağ Ev administrasiyası may ayında Xarkov yaxınlığındakı Rusiya bölgələrinə Amerika silahları ilə zərbələr endirməyə razılaşdıqdan sonra ABŞ-da və Avropada bir neçə məmur qalan məhdudiyyətlərin də aradan qaldırılması ideyasını irəli sürüblər.

NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin iyun ayında Brüsseldə keçiirlən sammitindən bir qədər əvvəl jurnalistlərlə götrüşündə Yens Stoltenberq öz mövqeyini belə izah edib.

“Döyüş xətti Xarkova o qədər yaxındır ki, Ukrayna Rusiyanı vura bilməsə, ərazisini müdafiə etmək çətin olacaq. Rusiya ilə eskalasiyanın qarşısını almaq istəyinə görə Kiyev itkilərə məruz qalmamalıdır. Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirmək hüququ var. Bu, özünümüdafiə hüququnu təmin edir və biz ona bu məsələdə kömək göstərməliyik”, - Stoltenberq vurğulayıb.

Nəşr yazır ki, ABŞ Konqresinin bir neçə “tanınmış” üzvləri və Avropa rəsmiləri də Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə zərbə endirmək imkanlarını genişləndirməyə çağırıblar.

“Rusiya öz ərazisindən hücumlar təşkil edir, biz isə Ukraynaya məhdudiyyətlər qoyuruq. Bu cəfəngiyyatdır”, - Litvanın Müdafiə naziri Laurinas Kaçiunas bildirib.

Ağ Evin yalnız rus qoşunlarının Xarkov vilayətinə irəliləməsindən sonra öz mövqeyini dəyişdiyini, amma müəyyən məhdudiyyətləri saxladığını xatırladan respublikaçı konqresmen Tomas Kinin müraciətinə cavab olaraq, ABŞ-nin Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Vaşinqtonun apardığı siyasətə aydınlıq gətirib.

“Rusiyaya qarşı daha uzun məsafəli zərbələr üçün şərt “cəbhənin genişləndirilməsidir”. Əvvəlcə bu, Rusiyanın Xarkov yaxınlığında hücumu həyata keçirdiyi ərazi idi. ABŞ-nin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın keçən həftə dediyi kimi, indi Rusiya bu cəbhəni genişləndirməyə çalışarsa, Ukraynaya daha böyük məsafədə hədəflərə çatmağa və zərbələr endirməyə icazə veriləcək”, - amerikalı məmur deyib.

Qeyd edək ki, ABŞ-nin Dövlət katibi Entoni Blinken mayın sonunda prezident Co Baydenin Amerika silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə razılaşdığını açıqladı. O, söhbətin yalnız Rusiyanın Xarkov yaxınlığındakı bölgələrinə hücumlardan getdiyini bildirsə də, Amerika silahlarının Rusiya ərazisinə hücumlarının coğrafiyasının genişlənəcəyini istisna etməyib.

Buna dərhal reaksiya verən Moskva Qərb ölkələrinin Ukraynanın Rusiyaya hücumlarına qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını kəskin tənqid edib.

“Əgər kimsə bizim ərazimizə zərbə endirmək və bizə problem yaratmaq üçün döyüş bölgəsinə bu cür silahların verilməsini mümkün hesab edirsə, onda niyə bizim həmin bölgələrə eyni tipli silahlarımızı verməyə haqqımız yoxdur? Rusiyaya münasibətdə bunu edən ölkələrin həssas obyektlərinə dünyanın müəyyən regionlarında zərbələr endirilməsi üçün niyə biz də başqalarına belə silahlar verməyək?”, - Rusiya prezidenti Vladimir Putin ritorik sualla Moskvanın opponentlərinə müraciət edib.

Onun sözlərinə görə, müasir zərbə sistemləri üçün hədəf seçimi və uçuş tapşırıqları “Ukrayna hərbçilərinin iştirakı olmadan” uzaqdan və ya avtomatik şəkildə həyata keçirilir. Bu, həmin zərbə sistemlərini istehsal edən və onları Ukraynaya ötürənlər tərəfindən edilir. Bu məqamı vurğulayan Putin xəbərdarlıq edib ki, NATO ölkələri nə ilə oynadıqları barədə özülərinə hesabat verməlidirlər.


Hazırda Ukrayna Silahlı Qüvvələrinə sərhəddən cəmi 100 km uzaq məsafədə zərbə endirməyə icazə verilir ki, bu da ABŞ-nin Kiyevə ötürdüyü “ATACMS” raketlərinin imkanından 3 dəfə aşağıdır. Həmçinin, Qərb dövlətləri arasında onların silahlarının Ukraynada tətbiqinə məhdudiyyət qoyulması məsələsində də birlik yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   zərbələr  





Xəbər lenti