İlham Əliyev: “ASAN – Azərbaycanın brendidir” – VİDEO

  24 May 2013    Oxunub : 503
İlham Əliyev: “ASAN – Azərbaycanın brendidir” – VİDEO
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısına məlumat verib ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və dövlət xidmətlərini vətəndaşlara yaxınlaşdırır.

Dövlətimizin başçısının ötən il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı Fərmanı imzalaması bu sahədə çox mühüm addım olub. Sentyabrın 5-də imzalanmış digər bir Fərmanla Agentliyin əsasnaməsi və strukturu təsdiq edilib. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir.
Bura xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

Ötən il dekabrın 29-da pilot layihə olaraq paytaxt Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır. Pilot layihə çərçivəsində mərkəz Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərir. Bu il mayın 3-də isə Sumqayıt “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir. Bu mərkəz Sumqayıt şəhərinin, eyni zamanda, Abşeron, Siyəzən, ŞabranXızı rayonlarının sakinlərinə xidmət göstərir. Hər iki mərkəzin fəaliyyətə başlamasından indiyədək ümumilikdə 100 mindən çox vətəndaş müraciət etmiş və ya xidmətlərdən yararlanmışdır. Müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notarial fəaliyyət, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edib.

“ASAN xidmət” mərkəzində ilk vaxtlar 23 hüquqi xidmət həyata keçirilirdisə, Prezident İlham Əliyevin bu il martın 18-də imzaladığı Fərmanla göstərilən xidmətlərin sayı artırılıb. Fərmana əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi “ASAN xidmət” mərkəzlərinə həvalə edilib. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatıb.

Prezident İlham Əliyev 2 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış oldu. Bildirildi ki, Bakının Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcəkdir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Bu mərkəzdə də üç elektron ərizə doldurma aparatı qoyulub.

“ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilib. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. Mərkəzdə əlillər üçün də hər cür imkan var. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulmuş, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanıb.

“ASAN xidmət” mərkəzində vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirmələri üçün funksional-yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır. Xidmətin “Çağrı” mərkəzi vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılıb.

Prezident İlham Əliyev mərkəzin mühafizə otağı ilə tanış oldu.

Qeyd edildi ki, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə xidmət proseduru fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınacaq. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilib. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor və elektron elan tabloları qurulub. Xidmətin “asan.gov.az” internet saytı vasitəsilə vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri digər orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılıb.

Dövlətimizin başçısına Elektron Məlumat Mərkəzi barədə məlumat verildi. Qeyd olundu ki, mərkəzə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. İlk dəfə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Biometrik Məlumatların Toplanması Sistemi yaradılmışdır. Avadanlıq İsveçdə istehsal olunmuş, proqram təminatı isə alman kompyuter mütəxəssisləri tərəfindən xüsusi olaraq “ASAN xidmət” üçün yazılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin alınması, elektron imza və bunları mərkəzləşdirilmiş halda hüquq mühafizə orqanları sisteminə ötürməsi kimi mühüm xüsusiyyətlərə malikdir. Biometrik texnologiyalar insanların avtomatik tanınmasını, onların davranış və ya fizioloji xüsusiyyətlərindən istifadə etməklə şəxsiyyətlərinin müəyyənləşdirilməsinə imkan verir. Ən əsası odur ki, bu sistem insan orqanizmi üçün təhlükəli deyildir. Həmçinin bu, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, qanunsuz miqrasiya və cinayətkarlıqla mübarizənin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV ASAN-da könüllü çalışan gənclərlə görüşüb. Dövlət başçısı bildirib ki:
- Mən çox şadam ki, könüllülər bu mərkəzdə də fəaliyyət göstərəcəklər. İndi artıq üçüncü mərkəz açılır. Bu sistem, ümumiyyətlə, Azərbaycanda qısa müddət ərzində öz vacibliyini artıq təsdiq edib. “ASAN xidmət”in yaradılması Azərbaycanda aparılan ciddi islahatların təzahürüdür. Bu, yeni sistemdir. Bu, Azərbaycan brendidir.
Bildiyimə görə, indi başqa ölkələrdə də bu təcrübə öyrənilir. Baxmayaraq ki, biz təzə başlamışıq, ancaq qısa müddət ərzində 100 minə qədər vətəndaş artıq “ASAN xidmət”ə müraciət etmişdir və yüksək xidmət almışdır. Bu, yenilikdir, müasirlikdir, ölkəmizin inkişafıdır.

“ASAN xidmət”in bir neçə əsas fəaliyyət istiqaməti vardır. Onların arasında insanlara yüksək səviyyəli xidmət məsələsi ön plandadır. Eyni zamanda, bu sistem vasitəsilə xoşagəlməz halların qarşısı alınır, korrupsiyaya qarşı mübarizə daha da gözəl səmərə verir, bürokratiyaya qarşı mübarizə artıq “ASAN xidmət” vasitəsilə yeni pilləyə qalxır. “ASAN xidmət”in fəaliyyəti innovasiya, müasirlik, texnologiyalar, bilik deməkdir. Eyni zamanda, siz könüllülərin fəaliyyəti də cəmiyyətdə yeni bir davranış qaydalarının tətbiqi deməkdir. Bu, çox nəcib və doğrudan da, çox təqdirəlayiq bir funksiyadır. Gənclər təmənnasız bu işlərə qoşulur - vətəndaşlara kömək göstərmək, cəmiyyətdə öz fəaliyyətini daha da uğurla aparmaq və ümumi işimizə töhfə vermək üçün. Yəni, görürsünüz ki, “ASAN xidmət”in təməlində nə qədər gözəl amillər birləşir: müasirlik, yenilik, insanların vətəndaşlıq borcunun yerinə yetirilməsi, gənclərin bu işlərə qoşulması. Əlbəttə, bu xidmət ölkəmizin ümumu inkişafı ilə də tam uzlaşır. Çünki bu gün doğrudan da, Azərbaycanda müasir dövlət qurulur, yeni texnologiyalar tətbiq edilir. Dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsi Azərbaycanda tətbiq olunur. Bu, ümumiyyətlə, bizim siyasi xəttimizdir. Ancaq “ASAN xidmət”in üstünlüyü ondan ibarətdir ki, artıq Azərbaycan da müasir texnologiyaları tətbiq edir. Başqa ölkələr bizdə olan təcrübəni öyrənəcək və faydalanacaqdır.
Qısa müddət ərzində 100 min vətəndaşın bu xidmətdən istifadə etməsi əlbəttə ki, xidmətin artıq cəmiyyətdə yüksək qiymətə layiq olduğunu göstərir. Əlbəttə, könüllülərin fəaliyyəti bu xidmətə əlavə töhfə verir. Bir daha demək istəyirəm ki, mən sizin vətəndaşlıq mövqeyinizi yüksək qiymətləndirir, təqdir edirəm. Çalışın ki, gələcək fəaliyyətinizdə də həmişə milli maraqlarımızın qorunması işində fəal iştirak edəsiniz. Sizə uğurlar arzulayıram.


Teqlər: