Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir
  08 Oktyabr 2024    Oxunub:547
Bakıda İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçirilir.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, iki gün davam edəcək forumda halal sənayenin inkişaf perspektivləri, bu sahədə standartlar, sektora investisiya qoyuluşu və əməkdaşlıq imkanları müzakirə ediləcək.

Dünyanın müxtəlif regionlarından olmaqla, forumda 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edirlər.



Tədbirin məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Forum müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə öz işinə başlayıb.

Tədbirin açılışında kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək bildirib ki, bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi və istehlakçılara keyfiyyətli ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. Nazir qeyd edib ki, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür.



İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo bildirib ki, halal sənayesi yalnız qida ilə bağlı deyil, bu sənaye həyatın bütün sahələrini əhatə etməkdədir. Ona görə də bu sahənin inkişafı ilə bağlı bizə müfəssəl yanaşma lazımdır. Qeyd edim ki, dünyada halal biznes və praktikalara maraq getdikcə artır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd edib ki, Azərbaycanda halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçiriləcəyi müəyyənləşdirilib. Sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil ediləcək.AQTA sədri, həmçinin əlavə edib ki, halal sertifikatlaşdırma üçün müraciət prosesinin asanlaşdırılması məqsədilə artıq müvafiq işlərə başlanılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, AZHAB Forum əməkdaşlığın gücləndirilməsi, bilik mübadiləsinin aparılması, məhsulların nümayişi, halal sənayedə etik və dayanıqlı təcrübələrin təşviqi ilə yanaşı, regionda biznesin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu təşəbbüslər Qarabağ və Şərqi Zəngəzurda milli-mədəni irsin dirçəldilməsi, eləcə də tarixi abidələrin əvvəlki əzəmətinə qaytarılması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Qafqaz Müsəlmanları İdarəsi sədrin birinci müavini Hacı Salman Musayev, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayxan, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, SMIIC-in Baş katibi İhsan Övüt çıxış ediblər. Çıxışçılar halal məhsul və xidmətlərin sertifikatlaşdırılması, bu sahədə standartlar, idxal-ixrac məsələləri, beynəlxalq bazarlarda rəqabət, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, investisiya imkanları və trendlər, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

Konfrans və sərgi olmaqla iki hissədən ibarət olan forumun sərgi hissəsində isə Azərbaycan və xarici ölkələrdən olan 30-a yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunur. Sərgidə nümayiş olunan məhsullar əsasən qida, tekstil, xidmət, İKT və təhsil sektorlarını əhatə edir.

Həmçinin forum çərçivəsində erməni işğalı zamanı Qarabağın maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərər haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Qarabağ Dirçəliş Fondunun “Qarabağda urbisid” fotosərgisi də nümayiş olunur.

Forum panel müzakirələrlə davam edir.


Teqlər:





Xəbər lenti