Kim daha rüşvətxordur? - Kişi, yoxsa qadın…

Kim daha rüşvətxordur? - Kişi, yoxsa qadın…
  31 Yanvar 2015    Oxunub:6955
El arasında rüşvətə “şirinlik” deyilir. Yəni, hansısa işini asan etmək üçün dövlətin qanunlarından kənara çıxıb kiməsə pul verirsən, yaxud da öz vəzifəsindən sui-istifadə edən dövlət məmuru səndən “hörmət” xatirinə şirinlik-pul istəyir. Bu rüşvətin yazılmamış tərifidir. Tərifi nə qədər bəsit olsa da bu bəladan qurtulmaq o qədər də asan məsələ deyil.

Artıq bir neçə ildir ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi ölkədəki rüşvətxorluqla mübarzə aparmağa çalışsa da yenə də rüşvət alanlar da var, verənlər də... Necə deyərlər rüşvət alanın əlini kəssən də, ayağ ilə alacaq.

Məsələn , 2014-cü ilin I yarımili ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə, 4 şəxs barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 4 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 25 iş dələduzluq və digər faktlarla əlaqədar olub.

Son vaxtlar isə əsas mübahisə doğuran məqam budur – görəsən kişilər daha çox rüşvət alır, yoxsa qadınlar?

AzVision.az bu sualın cavabını tapmağa çalışıb.

Psixoloq Murad İsayev hesab edir ki, qadınlar daha çox rüşvət verməyə meyillidirlər. Psixoloq bunun da öz səbəblərinin olduğunu deyir. Onun sözlərinə görə, qadınlar həddindən artıq uzun-uzadı məsələlərin həllində həm vaxt, həm də səbir baxımından dözümsüzlük göstərirlər. Buna görə də, daha asan yollar axtarırlar.

M.İsayev deyir ki, əks cinsdə isə beynin sol yarımkürələri daha çox inkişaf etdiyindən və riyazi məntiq daha güclü olduğundan məsələnin sonuna kimi gedib çıxmağa çalışırlar:

“Xanımlar işin daha tez həllini tapmaq üçün daha qısa və alternativ yollar axtarırlar. Təbii ki, bu kimi hallar qadınların daha çox rüşvət vermələrinə səbəb olur”.
Rüşvət almağa gəlincə, kişilərin daha çox “hörmətə” meyilli olduğunu deyən psixoloqun sözlərinə görə, bu, zərif cinsin kişilərə nisbətən daha az vəzifədə olmaları ilə bağlıdır:

“Qadınlar kişilərlə müqayisədə daha az rüşvət alır. Çünki xanımlar kişilərdən fərqli olaraq daha səbrlidirlər. Onlara müraciət edənlərə istiqamət verərək onu yönləndirirlər. Məsələn, təcrübələrin çoxu göstərir ki, ciddi bir idarəyə gedərkən və həmin xidmətdə xanım gördükdə insandasanki sakitlik, mülayimlik yaranır.Çünki hamı bilir ki, kişilər qarşıdakı insanla daha kobud rəftar edilər. Qadınlar isə insanlara kömək etməyə cəhd göstərir”.

Sosioloq Cavid İmamoğlu statistikada rüşvətxorluq üzrə cinayət törətmiş şəxslər arasında cins bölgüsündə kişilərin qadınları qabaqladığını deyir. Onun sözlərinə görə, buna səbəb qadınların bir çox hallarda qərarverici, icra edici orqanlarda faiz nisbəti ilə kişilərdən az olmasıdır:

“Təbii ki, siyasi, iqtisadi və ictimai həyatda qadınların və kişilərin iştirakı bərabər olsaydı, o zaman statistikada da xeyli dəyişikliklər olmuş olardı. Digər bir tərəfdən Azərbaycan reallığında mentalitet qaydaları çərçivəsində bir çox hallarda rüşvət başında yaxalanmış qadınlar məhz qadın olduğuna görə cinayət məsuliyyətinə cəlb edilmirlər. Ona görə də rəsmi statistikaya düşmürlər. Halbuki, kişilərə bu məsələdə “güzəşt” yoxdur. Ancaq, rüşvət almaq və rüşvət vermək özü bir sosial fenomendir və cins tanımır. Bu siyasi-ictimai şəraitdən bir başa aslıdır”.

Sosioloq Azərbaycan reallığında hər iki cins arasında rüşvət almaq və ya vermək kimi “vərdişin” müşahidə olunduğunu deyir:

“Müşahidələr göstərir ki, bəzi şirkət və ya müəssisələrdə sosial normalar və işçi rifahı var. Həmin idarələrdə cinsindən aslı olmayaraq rüşvət almaq və ya vermək kimi bir hala rast gəlinmir. Demək ki, bu məsələyə gender prizmasından baxdıqda, sosial faktlar dəyişmədiyindən, rüşvət də cins və gender tanımır. Yəni onun alınıb verilməsi fərdlərin ixtiyarından daha çox qurulan idarətetmə sisteminin xarakterindən irəli gəlir. Odur ki ilk növbədə idarəetmə sistemini düzgün qurmaq lazımdır”.

Rüşvət almağın xarakterlə bağlı olduğunu deyən “Ədalət” qəzetinin redaktoru İradə Tuncay bunu cinslərə ayırmağın düzgün olmadığını söyləyir:

“Rüşvət alına biləcək vəzifələr daha çox kişilərin əlindədir. Bu daha doğru olar. Yoxsa bunu cinslərə ayırmaq olmaz. Yəni bu bir xarakter məsələsidir”.

Müəllim və həkimlərin rüşvət almağına gəlincə isə, İ.Tuncay deyir ki, bunun üçün sığorta sistemi yaradılmalıdır. Çünki həkim 20 il oxuyur və 150 manat maaş alır,bu düzgündürmü?

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti