`Korrupsiya ilə mübarizə tarixi Bakıda davam edir` – Martin Kreutner

`Korrupsiya ilə mübarizə tarixi Bakıda davam edir` – Martin Kreutner
  19 Noyabr 2014    Oxunub:1784
Bakıda, `Four Seasons` otelində Beynəlxalq Antikorrupsiya Akademiyasının üçüncü sessiyası işə başlayıb. Öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov İlham Əliyevin tədbir iştirakçılarna təbrik məktubunu oxuyub.

Müraciətdə deyilir ki, Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq tədbirlərin aktiv iştirakçısıdır. Şəffaflıq, açıq xidmət göstərilməsi Azərbaycan üçün prioritetdir. Prezident inanır ki, yeni beynəlxalq qurum olan Beynəlxalq Antikorrupsiya Akademiyası da bu sahədə öz töhfələrini verəcək.

Daha sonra Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı katibi Martin Kreutner akademiyanın sürətlə inkişaf etdiyini və artıq dünya əhalisinin üçdə ikisini əhatə etdiyini bildirib. O, ölkəmizin İACA-ya qoşulduğu vaxtdan onun işində fəallıq göstərdiyini deyib.

Kreutner Bakıda keçirilən bu tədbirin akademiyanın təşkilat kimi möhkəmləcəyinə böyük təkan verəcəyini söyləyib. O, ölkəmizin bu məsələdə dəstəyini və tədbirin təşklatçılığını yüksək dəyərləndirib.

O, deyib ki, Beynəlxalq Antikorrupsiya Akademiyası korrupsiya ilə mübarizəni gücləndirmək üçün `Böyük İyirmilik` ölkələrilə işbirliyini gücləndirəcək. Hazırda Assambleya bu məqsədlə İOP 2.2 layihəsini həyata keçirir. “Bizə qoşulan ölkələrin sayı artdığı kimi, qətiyyət və iradəmiz də artmalıdır”,- deyən Kreutner korrupsiya ilə mübarizəyə daha çox maliyyə yönəldilməli olduğunu vurğulayıb.

Kreutner korrupsiya ilə mübarizənin qısamüddətli iş olmadığını, tarix olduğunu və bu tarixin Bakıda davam etdiyini bildirib.

Azərbaycanın baş prokuror Zakir Qaralov Azərbaycanın yenidən nüfuzlu beynəlxalq təşkilat sayılan Beynəlxalq Antikorrupsiya Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirə ev sahibliyi etməsinin əlamətdar hadisə olduğunu qeyd edib.

O, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyini həyata keçirdiyi müddətdə Dövlət Başçısı İlham Əliyevingüclü siyasi iradənin nəticəsində korrupsiyaya qarşı mübarizənin prioritetlər sırasına daxil edildiyini bildirib.

Baş prokuror Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədən, Beynəlxalq Antikorrupsiya Akademiyasının üzvü kimi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini vurğulayıb.

Tariyel Həsənov
AzVision.az




Teqlər:  





Xəbər lenti