Səfirlər ASAN xidmətdə - FOTOLAR

Səfirlər ASAN xidmətdə - FOTOLAR
  09 İyul 2014    Oxunub:872
Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərləri iyulun 9-da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində olublar.

AzVision.az xəbər verir ki, Agentliyin sədri İnam Kərimov Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində müvafiq hüquqi bazanın formalaşdırılması, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsinin təmin edilməsi ilə bağlı məlumatları diplomatların diqqətinə çatdırıb.

Bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Bununla yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlara uyğun quran və inkişaf etdirən dövlət orqanı qismində “Vahid məkan” prinsipinə əsaslanan qurumlardandır.

Qeyd edilib ki, “ASAN xidmət” mərkəzlərində 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 28 növ funksional yardımçı xidmətlər təşkil edilib.

Bildirilib ki, “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Odur ki, “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, uğurlu model olaraq digər ölkələrdə də tətbiqi təşviq edilməkdədir.

Diplomatlara 3 saylı “ASAN xidmət” mərkəzində tətbiq edilən yenilik - elektron müraciət köşkü barədə məlumat verilmişdir. Bildirilmişdir ki, vətəndaşlar mərkəzdən “108 Çağrı” mərkəzinə zəng edərək, canlı videobağlantı vasitəsilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar. Burada yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmətin “asan.gov.az” internet saytı vasitəsi ilə vətəndaşlar üçün online növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri müxtəlif orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır. “Elektron məlumat mərkəzi”nə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etmələrini asanlaşdırır.

Məlumat verilib ki, Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzində “Biometrik məlumatların toplanması sistemi” yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir.

Mərkəzdə yaradılmış şərait Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərində böyük maraq doğurub.

Qalereya




Teqlər:  





Xəbər lenti