“Strateji dialoq”dan“strateji tərəfdaşlığ”a: Paşinyan Saakaşvilinin yolu ilə gedir?

   “Strateji dialoq”dan“strateji tərəfdaşlığ”a:    Paşinyan Saakaşvilinin yolu ilə gedir?
  04 İyul 2024    Oxunub:1140
İrəvana ABŞ-dən növbəti dəfə yüksək rütbəli rəsmilər gəlib. Bu dəfə Ermənistanın paytaxtında senator Rocer Uikerin başçılıq etdiyi Amerika Konqresinin nümayəndə heyəti peyda olub.
Heyətə Konqresdə təmsil olunan hər iki partiyanın nümayəndələri salınıb.

Xatırladaq ki, iyunun 11-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn da İrəvanda səfərdə olmuşdu. Cəmi yeddi gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul etdi.

Qısa zaman ərzində ABŞ-dən belə yüksək səviyyəli nümayəndə heyətinin İrəvana səfərlər etməsi hər hansı bir məna daşıyırmı?

Ermənistan mediasında yayılan məlumatlara görə, Ermənistan hakimiyyəti hazırda Qərbdən, xüsusən də Fransa ilə ABŞ-dən ikiəlli yapışdığını nümayiş etdirir. "Zham" nəşrində David Mkrtçyanın imzası ilə dərc olunan analitik məqalədə isə, Nikol Paşinyanın son bir ayda Ermənistan-Amerika münasibətlərinin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmək qərarına gəldiyi vurğulanır.

İlham Əliyev: ABŞ, Aİ və Ermənistan arasında görüş Azərbaycan əleyhinədir
Analitik qeyd edib ki, "Hətta ilin sonuna kimi iki ölkə arasında münasibətlərin “strateji dialoq” səviyyəsindən “strateji tərəfdaşlıq” səviyyəsinə yüksələcəyi bildirilir. Başqa sözlə, Ermənistanın Vaşinqtonla olan münasibətləri ABŞ-Gürcüstan münasibətləri ilə eyni səviyyədə olacaq".

Bu isə o deməkdir ki, Nikol Paşinyan rəsmən Ermənistan-Rusiya strateji münasibətlərinə son qoyacaq. İrəvan rəhbəri bununla da kifayətlənməyərək, ölkəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxaracaq. O ki qaldı Gümrüdəki Rusiya hərbi bazasına, başqa ölkənin hərbçilərinin Ermənistandan çıxarılması prosesi artıq zaman məsələsinə çevriləcək.

"Zham" yazıb ki, fakitiki olaraq uzun illərdir qurulmuş Ermənistan-Rusiya təhlükəsizlik sistemi zəifləyib. Bu sistemin ABŞ ilə son dərəcə qeyri-müəyyən münasibətlər yaratmaq üçün çökdürülməsi isə təəssüf doğurur: "Hətta Gürcüstanda məktəblilər belə ABŞ ilə qurulmuş bu cür münasibətlərin onların ölklərinə nələrin verdiyini bilirlər. Amerikalılar 2008-ci ildə gürcülərə dəstək üçün formal addım belə atmadılar".

ABŞ-dən yüksək rütbəli məmurların axın etməsi də İrəvanın Moskvadan tam qopmasına hesablanıb. Müəllif qeyd edib ki, "Konkret olaraq Amerika nümayəndə heyətinin dünənki səfərinə toxunsaq, burada əsas vurğulanmalı olan məqam Rocer Uikerin ABŞ ordusu ilə birbaşa əlaqəsinin olmasıdır. O, həmçinin Senatın Silahlı Qüvvələr Komitəsinin yüksək səviyyəli üzvüdür".

Nümayəndə heyətində həmçinin Helsinki Komissiyasının sədri Co Vilson, Senatın Xarici Əlaqələr Komitəsinə sədrlik edən Ben Kardin, həmçinin senatorlar Con Kornin, Robert Aderholt, Riçard Hudson və Trent Kelli kimi adlar da var.

Daha bir maraqlı məqamı xatırladaq. Respublikaçı senator Rocer Uiker hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl Moskvaya nüvə zərbəsi endirilməsinə dair etdiyi çağırışla məşhurlaşmışdı. Bundan əlavə, Uiker 2021-ci ilin dekabrında "Fox News" telekanalında çıxışı zamanı da demişdi ki, prezident Cozef Bayden Rusiyanın Ukraynaya hücumlarına cavab olaraq nüvə silahından yararlanmaq haqqında düşünməlidir.

"Təsəvvür edin ki, Nikol Paşinyan belə fiqurlarla dostluq edir. Buna görə də Azərbaycanda Paşinyanın siyasi davranışları nəticəsində Ermənistan dövlətçiliyinin məhv olacağını haqlı olaraq inanmağa başlayıblar. Nəinki dövlətçilik yox olacaq, həm də onlar qısa müddət ərzində Ermənistanı Qərbi Azərbaycana çevirə biləcəklər. Digər siyasi qüvvələrə, müxalifətçilərimizə gəldikdə isə onların artıq nələrə alışmaları da hər kəsə məlumdur. Hakimiyyət iddiasında olan müxalif qüvvələr ancaq məsləhətləşmələr aparır, şuralar qurur, bir-birini ittiham etməklə vaxt keçirirlər. Bu da azmış kimi hərəkatların səngiməsinə də haqq qazandırırlar. Paşinyanın bir gün hakimiyyətdən gedəcəyi istisna olunmur. Amma onun yerinə müxalifətin hansısa tanınmış nümayəndəsi deyil, Azərbaycana yaxınlığı ilə seçilən biri, Qərbi Azərbaycanlıların geriyə qayıdışı ilə məşğul olacaq fiqur gələcək. Bir sözlə, bu cür ssenari nəinki Türkiyə və Azərbaycana sərf edir, elə ABŞ-yə də uyğundur. Çünki bölgədə erməni əhali qalmadığı üçün bu ərazilərə Rusiyanın təsiri də olmayacaq. Məlum ssenari həmçinin tarixi cinayətlərə görə məsuliyyət daşımayacaq Nikol Paşinyan və onun ətrafı üçün faydalı sayılacaq. Çünki ortada bu məsuliyyəti daşıyan hansısa subyekt olmayacaq", - Mkrtçyan yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ermənistan   Paşinyan   Rusiya  





Xəbər lenti