"Seçki günü yaxınlaşdıqca, ABŞ-yə kiberhücumlar artıb" - Politoloq

   "Seçki günü yaxınlaşdıqca, ABŞ-yə kiberhücumlar artıb" -    Politoloq
  09 Oktyabr 2024    Oxunub:797
"Amerika Birləşmiş Ştatlarında prezident seçkisi yaxınlaşdıqca, bu ölkəyə kiberhücumların sayı artıb. ABŞ Federal Təhqiqatlar Bürosu Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyi ilə birgə kənar müdaxilələrə qarşı mübarizəni gücləndirib. Bir müddət əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki qərargahına qarşı kiberhücumların həyata keçirildiyi açıqlanmışdı".
AzVision.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib:

"Vaşinqton bu hücumların arxasında İranın olduğunu bəyan etdi. Vaşinqtonun açıqlamasında İranın ABŞ-də ixtilaf yaratmağa və demokratik qurumlara inamı sarsıtmağa çalışdığı bildirilirdi. Bundan başqa İrandan olan haker qrupları Donald Trampa qarşı sui-qəsdlə bağlı paylaşımları maliyyələşdirdiyi açıqlandı.

Rusiyanın başı Ukrayna müharibəsinə qarışsa da, bu ölkənin də ABŞ-də prezident seçkisinə müdaxiləsinə dair şübhələr var. Donald Trampın 2016-cı ildə qələbəsi məhz Rusiyanın haker hücumları ilə əlaqələndirilmişdi. İddia edilirdi ki, Kremlin maliyyələşdirdiyi haker qrupları Trampın rəqibi Hillari Klinton haqqında yanlış məlumatlar yayaraq prezident seçkisinin nəticəsinə təsir etmişdilər. Vaşinqton Rusiya hökumətinin yönəltdiyi 32 internet domenini qapadıb. Kremlin maliyyələşdirdiyi müxtəlif saytlar amerikalı blogerlərin səhifələrindən də istifadə etməyə çalışaraq müxtəlif dezinformasiyalar yayırlar".

NYT: "Trampın son çıxışları artıq qocaldığını göstərir"
Politoloq onu da qeyd edib ki, Rusiyanın haker qrupları bu dəfə də ABŞ-dəki prezident seçkisinin nəticələrinə təsir etməyə çalışacaqlar:

"Kreml Donald Trampın qələbəsində maraqlıdır. Rusiya ümid edir ki, Tramp prezident seçilərsə Ukraynaya maliyyə və hərbi yardımı dayandıracaq. Bu baş verərsə, Ukraynanın müharibədə qələbə çalmaq və ərazi bütövlüyünü təmin etmək şansı azalacaq.
Vaşinqton Çindən də şübhələnir. “Amerikanın səsi” radiosunun xəbərinə görə, Çindəki internet rerursları ABŞ-ın siyasətinə təsir etmək üçün xəbər axınını artırıblar. Xəbər axını içərisində ABŞ-dəki yəhudi siyasətçilərin və onların ailə üzvləri haqqında məlumatların yayılması diqqəti çəkib.

Yayılan xəbərlərdə ABŞ prezidentinin həyat yoldaşının, keçmiş ABŞ prezidentinin kürəkəninin, keçmiş prezidentin anasının, dövlət katibinin, maliyyə nazirinin, dövlət katibinin müavininin, baş prokurorun yəhudi olduğu vurğulanıb. Bununla demək istəyirlər ki, ABŞ-ın siyasəti yəhudilərin təsiri altındadır. Vaşinqton bu cür xəbər axınını antisemitizmin əlaməti kimi qiymətləndirib. ABŞ rəsmiləri Çini qarşıdan gələn seçkilərin bütövlüyü üçün əsas təhlükə adlandırsalar da, Pekin bu iddiaları təkzib edib".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   seçki  





Xəbər lenti