Hacı İbrahimin 100 milyardlıq layihəsi – REPORTAJ, ŞƏKİLLƏR

Hacı İbrahimin 100 milyardlıq layihəsi – REPORTAJ, ŞƏKİLLƏR
  10 Aprel 2015    Oxunub:29284
Dünən `Nehrəmli Hacı İbrahim` kimi tanınan məşhur iş adamı İbrahim İbrahimov tikməkdə olduğu `Xəzər adaları`nda bir qrup jurnalist və media rəhbərlərilə görüşüb.

...Adanın girişində təhlükəsizlik xidmətinin əməkdaşı taksi sürücüsündən hara getdiyimizi soruşur. Sürücü isə suala sualla cavab verir:
- Nehrəmlisən? – Oğlan başı ilə təsdiqlədi.
– Mən cavanlığımda Nehrəmdə işləmişəm,- bunu isə artıq mənə danışırdı,- yaman adam olurlar...
- Nə mənada `yaman`? – soruşuram. Maraqlı gəldi, çünki qəhrəmanı nehrəmlilər olan lətifələri mən də eşitmişəm və yadıma Cem Yılmaz düşür: `Nə biləydim o fıkralardakı adamların gerçək olduğunu? `

Amma sürücü etnoqrafik məruzəsini tamamlaya bilmir, çünki Hacı İbrahimin jurnalistlərlə görüşdüyü yerə çatmışıq. Bura hər tərəfi `Lamborgini` markalı qırmızı mebellə bəzədilmiş bir ofisdir. Yuxarı başda Hacı İbrahim danışır, bir dəstə jurnalist isə onu dövrəyə alıb, hərisliklə qulaq asırlar. Tam səmimi deyim, Stiven Houkinq Azərbaycan mediası üçün özəl brifinq keçirib, kainatın əsas sirrini çözdüyünü desəydi, bizim jurnalistlər bu qədər vəhşicəsinə qulaq asmazdılar.

`Gözlərlə dinləmək` deyilən bir hal var – gözlərini qarşındakı adama zilləyirsən və onun nə danışdığının əslində heç bir fərqi qalmır. Məsələn, Emin Ağalarovun mətbuat konfransında birinci sırada oturan xanım jurnalistlər ona gözlərilə bu cür qulaq asırlar. Hacı İbrahim də, tutalım, desə idi ki, gecələr balıqlar dənizdən çıxıb, `Xəzər adaları`nda velosiped sürürlər, jurnalistlər təsdiq mənasında başlarını tərpədəcəkdilər. Yəni sənin qabağında dayanan adamın 2 milyard dollar qiyməti varsa, dediyi sözlər o qədər də önəmli olmur.

- Mən bu layihəyə 1 milyard 100 milyon dollar öz pulumu qoymuşam,- Hacı İbrahim deyirdi,- 57 milyon dollar da kredit almışıq. Layihənin dəyəri 100 milyard dollardır. Adanın biri hazır olandan sonra, ondan götürdüyümüz gəlirin hesabına o biriləri də tikəcəyik...

1 milyard 100 milyon öz pulu və 57 milyon dollar kredit? Nəsə disbalans alınır axı... Olmaya, layihəyə kredit ayırmaq istəmirlər? Hacının sözlərinə görə, əksinədir:

- Dünyanın hər yerindən mənə müraciətlər olur...- başlayır ölkələri saymağa
- Bəs ərəblər?
- Elə ərəblər də. Hətta Bin Laden də mənə zəng edib.
Məlum olur ki, yox, Hacıya o dünyadan zəng gəlməyib, söhbət Bin Laden ailəsinin hələ ki sağ olan kiçik oğlundan gedir.

- Bu layihə Azərbaycana milyardlarla dollar gəlir gəirəcək. Neftdən də çox. Dünyada hələ heç kim belə bir şey tikməyib. Ona görə də, gərək mənə kömək göstərilsin. Amma əksinədir, mənə mane olmağa çalışanlar var...

Hacı İbrahim danışa-danışa jurnalistləri o biri otağa aparır, orada `Xəzər adaları` şəhərinin akvariumin içində düzəldilmiş böyük maketi var.

- Hacı, bunu neçəyə düzəltdirmisən? – jurnalistlərdən biri soruşur.
- 500 min dollara.

Özümü saxlaya bilməyib, yanımdakı Qabil Abbasoğlundan (lent.az) soruşuram:
- Burada 500 minlik nə var ki?!
Qabil çiyinlərini çəkir:
- Xırda işdir axı... Əziyyət tələb edir.
- Daha 500 min yox da... 5 evin puludur e...

Bu vaxt sanki Hacı İbrahim bizim söhbətimizi eşidirmiş kimi, əlavə informasiya verir:
- Təkcə elə akvariumu 30 minə düzəldiblər.

Bu layihənin nə vaxta hazır olacağını soruşuram, məlum olur ki, 2035-ci ilə nəzərdə tutulub. 2018-ci ildə birinci ada hazır olmalıdır, ilk bina isə gələn il təhvil veriləcək.

- Artıq 200 mənzil satılıb – deyir Hacı İbrahim,- 180-ni xaricilər alıblar.

Elbrus Ərud (qafqazinfo.az) mənzillərin qiymətini soruşur. Məlum olur ki, kvadratmetri 5000 dollaradır. Hacı sübut etməyə çalışır ki, bu, çox yaxşı və sərfəli qiymətdir:

- Sən gedib şəhərdə ev alsan, sonra təmirinə nə qədər pul qoyacaqsan, nə qədər əsəbin gedəcək, axırda gəlib elə kvadratı 5000-ə oturacaq. Mənsə bu qiymətə hazır təmirli ev satıram. Yanında da bulvarı, çıx gəz. Bakıda bulvara getmək üçün xərcin çıxırmı? Çıxır!

- Bəs `plyaj`?!- jurnalistlərdən kimsə soruşur.
- `Plyaj` uje hazırdır, yayda çimmək olar.

`Yeni Müsavat`dan Azər Ayxan sual verir ki, Hacı İbrahimin qardaşları özləri buradan ev alıblarmı?
- Həə... Nazim (Nazim İbrahimov – V.M.) adını yazdırıb, amma pul verməyib.

Jurnalistlərdən biri maketə işarə edərək, belə bir uzaqvuran sualvari təklif səsləndirir:
- Hacı, tutaq ki, bizlərdən birimiz gələcəkdə bu şəhərin meri olsaq, sizin heykəlinizi harada qoyaq? Yer nəzərdə tutmusunuz?
Hacının yerinə mən olsam, molla nəsrəddinsayağı deyərdim ki, `Bala, sən çaldın...` Amma 100 milyardlıq layihə reallaşdıran adam belə danışmamalıdır.
- Mən hələ yaşamaq istəyirəm,- deyə Hacı İbrahim gülür, sonra isə ciddiləşir: “Bu şəhərdə Ulu Öndərin heykəli qoyulacaq, artıq sifariş vermişəm”.

Bu vaxt günün təklifi səsləndirilir: gedək boğazımızı yaşlayaq, söhbəti də orada davam edərik. Hacı İbrahim qonaqlarını yığıb aparır bir qədər aralıdakı `Sting Ray` restoranına. Əvvəlcə bizi elə restoranın içindəcə çəkilən pivəyə qonaq edir. Məlum olur ki, jurnalistlərin bəziləri öz maşınları ilə gəldikləri üçün içmək istəmirlər.
- Niyə maşınla gəlirdiniz ki?
- Dedik, yəqin Hacıdır da, içki verməz...

Hacı isə bir qədər sonra artıq stolun başında sağlıq deyirdi:
- ...Məndən hərdən soruşurlar ki, qorxmursan, bu qədər riskə getmisən? Bir layihəyə nə qədər pul qoyursan. Birdən əlindən alsalar, nə edəcəksən? Mənsə həmişə deyirəm ki, əvvəla, bizim ölkədə heç kimin əlindən heç nə alınmır. İkincisi, lap alsalar da, eybi yox, bütün hallarda Vətənimdə qalacaq. Mən bu pulları gedib xaricdə də xərcləyə bilərdim. İstəsəm, gedim lap İstanbuldakı Dolmabaxça sarayını alardım... Amma istəyirəm ki, Vətənim üçün iş görüm...

Bu zaman biz – mən, Elbrus Ərud, Elçin Zahiroğlu (aznews.az), Nicat Dağlar (azerifax.az) və daha bir neçə jurnalist stolun diametral əks başında alternativ sağlığı səsləndiririk:
- Həci başqadu!

İlk qədəhlər yüngülvari salatla müşayiət olunur, çünki başqa bir şey yox idi. Ya biz elit restoranlarda içməyə hazır deyilik, ya qonaqlıq 100 milyardlıq layihənin fonunda çox təvazökar görünürdü, hər nə idisə də, bol kələm yarpağından ibarət salatla içilən araq media kapitanlarını dənizdə çox tez tutdu.
Elbrus başı ilə Hacı İbrahimin yanında oturmuş Azər Ayxana işarə edir:
- Bu da sizin üçün iqtidar-müxalifət dostluğu...
Hərçənd, demək lazımdır ki, Aydın Quliyev Hacı İbrahimə daha yaxın oturmuşdu.

Ofsiantlar bir-bir jurnalistlərə yaxınlaşırlar:
- Ət, balıq?
- Balıq...
- Balıq...
- Balıq...
- Balıq...
- İndi hamı aristokrat olub da?! Mənə də balıq – Elbrus deyir.

Bu vaxt Hacı İbrahim ikinci sağlığı söyləyərək, jurnalistlərlə fəxr etdiyini bildirir:
- ...Çünki siz böyük qüvvəsiniz. Sizin hər birinizin arxasında bir qoşun dayanıb e...

İçirik qoşunun sağlığına. Və qonaqlıqdan sonra Hacı İbrahimlə söhbətdə belə qərara gəlirik ki, bu qoşunlar `Xəzər Adaları`nın müdafiəsi işinə daha yaxından cəlb olunmalıdır. Hacı söz verir ki, media rəhbərlərilə yenə də görüşəcək və həmişə jurnalistlərlə ünsiyyətə açıq olacaq. 100 milyardlıq layihənin müəllifi başqa cür ola da bilməz axı.

Vüsal Məmmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti