Kiyev Putinə münasibətdə ritorikasını yumşaldır

   Kiyev Putinə münasibətdə    ritorikasını yumşaldır
  04 İyul 2024    Oxunub:1018
Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Ukrayna üzrə ikinci beynəlxalq sülh konfransına dəvət alacağını istisna etmir.
AzVision.az xəbər verir ki, Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində belə deyib. Eyni zamanda, Ukrayna prezidenti prosesə başlamaq üçün bir yol tapılacağı halda belə, Putinin “yaxın gələcəkdə” danışıqlarda iştirak edəcəyini gözləmədiyini bildirib. Onun fikrincə, müharibənin Ukrayna və bütün dünya üçün ədalətli başa çatması məsələsində ABŞ və Çinin birgə hərəkətləri böyük ehtimalla uğura gətirib çıxaracaq.

“Birləşmiş Ştatlar və Çin “ixtilafları bir kənara qoysalar”, hərbi əməliyyatlara son qoymaq üçün birgə vasitəçi kimi çıxış edə bilərlər”, - Zelenski vurğulayıb.

Bu mənada, Ukrayna prezidenti Pekinin münaqişənin həllində “ciddi rolu” olduğu və Çinin Rusiyaya döyüşləri dayandırması üçün “təzyiq” edə biləcəyi iddiası ilə razılaşıb.

Stubb: “Ukraynada müharibəni bir telefon zəngi ilə dayandırmaq olar”
Maraqlıdır ki, dünən Finlandiya prezidenti Aleksandr Stubb da Çinin sədri Si Cinpinin bi telefon zəngi ilə Moskvanı müharibəni dayandırmağa məcbur edə biləcəyini deyib. Ümumiyyətlə, Pekinin Ukraynada müharibəni dayandırmaq üçün Rusiyaya təsir göstərmək imkanının həlledici rol oynaya biləcəyi tezisi Qərbdə, demək olar ki, hər gün səsləndirilir.

Qeyd edək ki, bu il iyunun 16-da İsveçrənin Bürgenştok şəhərində keçirilən Ukrayna üzrə ilk beynəlxalq sülh konfransına Rusiya dəvət olunmamışdı. Bəzi dövlətlər Moskvanın da dəvət almasına tərəfdar olsalar da, Ukrayna prezidenti Volodimir Zelenskinin və Kiyevin əsas adeptlərini prinsipial mövqeyi buna imkan vermədi. Həmin sammitin yekun Bəyannaməsini isə tədbirdə iştirak edən 90 ölkədən 6-sı imzalamadı.

Bu baxımdan, Vladimir Putinin Ukrayna üzrə ikinci beynəlxalq sülh konfransına dəvət oluna biləcəyi ehtimalının Zelenskinin dilindən səsləndirilməsi ən azı pərdəarxası müəyyən gedişlərin edildiyindən xəbər verir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər:   Zelenski   Putin  





Xəbər lenti