Qərbi Azərbaycanın gizli işğalı – ARAŞDIRMA, SƏNƏDLƏR

Qərbi Azərbaycanın gizli işğalı – ARAŞDIRMA, SƏNƏDLƏR
  19 Yanvar 2015    Oxunub:22507
Füzuli Sabiroğlu
Xüsusi olaraq AzVision.az üçün

1945-ci il aprel ayının 19-da erməni arxiyepiskopu Gevorq Srbazyan SSRİ Xalq Komissarları Soveti yanında Dini İşlər üzrə Şuranın sədri Polyanskinin müşayiəti ilə İosif Stalinin qəbuluna gedirdi. Bir neçə uğursuz cəhddən sonra Srbazyan nəhayət ki, bu görüşə razılıq ala bilmişdi. Onun düşüncəsinə görə, bu görüş erməni xalqının taleyində köklü dəyişikliklərə səbəb olmalıydı.

Rəsmi olaraq Stalinlə görüşün reqlamentində Eçmiədzin kilsəsinin bəzi səlahiyyətlərinə rəsmi statusun verilməsi olsa da, bunun arxasında bütün Qafqaz regionu üçün, xüsusən də orada yaşayan azərbaycanlılar üçün gələcək faciələrin əsasını qoyacaq bir məsələnin müzakirəsi dayanırdı: Sovet İttifaqının ermənilərin xeyrinə Türkiyəyə torpaq iddiası və xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına repatriasiyası. Bu məsələlərdə Sovet hökuməti əsas müttəfiq kimi erməni kilsəsini görürdü.

Sonralar bütün ermənilərin VI katolikosu seçilən Srbazyan həmin görüş haqqında xatirələrində yazırdı:

“Kilsə məsələlərini müzakirə etdikdən sonra Stalin dedi: “Tezliklə müharibə qurtaracaq. Bizim hökumətimiz 1920-ci ildə Türkiyəyə verilmiş Qərbi Ermənistan torpaqlarını geri almaq fikrindədir. Bu ərazilərdə ermənilər yerləşdirilməlidir. Buna görə də həmin dövrə qədər Ermənistan ərazisinə 100 minlərlə erməninin miqrasiya olunmasını nəzərdə tutmuşuq. Tezliklə bu barədə hökumətin qərarı olacaq. Siz də bu işdə bizə yardım etməlisiniz”.
Bu gözlənilməz şad xəbərdən özümü itirdim və bir anlıq elə gəldi ki, bütün bunlar yuxudur və mən özümü ələ alıb Stalinə dedim: “Erməni kilsəsinin arxivlərində şahların, sultanların, çarların və başqa yüksək məqam sahiblərinin imzaladığı fərmanlar və əmrlər var. Onları biz göz bəbəyi kimi qoruyuruq. Yaxşı olardı ki, bu imzalar içərisində sizin erməni kilsəsinə və erməni xalqına xüsusi diqqətinizin təsdiqi olan imzanız da olardı”.

Bir neçə aydan sonra SSRİ Xalq Komissarları Sovetinin sədri İ. Stalin Gevorq Srbazyanın bu arzusunu da yerinə yetirdi. Belə bir qərar 1945-ci il noyabr ayının 21-də imzalandı.

Bu, xaricdən ermənilərin Sovet Ermənistanına qaytarılması tədbirləri haqqında SSRİ Xalq Komissarları Sovetinin 2947 N-li Qərarı idi. (Nüsxələri Ermənistanın Dövlət Arxivində və Eçmiədzin kilsəsinin Arxivində saxlanan, Ermənistanda yaşayan azərbaycanlıların taleyində birbaşa rol oynamış bu sənədin mahiyyətindən indiyədək az-çox xəbərimiz olsa da, onun tam mətninin oxucular üçün maraqlı olacağını düşündük.) Sənəddə deyilirdi:

“Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 25 illiyinin qeyd edilməsilə bağlı SSRİ Xalq Komissarları Soveti QƏRARA ALIR:

Xaricdə yaşayan ermənilərin vətənə - Sovet Ermənistanına qayıtmaq üçün onlara icazə verilməsi haqqında müraciətlərini və Ermənistan SSR rəhbər orqanlarının köçmək arzusunu bildirmiş xaricdə yaşayan ermənilərin qayıdışını təşkil etmək üçün Ermənistan SSR Xalq Komissarları Sovetinə icazə verilməsi haqqında zəmanəti nəzərə alınsın.

1. Ermənistan SSR hökumətinin Ermənistan SSR Xalq Komissarları Soveti yanında erməni-miqrantların qəbulu və yerləşdirilməsi üzrə Komitənin yaradılması təklifi qəbul edilsin.

2. Ermənistan SSR Xalq Komissarları Sovetinə tapşırılsın ki, vətənə qayıtmış erməniləri fərdi mənzil tikintisi üçün yaşayış evinin 50 %-i məbləğində dövlət krediti ilə təmin etsin.

3. Xaricdən SSRİ-yə qayıdan erməni vətəndaşlar, xaricdən yaşayış yerinə gətirdikləri şəxsi əmlaka görə gömrük xərclərindən azad edilsinlər”.


1827-1920-ci illər ərzində ermənilərin tarixi Azərbaycan torpaqlarına kütləvi köçürülmələrini (təxmini hesablamalara görə 1 milyon 500 min-dən yuxarı) nəzərə almasaq, Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra da köçürülmə prosesi dayanmamışdı. Regiona 1921-1925-ci illər ərzində 19.688 nəfər, 1926-1936- cı illər ərzində isə 22.595 nəfər erməni köçürülmüşdü. Planlaşdırılan bu köçürülmə miqyasına görə istər say etibarı ilə, istərsə də dünyadakı erməniləri əhatə dairəsinə görə ən böyük olmalıydı. İlkin dövr üçün ərizə ilə müraciət etmiş 360 000 erməninin köçürülməsi nəzərdə tutulmuşdu.

1946-cı ildən başlayaraq xaricdə yaşayan ermənilərin ilk dəstələri Ermənistana gəlməyə başladı. Sovet təbliğat maşını və erməni kilsəsi təşviqat işini elə qurmuşdu ki, müxtəlif ölklərdə yaşayan erməni koloniyaları tezliklə SSRİ-yə köçməyə can atır, SSRİ-nin bu ölkələrdəki səfirliklərinə kütləvi müraciətlərin ardı-arası kəsilmirdi. Ancaq Sovet hökuməti belə kütləvi köçürülmələr zamanı ölkə ərazisinə düşmən elementlərin soxulacağından ehtiyat edərək, prosesi mərhələlərlə və ciddi yoxlamalar keçirməklə aparırdı.

Oxuculara ilk dəfə təqdim olunan başqa bir sənəd - Xarici İşlər Xalq Komissarının müavini V.Dekanozovun imzası ilə SSRİ-nin ABŞ, Fransa və Türkiyədəki səfirliklərinə, Misir və İraqdakı nümayəndəliklərinə göndərilmiş “məxfi” qrifli məktubda maraqlı məqamlar yer alıb. Bu məktubun mətnini də olduğu kimi təqdim edirik:

“Xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılması haqqında SSRİ XKS-nin 21 noyabr 1945-ci il qərarı ilə bağlı olaraq, SSRİ-nin Səfirlik, Nümayəndəlik və Konsulluqlarından ermənilərin vətənə köçürülməsi üzrə praktiki tədbirlərlə bağlı sorğular daxil olur.

Məlumunuz olsun ki, Ermənistan SSR hökuməti bu il Bolqarıstan, Rumıniya, Yunanıstan, Suriya, Livan və qismən də İrandan ermənilərin ilk dəstəsinin köçürülməsini nəzərdə tutub. Erməni koloniyalarının mövcud olduğu başqa ölkələrdən -xüsusən də ABŞ, Fransa, Misir, Türkiyə və İraqdan bu il ermənilərin kütləvi şəkildə köçürülməsi nəzərdə tutulmur. Bu ölkələrdən yalnız, Ermənistan SSR XKS-nin yanında Xaricdən gələn ermənilərin qəbulu və yerləşdirilməsi Komitəsinin xüsusi olaraq müyyənləşdirdiyi ayrı-ayrı şəxslərin və ya qrupların köçürülməsindən söhbət gedə bilər. Bütün bunları nəzərə alaraq, bizim ABŞ, Fransa, Misir, Türkiyə və İraqdakı Səfirlik, Nümayəndəlik və Konsulluqların diqqəti ermənilərin köçürülməsi məsələsində aşağıdakılara yönəldilməlidir:

a) Sovet Ermənistanına köçmək istəyən ermənilərin siyahısının tərtibi üzrə hazırlıq işləri görülməlidir. Bu işlərin görülməsində yerli mütərəqqi erməni təşkilatlarının köməyindən istifadə etmək məqsədəuyğun olardı.

b)Ermənilərin birinci növbədə köçürülməyə daha çox ehtiyacı olan kontingentini müəyyən etmək lazımdır.

v) mütərəqqi erməni təşkilatlarının və xeyriyyə cəmiyyətlərinin xaricdə yaşayan ermənilərin vətənə köçürülməsinə yardım fondlarına vəsait toplanması təşəbbüsünə dəstək vermək lazımdır.

Bu məsələlərlə bağlı Ermənistan SSR XKS-nin yanında Xaricdən gələn ermənilərin qəbulu və yerləşdirilməsi Komitəsi xaricdə yaşayan ermənilərin mütərəqqi fikirli təşkilatlarının və xeyriyyə cəmiyyətlərinin rəhbərlərinə məktubla müraciət edib. Siz bu təşkilatlara onların fəaliyyətində lazımi dəstəyi göstərməlisiniz”.

Bu məktubdan sonra, 1947-ci ilin may ayında Nyu-Yorkda Ümumdünya Pan-Erməni Konqresi keçirildi. Konqresdə 22 ölkədən 715 nümayəndə iştirak edirdi. Konqresin gündəliyindəki əsas məsələlərdən biri də xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili idi.

Sovet hökuməti Konqresin işini yaxından izləyirdi. Onun burada maraqlarının əsas müdafiəçiləri nə qədər qəribə görünsə də erməni kilsəsinin dünyanın müxtəlif yerlərindən gəlmiş nümayəndələri idi. Bu işdə əsas ağırlıq SSRİ-nin ABŞ-dakı baş konsulu Yakov Lomakinin üzərinə düşürdü. Çünki, Sovet İttifaqına köçürülənlərin bütün qeydiyyatı SSRİ-nin ABŞ-dakı baş konsulluğunda aparılırdi.

Bu işdə baş konsulun əsas məsləhətçisi SSRİ Xarici İşlər Xalq Komissarlığının İqtisadiyyat şöbəsinin müdir müavini Hamazasp Arutunyan idi. 1947-ci il noyabr ayının 2-də Nyu-Yorkda Valdorf-`Astoriya` mehmanxanasının zalında ABŞ Erməni Milli Şurası minnətdarlıq əlaməti olaraq SSRİ-nin baş konsulu Yakov Lomakin və professor Hamazasp Arutunyanın şərəfinə banket təşkil etdi.



Beləliklə, 1946-1949-cu illər ərzində xarici ölkələrdən Ermənistana 89637 nəfər erməni köçürüldü. Bu cədvəldən də göründüyü kimi, köçürülmələrin ən intensiv dövrü 1946, 1947-ci illərə təsadüf edir. Elə Ermənistan SSR rəhbərliyi də bundan çox məharətlə istifadə etdi. Xaricdən gələn ermənilərin yerləşdirilməsinin çətin olduğunu bəhanə edən Ermənistan KP MK-nın birinci katibi Q. Arutinov “vəziyyətdən yeganə çıxış yolunu” Ermənistandan yüz min əhalinin Azərbaycana köçürülməsində görürdü.

ArdıBURADA

Qalereya




Teqlər:  





Xəbər lenti