İsrail “HƏMAS” ilə razılaşmanın şərtlərini açıqlayıb

   İsrail “HƏMAS” ilə    razılaşmanın şərtlərini    açıqlayıb
  08 İyul 2024    Oxunub:926
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yəhudi dövlətinin HƏMAS ilə girov razılaşması barədə danışıqlarda israrlı olduğu əsas prinsipləri dərc edib.
AzVision.az İsrail mediasında yayımlanan materiallara istinadən xəbər verir ki, Təl-Əviv yalnız aşağıdakı prinsiplər çərçivəsində HƏMAS ilə razılaşmanın mümkün olduğunu bildirib.

1. Razılaşma İsrailə müharibədə bütün məqsədlərinə çatana qədər geri qayıtmağa və döyüşü davam etdirməyə imkan verəcək;
2. Qəzzada elə şərait yaradılacaq ki, HƏMAS Misirdən qaçaqmalçılıq yolu ilə silah keçirə bilməyəcək;
3. Qəzza zolağının şimalına minlərlə silahlı terrorçunun qaytarılması mümkün olmayacaq;
4. Sövdələşməyə maksimum sayda sağ qalan girovlar daxil ediləcək.

“Netanyahu əmindir ki, İsrailin təklif etdiyi və prezident Bayden tərəfindən dəstəklənən sazişin şərtləri digər müharibə məqsədlərinə zərər vermədən İsrailin oğurlanmış insanları geri qaytarmasına imkan verəcək”, - baş nazirin ofisinin mətbuat xidmətinin yayadığı bəyanatda vurğulanır.

Bu bəyanat Netanyahunun HƏMAS-la danışıqlara dair təhlükəsizlik rəsmiləri ilə görüşü başlamazdan bir müddət əvvəl açıqlanıb.

Qeyd edək ki, Misir girovların qaytarılması ilə bağlı razılaşma və atəşkəs əldə olunacağı təqdirdə, Qəzza zolağına silah qaçaqmalçılığının qarşısını almaq üçün ABŞ-la birlikdə yüksək texnologiyalı yeraltı sədd tikəcəyi barədə İsrailə mesaj ünvanlayıb. Qahirə bəyan edib ki, potensial atəşkəsin elə ilk günlərindən yeraltı səddin tikintisinə başlana bilər.

İsrailin Müdafiə ordusu (ÇAXAL) Misirlə Qəzza zolağı arasında ən azı 25 qaçaqmalçı tunel aşkarlandığını iddia edib. Tunellərin bəzilərinin mövcudluğu əvvəllər də ÇAXALA-a məlum idi, digərləri isə qoşunların sərhəd bölgəsinə daxil olduğu zaman aşkarlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   HƏMAS  





Xəbər lenti