İsa Qəmbər statusunu itirəcək – Müsahibə

İsa Qəmbər statusunu itirəcək – Müsahibə
  30 Sentyabr 2014    Oxunub:2135
“Arif Hacılı Qubad İbadoğlundan daha önəmli adamdır”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavatda keçirilən səs-küylü qurultayla bağlı, Arif Hacılının başqanlığı və Müsavatı gözləyən istefalar, İsa Qəmbərin bundan sonrakı aqibəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

ADP sədrinin AzVision.az-a müsahibəsini təqdim edirik:

- Sərdar bəy, bildiyimiz kimi Müsavat Partiyasında başqan seçimləri başa çatdı və Arif Hacılı yeni başqan seçildi. Necə düşünürsünüz, Arif Hacılı Müsavata rəhbərlik edə biləcəkmi?

- Arif bəyin çox böyük təcrübəsi var. O , xalq hərəkatında da, demokratik hakimiyyətdə də iştirak edib. Dövlətçilik sahəsində təcrübəsi də var. Demək olar ki, Müsavat yaranandan bu günə qədər partiyanın təşkilati məsələlər üzrə müavini olub. Partiyanı daxildən yaxşı tanıyan, onun vəziyyətini bilən, partiya funksionerlərinin mövqeyi ilə yaxından tanış olan adamdır. Eyni zamanda Arif bəy İsa Qəmbərin strateji siyasətini tam mənimsəmiş adamdır. Bu baxımdan düşünürəm ki, Müsavatda müəyyən bir qrup parçalanma yaratmasa, partiya öz gücünü saxlaya biləcək.

- Arif Hacılının başqan seçilməsinin Müsavatda parçalanmaya səbəb olacağı haqda iddialar səslənir. Bu barədə nə deyə bilərsiniz?

- Mən hesab edirəm ki, bu, yenilik gətirəcək. Çünki lider kim olursa olsun partiyaya yeni ab-hava gətirəcək. Burada söhbət strateji jursdan yox, subyektiv amillərdən gedir. İnsanla bağlı bütün məsələlərdə obyektiv və subyektiv səbəblər var. Subyektiv səbəblər həmin insanın kimliyi ilə bağlıdır. Mən də düşünürəm ki, hətta strateji və taktiki siyasət hərfbəhərf eyni olsa belə onun icrası xüsusiyyəti Arif bəyin emosionallığı, əqli, xarakteri, manerası ilə bağlı olaraq fərqlilik yaradacaq.

- Seçki prosesində pozuntuların olması, Arif Hacılının başqan seçilməsi üçün İsa Qəmbər tərəfindən bəzi addımların atıldığı deyilir.

- Demokratiyanın əsas göstəricilərindən biri məğlubiyyətini səmimi qəlbdən etiraf etməkdir. Kim ki, məğlubiyyətini qəbul etmir, mən onu demokrat hesab eləmirəm. (Sərdar Cəlaloğlu bu fikirlərini başqan seçimlərində məğlub olan Qubad İbadoğluya işarə edir – red)
Nəzəri olaraq həm haqqı çatmağı, həm də təcrübə baxımından Müsavat Partiyasında Arif Hacılı Qubad İbadoğlundan daha önəmli adamdır. 2005-ci ildə parlament seçkilərində namizədlərin irəli sürülməsi zamanı Müsavat Partiyasında Qubad İbadoğluna olan münasibəti özüm etiraf etmişdim. Açığı deyim ki, mən Qubad İbadoğluna müsavatçılardan daha çox önəm verən adamam. Prezidentin onun kimi baş nazirinin olması çox yaxşı olardı. Amma seçkiyə gəldikdə isə orada əgər hansısa saxtakarlıq olsaydı Arif bəy daha çox səs çoxluğu əldə edərdi. Demokratiyanın göstəricilərindən biri də namizədlərin arasında böyük səs çoxluğunun olmamasıdır. Gördük ki, Arif Hacılı cəmi 2-3% səslə qalib gəlib. Kiçik səs fərqi olan seçkilərdə saxtakarlığın olduğuna qəti inanmıram. Dünyada da bu halı heç kim saxtakarlıq kimi qəbul etmir.

- Qurultayda İsa Qəmbər 2018-ci ilin prezident seçkilərinə namizəd kimi göstərildi. Bu, nə dərəcədə uğurlu addımdır?

- Yadıma gəlir ki, Gürcüstan prezidenti Şevarnadzenin də prezidentlikdən könüllü getməsi üçün ABŞ ona BMT-də vəzifə vəd etmişdi. Sonradan Şevarnadze də dedi ki, onu aldatdılar. Adətən gedən adamlar haqqında belə status müəyyənləşir. Amma prezident seçkilərinə 5 il var. O vaxta qədər Müsavat Partiyası öz monolitliyini saxlayacaq, ya yox? O vaxta qədər ümumiyyətlə prezident seçkiləri olacaq, ya yox? İsa Qəmbər özü namizədliyini verəcək, ya yox? Heç biri bilinmir. İndidən İsa Qəmbərin namizəd kimi göstərilməsi mənə elə gəlir ki, onun statusu ilə bağlıdır. Çünki ən azından onun ruhu Müsavatda saxlanmalıdır ki, partiyada parçalanmanın qabağını almaq olsun. Hərçənd düşünürəm ki, bu, İsa bəy üçün çətin olacaq. Çünki insanlar artıq şəxsi maraqları üçün vuruşur. Partiya maraqları üçün yox. Partiya marağı o halda insanlara yaxın olur ki, fərdi maraqlara cavab versin.

Mən AXCP ilə Müsavatın birləşməyini təklif edəndə demişdim ki, Əli Kərimli bu birləşmiş partiyanın sədri, İsa bəy isə prezidentliyə namizədi olsun. İndi Arif Hacılının partiyanın sədri İsa Qəmbərin namizəd olmağındansa, mənim dediyim variant daha real və ciddi məsələ idi. O təklifi Müsavat qəbul etməyibsə, bu şəkildə İsa Qəmbərin prezidentliyə namizədliyini elan etməklə uğursuz cəhd edib.

- AMİP təcrübəsi var ki, Etibar Məmmədov sədrlikdən getsə də ona lider statusu verildi. Eynisini Müsavatda da etmək olmazdı?

- Azərbaycan Milli İstiqlal Partiyası da, Azərbaycan Liberal Partiyası da bu təcrübədən istifadə etdi. Bu gün o partiyaların heç biri Etibar Məmmədov və Lalə Şövkətin sədr olduqları dövrdəki kimi fəal deyil. Açığını deyim ki, onlar özü də əvvəlki statuslarında olduğu kimi bir o qədər də diqqət mərkəzində saxlanmırlar. Bu qədər real təcrübəni görə-görə demək olmaz ki, İsa Qəmbər də gedəndən sonra öz əvvəlki statusunu saxlayacaq.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti