Vətəndaşların narazılıqları əsaslıdır – Nazirlik

Vətəndaşların narazılıqları əsaslıdır – Nazirlik
  20 Aprel 2013    Oxunub:1173
Füzuli Ələkbərov vətəndaşlarla görüşüb
Möhtərəm ölkə rəhbərinin əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə dövlət orqanları qarşısında müəyyən etdiyi vəzifəyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq, 20 aprel 2013-cü il tarixdə Nazirlikdə nazir Fizuli Ələkbərov tərəfindən nazirlikdə Astara, Hacıqabul, Saatlı, Biləsuvar, habelə Bakının Nərimanov, Xətai, Sabunçu, Suraxanı, Xəzər rayonlarından və Sumqayıt şəhərindən olan 30 nəfərədək vətəndaş qəbul olunaraq, onların müraciətləri obyektiv və ədalətli şəkildə araşdırılıb.

Müraciətlər araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatlılıq səviyyəsinin aşağı olduğu müəyyən edilib. Belə vətəndaşlara müraciətlərində qaldırılan məsələlərlə bağlı hüquqi izahatlar verilib. Eyni zamanda, bir sıra vətəndaşların zəruri sənədləri toplayaraq təqdim edə bilməmələrinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən onların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər ünvanladığı məlum olub.
Müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bəzən vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni zamanda bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin vətəndaşlarda haqlı narazılıq yaratdığı müəyyən edilib.

Nazir Füzuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlara bu sahədə mümkün köməkliklərin göstərilməsi və s. barədə müvafiq strukturlara tapşırıqlar verib.

Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, «Özünədəstək» proqramına cəlb edilmələri qərara alınıb.

Onu da bildirək ki, 2012-ci il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə 20 dəfədən çox vətəndaş qəbulu həyata keçirilib, 700 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb.


Teqlər:  





Xəbər lenti