Məşhur şirkətlərin reklam fırıldağı – ARAŞDIRMA

Məşhur şirkətlərin reklam fırıldağı – ARAŞDIRMA
  14 İyul 2014    Oxunub:1452
“Bu fürsəti əldən qaçırmayın”, “ən ucuz kredit bizdə”, “hər şey su qiymətinə”, “90 faiz endirimlə”...

Yəqin ki, bu kimi reklam şüarları hamıya yaxşı tanışdır. İstər Kütləvi İnformasiya Vasitələrində (daha çox telekanallarda) olsun, istərsə də küçə reklamlarında belə şinrikləşdirici reklamlara demək olar ki, hər addımbaşı rast gəlirik. Fərqində olmasaq da bizi cəlb edən bu reklamlara inanıb həmin ünvanlara üz tuturuq. Sonda əksər reklam çarxlarının müştərilər üçün tələ olduğunu anlayırıq.

Elə bu yaxınlar da, ATV telekanalında yayımlanan verilişlərinin birində Çin istehsalı avtomobillərin reklamını nümunə kimi göstərək. Aparıcı “Sirena Motors” şirkətinə məxsus avtomobillərin ilkin ödəniş 10 faiz olmaqla uzun müddətli kreditlə satışa çıxarıldığını tamaşaçıların diqqətinə çatdırır.

Bu reklamın yalan olub-olmadığı haqda kiçik araşdırma apardıq. Adıçəkilən şirkətlə əlaqə saxlayaraq müştəri qismində avtomobillərin qiymətləri ilə maraqlandıq. Məsələn, reklamda deyildiyi kimi real qiyməti 1200 min manata satılan avtomobilin kreditlə ilkin ödənişinin 1200 manat olduğu halda şirkətdən ilkin ödənişin 2850 AZN olduğu bildirildi. Soruşanda ki, ilkin ödənişin 10 faiz olması ilə bağlı reklam çarxları efirdə yayımlanır, operator bunun mümkün olmadığını dedi.

Göründüyü kimi reklam bazarında kifayət qədər nöqsanlar mövcuddur.

Son vaxtlar banklarla bağlı reklamlar daha qabarıq nəzərə çarpır. Belə ki, bir sıra banklar zaminsiz, iş yerindən arayış olmadan, aşağı faizlə reklam edib müştəriləri şirnikləndirirlər. Bu reklam çarxını görən, aşağı kreditlə mal əldə edəcəyinə ümid edən sadəlövh vətəndaş da üz tutur bu məkana. Amma heç də gözlənilən nəticə ilə rastlaşmır. Daha bilgili vətəndaş tez aldadılmasını başa düşərək, müəyyən qurumlara müraciət edirsə, vay o vətəndaşın halına ki, son anda aldadılmasını başa düşür. Artıq heç bir çıxış yolu tapmayan vətəndaş, qalır çarəsiz vəziyyətdə. Ucuz reklamlar vasitəsilə bu gün xeyli sayda insan aldadılır.

Ekspertlər hesab edir ki, şirnikləşdirici reklamlar təkcə Azərbaycanda yox, xarici ölkələrdə də hökm sürür. Azərbaycanda isə bu sahədə gündən-günə bərbad vəziyyət yaranır.

Bankların faiz fırıldağı...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzVision.az-a açıqlamasında deyir ki, reklam vasitəsilə aldatmalarla bağlı hər həftə təşkilata birliyə 3-4 telefon zəngi daxil olur:

“Yaxın günlərdə bir Sumqayıt sakini bizə müraciət etmişdi. Bildirmişdi ki, avtomobil almaq istəyib. Avtomobili danışıqda 14 faiz kreditlə götürüb, amma 20 faiz kreditlə müqavilə bağlayıblar. Məsələdən tez xəbər tutan vətəndaş bizim təşkilatın adını verərək, pulunu geri ala bilib, ondan artıq pul alırmışlar. Bəzən müqavilə şərtlərini çox kiçik yazırlar, istehlakçı onu görə bilmir və sonra məhkəməyə verib tələb edirlər. Azad İstehlakçılar Birliyinə gələn şikayətlərə bağlı deyim ki, banklarda vətəndaşlara kreditləri aşağı faizlə təqdim edirlər, lakin bağlanan müqavilələrdə tamam ayrı bir mənzərə görünür.

İkincisi, endirim kampaniyasında olan aldatmalar da var. Belə ki, dükana 70 faiz endirim yazırlar. İçəriyə girəndə istehlakçıya deyilir ki, o endirim bütün mala aid deyil, yalnız mövsüm müddəti bitən mallara aiddir. Və yaxud istehlakçıya malın ilkin sənədlərini göstərmirlər. Malın əvvəlki qiyməti gizlədilir, hansı ki, Nazirlər Kabinetinin 80 saylı qərarı var. Orada göstərilir ki, malın üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədləri olmalıdır. O cür endirim kampaniyasında satılan mal istehlakçının tələbatını ödəmədikdə onu geri qaytarmırlar. Deyirlər ki, sən bunu endirimdə almısan. Banklarda, lambardlarda , istehlak kreditlərində istehlakçıların aldadılması məsələsi yer alır.

Azərbaycanda “Halal” məhsul yoxdur

Hazırda reklam bazarının çox çirkli vəziyyətdə olduğunu deyən QHT sədri bildirir ki, ən geniş yayılmış reklam növlərindən biri “Halal” adı altında reklam olunan məhsullardır:

“Bu gün iş elə gətirib ki, Türkiyənin “Dünya Halal Birliyi” gəlib Azərbaycanda heç bir monitorinq aparmadan sertifikat verir ki, guya bu halal qidadır. Bu sahədə ən əsas xüsusən də inancı olan istehsalçıların aldadılması məsələsidir. Birmənalı şəkildə bildiririk ki, hələlik Azad İstehlakçılar Birliyinin dediyi “Halal” məhsul Azərbaycanda yoxdur. Xaricdən, qeyri- müsəlman ölkələrindən çoxlu ekspert peyda olub, onları özlərini ekpert hesab edirlər və istehlakçıları aldadırlar. Hətta xristian ölkələrində “Halal” adı altında hazırlanmış mallar müsəlmanlara satılır. Dünyada “Halal” mal nişanı ilə müsəlmanlara təklif olunan mallar var ki, onların 82 faizini xristianlar istehsal edir və dünyanın hər yerində “Halal” adı altında reklam edirlər. Hazırda Azad İstehlakçılar Birliyi müəyyən sənəd üzərində işləyir, orada şəffaf heç kəsdən rüşvət alınmadan Qafqaz Müsəlmanlar İdarəsinin, dövlət orqanlarının, KİV-in, bu işi bilən MMC-lərin iştirakı ilə rahat bir mexanizm ortaya qoyacağıq.

Çimərlikdə icazəsiz reklam

E.Hüseynov reklam şirkətlərinin yol verdiyi özbaşınalıqlardan da söz açıb.

“Bir qadını çimərlikdə reklam çarxına çəkiblər, o da bizim təşkilata bildirmişdi ki, məni də çimərlik paltarında o reklama daxil ediblər. Düzdür, bunun istehlakçının aldadılmasına dəxli yoxdur, amma vətəndaşın icazəsi olmadan onun reklam çarxına daxil olması qanunsuzdur. Biz ona nail olduq ki, həmin vətəndaşın görüntüləri oradan yığışdırıldı. Eləcə də, televiziyalarda, qəzetlərdə olan reklamlarda da böyük problem var. Təsəvvür edin ki, uzun müddət ölkənin məşhur bir qəzetində bir həkimin reklamı getdi. Həmin reklam indi də bizim ofisdə saxlanılır. Həkim Nobel mükafatına düşən xəstəliklərin müalicəsini öz üzərinə götürürdü. Amma sonda da yazılır ki, eybi yoxdur, xəstə şəklini göndərsin, mən ona diaqnoz qoyaram.

Digər məsələlərdən biri də malların üzərindəki etiketlərin reklam materialı hesab etməyimizdir. Məsələn, stolumun üzərində “Zolotoy Sad” nar şirəsi var. Yazır ki , 100 faiz nar şirəsidir, camaat bunu rus məhsulu, 100 faiz nar şirəsi kimi alır. Biz bunu neçə gündür saxlayırıq ,qıjqırma baş vermir. Amma təmiz yüz faiz nar şirəsini 3 gün soyuducuda saxlayandan sonra mütləq qıjqırır. Yəni tərkibində çoxlu inqredinetlər var. Bu inqredientlərin heç biri onun tərkibində yazılmayıb. Yaxud da ki, digər bir misalı çəkim. Dünən “Utenok” deyilən bir yuyucu maddə ilə bağlı təşkilatımıza bir şikayət daxil oldu. Əvvəla deyim ki, bu maddə milli dildə markalanmayıb. İstehlakçı bunun üzərində oxuyub və görüb ki, heç də onun tərkibi üzərində yazılanlara uyğun deyil”.

E.Hüseynov bildirir ki, Azərbaycanda tütünün reklamının qadağan olunmasına baxmayaraq, Heydər Əliyev adına hava limanında İsveç siqaretinin reklamı gedir: “Azad İstehlakçılar Birliyinin üzvü olaraq “Reklam haqqında qanun” lahiyəsi hazırlayıb, Milli Məclisə vermişik. Bu vaxta kimi atılan ən böyük addım budur. Bu qanun qəbul ediləndən sonra, hesab edirəm ki, vəziyyət dəyişəcək. Lakin hələki qəbul olunmaq barədə bir fikir yoxdur. Hesab edirəm ki, “Reklam haqqında qanun” qəbul edilən kimi bu neqativ hallar aradan qalxacaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti