Paşinyan hökuməti pat vəziyyətinə düşüb

   Paşinyan hökuməti    pat    vəziyyətinə düşüb
  25 Sentyabr 2024    Oxunub:1490
Moskva 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamə çərçivəsində Azərbaycan və Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqələrinin yaradılması ilə bağlı İrəvana öz üzərinə götürdüyü öhdəliklərini xatırlatdıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın həmin sənəddən imzasını geri götürəcəyi barədə iddialar xeyli intensivləşib.
AzVision.az xatırladır ki, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyyannamənin 9-cu bəndinə əsasən, Ermənistan “Zəngəzur dəhlizi” adlanan nəqliyyat kommunikasiyalarını nəinki bərpa etmək, həm də onlara nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd qoşunlarına vermək öhdəliyini götürüb. Bu öhdəliyin yerinə yetirilməməsi rəsmi İrəvana qarşı Rusiya, Azərbaycan və bu dəhlizin açılmasında maraqlı olan digər regional qüvvələrin davamlı təzyiqləri ilə üzləşdirir.

Belə təzyiqlərdən yayınmağa çalışan Ermənistan hökuməti 9-cu bəndin tələblərini qəribçiliyə salmaq üçün hətta ən absurd bəyanatlar səsləndirir. Nikol Paşinyanın iddiasına görə, Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi heç də Ermənistan tərəfindən sərhəd və gömrük nəzarətinin olmasını istisna etmir. Rusiya sərhəd qoşunlarının nəzarəti heç bir yerdə konkret şəkildə qeyd olunmayıb. İrəvan nəhayət, həmin sənədin Laçın dəhlizi və keçmiş Dağlıq Qarabağda rus sülhməramlıları tərəfindən təhlükəsizliyin təminatı edilməsi ilə bağlı müddəaları Moskvanın pozduğunu bildirib.

Bununla belə, özünün iddialarının nə dərəcədə absurd olduğunu anlayan rəsmi İrəvan hələ ki, Paşinyanın Üçtərəfli Bəyannamədəki imzasının rəsmən ləğv edilməsini dilə gətirmir. Hərçənd, erməni cəmiyyətində belə çağırışlar xeyli artıb.

Bir müddət əvvəl İrəvandakı “Regional Demokratiya və Təhlükəsizlik Mərkəzi”nin direktoru Tiqran Qriqoryan Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamədən öz imzasını geri götürməli olduğunu bildirib. Onun fikrincə, ötən ildə Qarabağda yaşanan hadisələrdən sonra bu, artıq əhəmiyyətini itirib. Qriqoryan, habelə əmindir ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələri dayandırmaq üçün Ermənistanın İran və Türkiyə ilə sərhədlərinə nəzarət edən Rusiyanın Sərhəd Xidməti bölmələri çıxarılmalıdır.

Eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalif “Erməni Milli Konqresi”nin vitse-prezidenti Levon Zurabyan, öz növbəsində, bu bəyanatdan əl çəkməyə çağırışları “son dərəcə təhlükəli” hesab edir. Onun sözlərinə görə, Ermənistanın hələ də baş nazirin imzasını geri götürməməsi “Nikol Paşinyanın tamamilə haqlı olduğu nadir hallardan biridir”.

“Bu müqavilə atəşkəsi tənzimləyən yeganə siyasi sənəddir. Yəni bu gün Azərbaycan və Ermənistanı atəşkəs vəziyyətində saxlayan məhz bu bəyanatdır. Sənədin 9-cu bəndinin yerinə yetirilməməsinə gəlincə, absurd vəziyyət yaranıb. Nikol Paşinyan bizi ideal bir dalana salıb. Baş nazir, şübhəsiz, haqlıdır ki, Sünik dəhlizindən çıxmaq Ermənistan üçün ciddi nəticələrə səbəb olacaq. Ancaq gəlin bunu anlayaq, nə etmək olar? Əgər alternativ yoxdursa, bu vəziyyətdə bizə kim kömək edəcək?”, - müxalif siyasətçi ritorik sual verib.

10 noyabr 2020-ci il Üçtərəfli Bəyannamənin müddəalarının yerinə yetirilməməsi ilə bağlı erməni cəmiyyətində yaranmış ikitirəlik Ermənistan hakimiyyətinin pat vəziyyətinə düşdüyünü, daha doğrusu, Paşinyan hökumətinin səbatsız siyasi nəticəsində dalana dirəndiyini sübut edir.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: Azərbaycan   Rusiya   Ermənistan  





Xəbər lenti