Saytın qonağı | `Rusiyada 20-yə yaxın azərbaycanlı yəhudi oliqarx var` - VİDEO

  10 Oktyabr 2014    Oxunub : 16579
Saytın qonağı | `Rusiyada 20-yə yaxın azərbaycanlı yəhudi oliqarx var` - VİDEO
AzVision.az saytının qonağı, 53 saylı Quba-Qusar seçki dairəsindən deputat Yevda Abramov oxucularımızın suallarına cavab verir.

Amil:

- Quba avtovağzalından Quba-Baki marşrutu üzrə normal formada bilet almaq olmur. Biletin qiyməti 2,75 AZN olduğu halda, 4 AZN nağd pul tələb olunur. Üstəlik bilet alana qarşı ciddi əngəllər, hətta təhdidlər olur. Mədəniyyətsizlik edirlər. Sanki bilet almaq yaxşı hərəkət deyil. Bu, yəqin ki, yerli formatda deyil. Buna qarşı nə vaxt bir tədbir görüləcək? Axı bilet bir mədəniyyətdir.




- Mən Amil qardaşımızın vəziyyətini başa düşürəm. 2 gün bundan qabaq şəxsən həmin avtovağzalda olmuşam. Düzdür, bir az seyrəklikdir. Amma mən inanmıram ki, orada biletlər dəyərindən artıq qiymətə satılsın. Çünki Quba avtovağzalında əvvəlki kimi ajiotaj yoxdur. Ola bilər, hansısa bayramlar ərəfəsində, məsələn, tələbələrin rayona gediş-gəlişi artanda sürücülər özləri qiymətləri qaldırsınlar - mən dana bilmərəm, bu hallar var. Belə hallar haqqında bizə də yazırlar.

Biz Nəqliyyat Nazirliyilə mütəmadi əlaqə saxlayırıq. Bu cür xroniki xəstəlik tək Quba avtovağzalına aid deyil, digər rayonlarda və Bakı avtovağzalında da rast gəlinir. Mən xahiş edərdim ki, Amil qardaşımız bu haqda rəsmi olaraq bizə məktub yazsın. Həmin növbədə kimin bilet satışında olduğunu desəydi, lazımı ölçü götürərdik.


Tamerlan:

- Yevda müəllim, deyirlər 2015-ci ildə Qubadan Hacı Abbas adlı bir gənc deputat olacaq, eşitməmisiniz?




- Vallah, əvvəlcədən heç kim öncəgörənlik edə bilməz ki, kimsə deputat olacaq. Amma Hacı Abbas da olacaqsa, mən buna sevinərəm. Deputatlıq nə Yevda müəllimin, nə də ki, Vahid müəllimin boynuna ölçülməyib. Ola bilər, biz öz işimizi görüb siyasətdən getməliyik ki, tanımadığım Hacı Abbas və digərləri də gəlsin. Allah yolunu açıq etsin.


Arzu:

- Sizin Quba rayonu ərazisində fəaliyyət göstərən və çayları viran qoyan qum-çınqıl karxanalarına münasibətiniz necədir? Onlar hətta əhali yaşayan hissələrdə və körpülərin yaxınliğında belə fəaliyyətdədirlər...




- Tamamilə doğrudur, mənim yaralı yerimə toxundunuz. Əgər həmin oxucu mənim millət vəkili kimi fəaliyyətimi izləsə, görər ki, 2 il bundan qabaq hökumətin hesabatında Qubanın başına açılan oyunlar, Quba çaylarından aparılan sərvət və qum-çınqıl problemini mən qaldırmışam. Quba almasının xəstəliyi, dərmanların zəifliyi, çınqıllarımızın daşınması, məmurların bundan qazanması bir yenilik deyil. Amma oxucu da bunu sezibsə, biz elliklə buna qarşı mübarizə aparmalıyıq.

İrfan:

- Salam, hörmətli deputat. Zəhmət olmasa deyin: İsrail parlamentinin Xocalı soyqırmını tanıması üçün nə etmək lazımdır
?



- Xocalı soyqırımını tanıması üçün mən 5 ildən çoxdur İsrail parlamentində dostluq qrupu ilə təmasdayam. O vaxtın xarici işlər naziri xanım Livni ilə, sonra cənab Libermanla bu məsələni müzakirə etmişik. Və bir dəfə çox geniş spektrdə Xocalı dinləmələri olub. Xocalı soyqırımını tanıtmaq üçün yalnız parlament səviyyəsində deyil, Xarici İşlər Nazirliyi, hökumət səviyyəsində, həm də mütəmadi olaraq səfirlər səviyyəsində iş aparmaq lazımdır. Çox təəssüflər olsun ki, bizdə hələlik diplomatik missiyalar birtərəfli işləyirlər. İsrailin Azərbaycanda səfirliyi var, Azərbaycanın isə İsraildə səfirliyi yoxdur. Gələcəkdə bu məsələ həllini taparsa, Xocalı soyqırımını tanıtmaq daha asan və real olacaq.

Famil:

- Yevda müəllim, salam, Qubanın millət vəkili kimi nə vaxtsa başçı ilə söhbətdə demisinizmi ki, ay başçı, bu avtovağzaldakı keçid haradan ağlına gəldi?




- Xeyr bu məsələ barədə yox, amma ümumiyyətlə, avtovağzalın lap uzaq yerdə tikilməsi barədə bundan əvvəlki icra başçısı Rauf Həbibovla müzakirə aparmışdıq. Bəli olmuşdu ki, həmin yer Nəqliyyat nazirliyi ilə müzakirə olunub tərəflərin hər ikisi bəyənib, xalqın rəyi nəzərə alınaraq, avtovağzal orada tikilib.

Zeynalabdin:

- Hörmətli millət vəkili Yevda Abramov! Sizə xüsusi hörmətim var, bunun səbəblərini açıqlamaq istəmirəm. Sualım belədir: siz özünüzü daha çox Azərbaycan vətəndaşı hesab edirsiniz, yoxsa yəhudi? Əvvəlcədən təşəkkür edirəm.




- Çox minnətdaram. Bu sual mənə Amerikada da verilib. Və mən böyük qürurla deyirəm ki, yəhudi olmağımdan əvvəl Azərbaycan kimi gözəl bir dövlətin vətəndaşı olmağımdan qürur duyuram.


Hızlı Muhabir:

- Sayın Abramov, AzVision.az aracılığıyla hizlimuhabir.com sitemizə vermək üçün 3 sorum olacak.
Son zamanlarda Türkiye-İsrail arasındakı gerilim Gazze olayları nedeni ile gerilmekte ve Türkiye halkından da büyük tepki almakta. Hatta belediyeler de bu işe dahil olarak, İsrail ürünlerini boykot ettiler. Azerbaycandaki yahudilerin bu konuya bakış açısı nedir?
Türkiyedeki yahudilerle ilişkileriniz hangi düzeydedir?
Azerbaycan-İsrail ilişkilerinin gelişmesinde Ermenilerin etkisi varmıdır, varsa bu sorunlar hangileri?



- Mən də Türk arkadaşımı buradan salamlayıram. Çox incə bir sualla müraciət edir. Əlbəttə, Türkiyə və İsrail uzun illər əmin-amanlıq şəraitində bölgədə mövcud olublar. Çox təəssüflər olsun ki, Davos məsələsi, “one minut” söhbətində Türkiyə ilə İsrail arasında bir soyuqluq əmələ gəldi. Amma mən o vaxt da demişəm, bu gün də deyirəm - bu soyuqluq xalqlara aid deyil.

Mənə elə gəlir ki, türk xalqı yəhudiləri, İsraili həmişə dəstəkləyib. 1492-ci ildə yəhudilərin İspaniyadan çıxarılmasında Türkiyə paşasının böyük rolu olub. Hətta onları axıra qədər xəzinənin pulu ilə İspaniya krallığından Türkiyəyə gətiriblər. Biz bunun üçün türk xalqına daim minnətdarıq. Bütün İsrail xalqı bunu unutmur.

O ki qaldı İsrail mallarına embarqo qoymağa, mənə elə gəlir ki, siyasi münasibətlər ticari münasibətlərə zərər verməməlidir. Türkiyədə turizmin inkişafı israillilərin ora gəlməsindən çox asılıdır. İsrail dövləti uzun illər içməli suyu Türkiyədən alıb. Bu, sadə bir misaldır, onları çoxaltmaq də olar. O ki, qaldı bələdiyyələrin buna müdaxilə etməsi, bələdiyyələrin bu işə etirazı varsa , mən onları alqışlayıram.

Mən bu məsələləri Türkiyədə də müzakirə etmişəm, İsrail knessetində də. Böyük Millət Məclisinin millət vəkilləri, bizim dostluq qrupumuz bu məsələləri müzakirə edib. Biz demişik ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. İsrailin Türkiyə ilə olan münasibətləri azərbaycanlılara da bir mənfi emosiya gətirir. Ona görə, bu məsləyə bir son vermək lazımdır. Çox təəssüflər olsun ki, dövlətlər arasında bu münasibətlər hələ də gərgin olaraq qalır. Baxmayaraq ki, İsrail dövləti “Mavi Mərmərə” gəmisində olanlara görə üzr istədi, hər bir ailəyə kompensasiya verməyə hazır olduğunu bildirdi, amma Yaxın Şərqdə Türkiyə ilə İsrailin ulduzu barışmır. Burada başqa söhbətlər də var yəqin ki, türkiyəlilər də bunu başa düşürlər.

Bu gün Ərdoğanın apardığı Yaxın Şərq siyasətində böyük korrektələr var. Mənə elə gəlir ki, Atatürkün Yaxın Şərqə münasibətində böyük dəyişikliklər olub. Ərdoğan özünün Yaxın Şərq ölkələri barədə konsepsiyasını verib. Yəqin ki, o, ərəb ölkələri içərisində lider müsəlman dövlət başçısı olmaq fikrinə düşüb. Bu, onun şəxsi işidir. Amma yenə deyirəm ki, iki dövlət başçısı arasında, ya xarici işlər nazirləri səviyyəsində olan bəzi məsələlər iki xalqın adına yazılmamalıdır.



3-cü suala gəlincə isə, bəli, ermənilərin etkisi vardır. Tamamilə doğrudur. Ermənilər bu boşluqdan istifadə edir, İsraili Türkiyəyə qarşı qalxmağa təhrik edir. Xüsusilə bu gün İsraildə seçilən yeni prezident özünün tutduğu mövqeyə görə bir növ ermənilərə daha yaxındır. Və Türkiyə ilə siyasi bazarlıq etməklə, Türkiyənin İsraillə əvvəlki münasibətlərini yenidən bərpa etmək üçün “erməni soyqırımı”nın tanınmasını dilə gətirməklə spekulyativ hərəkətlər edir.

Bu işdə ermənipərəst deputatların, xüsusilə İsrail parlamentində müəyyən yerləri olan ərəb yönümlü partiya "Mereç" in böyük rolu var. Xüsusilə İsraildə seçilən və böyük elektoratı olan ərəb deputatlar qondarma “erməni soyqırımı” məsələsini knessetdə qaldırmaqla hədələyirlər. Bu, bir növ adətə çevrilib.


Ağaxan:

- Yevda bəy, Siz yəhudisiniz və İsraillə sıx əlaqələriniz var. Azərbaycan vətəndaşı olaraq, İsrailin işğalçı Ermənistana və onların Amerikadakı tərəfdaşlarına qarşı sərt mövqedən çıxış etməsi, Qarabağın işğaldan azad edilməsilə bağli hansı addımları atmısınız?

2-ci sual: Rusiyada olan milyarderlərin 90%-i yəhudilərdir, Ermənistanı dəstəkləyən əsas qüvvə də Rusiyadır. Həmin milyarderlərlər Rusiyanın dövlət siyasətinə təsir göstərə bilərlərmi?

3-cü sual: Cənab Prezident İlham Əliyev hər zaman Azərbaycanda yaşayan digər azsayli xalqlar kimi yəhudilərin də rifahının yaxşılaşdırılması üçün önəmli tədbirlər görür. İsrailin Prezidenti orada yaşayan azərbaycanlılara ,onların yaşayışına eyni diqqəti göstərirmi?




- 1) İsrail Azərbaycana, bizim dostluq qruplarına yaxından və böyük köməklik edir. Xüsusilə Amerikada yəhudi lobbiçiliyinin güclənməsi, hər iki palatada azərbaycanlı dostların sayının artırlmasında yəhudi senator və konqresmenlərin böyük rolu var. Bu işi biz İsrail dövlətinin və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin əli ilə, həm də Ukraynada olan yəhudi dostlarımızın əli ilə görürük.

Ona görə də, son 6-7 ildə həm Konqresdə, həm də Senatda Azərbaycan dostlarının sayı 60-a qalxıb, halbuki, bunlar 9-10 nəfər idi. Burada əlbəttə ki, cənab prezidenti apardığı uğurlu siyasət, onun xanımının Amerikada gördüyü humanist işlər, həm də İsrailin, məşhur yəhudilərin orada bizə kömək etməsi rol oynayır.

Bu, zarafat deyil, təkcə mənim çağırışım ilə Amerika Yəhudi cəmiyyətinin sədri Devid Harris 3 dəfə Azərbaycana gəlib. Bu adam Amerikada çox nüfuzlu şəxslərdən biridir. Onun Azərbaycana gəlişi böyük göstəricidir.

2) Mən deyə bilmərəm ki, dünya milyarderlərinin 90%-i yəhudidir. O rəqəmlə razı deyiləm. Ancaq bəli, əsli Azərbaycandan olan dağ yəhudilərindən bu gün 20-yə qədər oliqarx Rusiyada fəaliyyət göstərir. Bunlar iqtisadi yollarla pul qazanırlar, siyasətlə yox. Bunlar biznesmendir, siyasətə qarışmırlar. Amma bütün bunlara baxmayaraq, onlar Azərbaycanda doğulan, Azərbaycanın təəssübünü çəkən insan kimi yeri düşəndə bizim Qarabağ və Xocalı həqiqətlərimizi Rusiya elitasına çatdırırlar. Yeri gələndə Azərbaycan dövlətinə, müdafiə fondumuza yardım göstərirlər. Mən yenə də deyirəm, bunlar iş adamlardırlar, diplomat deyillər. Siyasət sahəsində böyük gözləntilərimiz yoxdur, ola da bilməz.



3) Azərbaycan tolerant dövlətdir. Milli azlıqların hər biri Azərbaycan dövlətinin qəyyumluğundadır, təhlükəsizlik zəmanətindədir. İsrail də demokratik dövlətdir. Orada 1 milyon 150 minə qədər ərəb yaşayır. Bunlar da müsəlmandır. Minlərlə azərbaycanlı qarışıq nikah yolu ilə orada yaşayır, işləyirlər. Orada heç bir millət üçün sıxıntı yoxdur. Ölkədə məscidlər, qəbirstanlıqlar var. Hər bir millət azaddır.

O ki qaldı hər bir millətin ayrı- ayrılıqda maddi rifahının yaxşılaşdırlması üçün dövlətin fərman verməsinə - belə bir şey yoxdur. Amma buna baxmayaraq, Qafqazdan gələlər üçün təhsil almaqda bəzi güzəştlər var. Yaxud, yerli ərəbləri bir sıra məsələlərdən azad edirlər. Onların çoxuşaqlı olması üçün məhdudiyyət yoxdur. Əsgərliyə getməsinə qadağa qoyulmayıb.

İsrailin öz qanunlarına uyğun şəkildə millətlərə münasibəti var. Azərbaycan isə azsaylı millətlərə başqa cür siyasətlə yanaşır. Mənə elə gəlir ki, hər iki ölkədə yaşayan xalqlar ölkə başçılarının onlara olan münasibətindən narazı deyillər.

Samir:

- Niyə yəhudilər başqa xalqlardan daha ağıllıdırlar?




- Xüsusi prioritet verməzdim ki, yəhudilər başqa xalqlardan ağıllıdırlar. Amma müəyyən kriteriyalar üzrə götürsək, Nobel mükafatı laureatları arasında, milyarderlərin arasında yəhudilər daha çoxdur. Mənə elə gəlir ki, bu, millətin genefondundan gəlir. Tarixən yəhudiləri ağıllı insanlar siyahısına yazıblar və mənə elə gəlir ki, bunu doğruldublar da. Amma deyim ki, banan, ya balıq çox yedikləri üçün ağıllanırlar - düz olmaz.

İlqar Vəliyev:

- Yəhudilər haqqında lətifələrdən xoşunuza gələni var? Birini danışa bilərsiniz?




- Əgər o lətifənin baş və müsbət qəhrəmanı yəhudidirsə, ondan xoşum gəlir, əksinədirsə, xoşum gəlmir.

(Ardı var)

Şahanə Rəhimli
Nuron Məmmədov

Teqlər: