Ceyhun Bayramov türk dövlətlərinə müraciət etdi

   Ceyhun Bayramov türk dövlətlərinə müraciət etdi
  06 İyul 2024    Oxunub:737
“Yarandığı dövrdən səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəmi artmaqdadır. Bu, eyni zamanda, Təşkilata üzv və müşahidəçi dövlətlərin beynəlxalq arenada nüfuzunun, eləcə də iqtisadi potensialının genişlənməsinə xidmət edir”.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib. Onun sözlərinə görə, zirvə görüşünün nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusu bugünkü reallığa uyğun seçilib:

“Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cü sessiyasına ev sahibliyi edəcək. Hesab edirəm ki, bu hadisəni Türk dünyasının uğuru saymaq mümkündür. Belə ki, ilk dəfə olaraq bir Türk dövləti belə mötəbər tədbirə ev sahibliyi edəcək”.

Nazir bildirib ki, COP29-un təşkilində ilk olaraq qardaş ölkələrin dəstəyinə ümid edirik:

“Bu gün dünyada baş verən hadisələr ətraf mühitə təsirsiz ötüşmür. Davamlı gələcək yalnız iqlim fəaliyyəti vasitəsilə sağlam planetimizi qorumaqla mümkün olacaqdır. Bu istiqamətdə də Türk dövlətləri arasında əməkdaşlığa ehtiyac var. TRT-nin ekologiya və ətraf mühit sahəsinə məsul nazirlərinin platformasının yaranmasının zamanı artıq yetişib.

Bununla yanaşı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir.

Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Orta Dəhlizə xüsusi diqqət yetirməklə multimodal nəqliyyat marşrutlarının inkişafında yaranan imkanlardan bəhrələnmək zəruridir. Bu, ölkəmizin tranzit potensialının tam şəkildə reallaşmasına xidmət edəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti