QADIN dediyin | “Allahdan sonra ikinci yaradan Qadındır!” - FOTOSESSİYA

QADIN dediyin | “Allahdan sonra ikinci yaradan Qadındır!”  - FOTOSESSİYA
  26 May 2013    Oxunub:10050
AzVision.az yeni bir layihə təqdim edir: “QADIN dediyin…” Bu layihədə az və ya çox tanınmış xanımlar özlərini qadın kimi tanıdacaqlar. Azərbaycanda qadın olmağı onların öz dilindən eşidib biləcəyik.
“Mən qadınam, deməli, mən aktrisayam...” O isə aktrisadır, ancaq səhnədə yaratdığı obrazlarla qadınlığını, qadın olmağın gözəlliyini göstərir... Qadının necə sevdiyini və qadını necə sevməyi öyrədir. Qadın doğulmağın çətinliyini, yükünü, ağrı-acısını sənə də yaşadır...Bir sözlə, sən səhnədə təkcə aktrisa yox, böyük hərflərlə QADIN görürsən...

Ancaq...Onu anlayan yox, onu duyan yox, başını itirmiş bu yer üzündə...

Beləliklə, bu dəfəki həmsöhbətimiz bu gün doğum günü olan və bu günü səhnədə “Qatil” tamaşasında qeyd edən əməkdar artist, aktrisa Münəvvər Əliyevadır.

-İçinizdəki Münəvvər kimdir, necə biridir?

-Məni məndə demə, məndə deyiləm,
Bir mən var məndə, məndən içəri...

...Və ardınca özünü ifadə etmək üçün Rüstəm Behrudinin misralarını ard-arda düzür:



...İnsan da kitab kimidir, oxuyub sona çata bilmirsən. O ki,ola qadın...Qadının içində ağlagəlməyən biri var. Ancaq təəssüf ki, bizdə qadın həmişə arxa planda qalır. Yəqin ki, mentalitetimizdən irəli gələrək filmlərimizdə də belədir, qadınlar həmişə kişilərə köməkçi rolunda olurlar. “Ögey ana” və “Aktrisa” filmi istisna olmaqla...
Ancaq əslində qadın Allahdan sonra ikinci qüvvədir, məhz kişi yox, Qadın! Qadın yaradıcıdır. Cənnət ayaqlarının altında olan Anadır, körpə dünyaya gətirərkən bütün günahları bağışlanan qadındır. Ancaq belə bir yüksəklikdə dayanan qadın Azərbaycanda ön plana çıxarılmır nədənsə...

-Öz həyatınızda necə, arxa plandasınız, yoxsa ön planda?

- Ön planda... Çünki mən başa düşülmədiyim halda tək qalıram, tək olduğum üçün də ön plandayam.

-Bəs hansı anda deyirsiniz ki, “kaş kişi doğulaydım”? Kişilik xilas edə bilir sizi o anda?

-Əslində mən özümü elə kişi kimi hiss edirəm, qadın kimi yox...Uşaqlıdan deyirdim ki, mən kişiyəm, mən kişiyəm. Elə indi də kişiləşməyə doğru gedirəm...(gülür)

-Özünüzü qadın kimi hiss etmək üçün nə çatışmır, nə mane olur?

-Qadın olmaq üçün arxanda söykənəcəyin bir insan olmalıdır – Kişi! Qadını qadın edən kişidir. Sən sevildiyin halda qadın olursan. Amma indiki zamanda sevməyə də qorxursan. “Qatil”də olduğu kimi, qadın sevdi və başına nələr gəldi....

- Bəs sizi həyatda “Qatil”dəki kimi nə isə yaralayıb heç?

- Əslində hə, hissə-hissə, parça-parça...Elə əksər qadınlar hissə-hissə yaralanıb, o anı yaşayır.

-Yaxşı, hansı yaranız qaysaq bağlamır?

-Söz yarası...Mənim yadımdan insan çıxa bilər, məkan, getdiyim yerlər, gördüklərim, rəqəmlər çıxa bilər. Amma söz yaddaşım güclüdür, söz yadımdan çıxmır heç vaxt. Mən döyülə bilərəm, amma onu hiss etmərəm, daha çox o sözün zərbəsini yaşayıram. Fiziki zərbələrə dözmək olur, amma sözün zərbəsinə yox...

-Münəvvəri tapa bilmisinizmi?

-Yox, hələ də özümü tapa bilməmişəm. Bəlkə də, nə istədiyimi də bilmirəm. Bəzən o ailə-məişət məsələləri içində buddalaşırsan, düşürsən yerə. Mən çox uzun müddət havada çəkisiz qala bilirəm, nə göyə uça bilirəm, nə yerə düşə bilirəm. Ayaqlarım yerə dəymir, ortada eləcə çəkisiz qalıram. Gözləyirəm ki, görəsən, daha nələr yaşayacam, daha nələrə qadirəm? Hər halda mən nəyisə parçalaya, məhv edə bilmirəm, çirkaba batmıram. Ola bilsin ki, havalanacam, dəli olacam, amma mənliyimi, içimi satmayacam. Deyirlər, ucalmaq üçün alçalmaq lazımdır. Ancaq yox, bəlkə də, ucalmayacam. Amma alçalmağa da getməyəcəm, çünki içimdən gəlmir bu...

-Özünüzü o çirkabdan, alçalmaqdan nələrin bahasına qoruyursunuz? Axı insan nələrisə qurban verməli olur bu yolda...

-Zərbələrə tab gətiririk. Bəlkə də, onlara tab gətirməsəydim, Münəvvər indi hardasa çox “yüksəklərdə” olardı. Mən çalışıram nə isə edim, çünki ömür qısadır... İstəyirəm ki, mən olmayanda heç olmasa məni bir sözlə yad etsinlər.

- Yüksəklikdə deyilsiniz. Olduğunuz yer haradır, məmnunsunuz o yerdən?

-Min şükür...Hara qədər bacarıramsa, ora qədər gedirəm.

-Bəs sizi mübarizənizdən nə çəkindirə, əzminizi nə qıra bilər?

-Məni düzgün başa düşməmək... Məni anlamamaq məni sındırmaq deməkdir. Çalışıram ki, sadəcə olaraq susum. Ancaq dəyişmək istəmirəm, içimdə olan o şıltaq, hamıya inanan, səmimi Münəvvəri kimsə dəyişmək istəyəndə də bu, məni sıxır. Kimsə deyəndə ki, bunu eləmək olmaz, sənin bu qədər yaşın var, eləmə, mən bunu bacarmıram. Olduğum kimi olmaq istəyirəm, göründüyüm kimi yox...Məsələn, mən yerdə oturmaq istəyirəmsə, yerdə oturum, bunu düzgün başa düşsünlər.

-Belə görünür ki, başa düşülmək probleminiz var. Belə olduğu halda ən yaxşı həmsöhbətiniz kimdir? Özünüz, yoxsa?...

-Çox zaman özüm... Bir də işlədiyim insanlar.

-Bəs sizə kiminlə işləmək daha asandır, qadınlarla, yoxsa kişilərlə?

-İş baxımından mənim üçün kişi və qadın məfhumu yoxdur. Bəlkə, bu, bizim sistemdə belədir. Ümumiyyətlə, bəzən qadınla bölüşmədiyini kişi ilə bölüşürsən. Düzdür, çox zaman zərbə də alırsan, amma mən bu fikrimdə qətiyəm ki, qadın qadına daha düzgün qiymət verir, anlayır. Bu baxımdan məni bir sözümdən, baxışımdan anlayan, duya bilən, düzgün başa düşən insan Mehriban Ələkbərzadədir. Elə onun sözüylə desək, gərək qoymayasan kişilər səni sonacan oxusun. Kişilər üçün elə oxunmamış kitab qalmaq yaxşıdır...

-Bəs özünüz-özünüzü anlayıb, qiymət verə bilirsinizmi?

-Mən özüm-özümü görmürəm. Baxmayaraq ki, ev başdan-ayağa güzgüdür, mən nadir hallarda güzgüyə baxıram. Nə vaxtsa oturum, güzgüdə diqqətlə özümə baxım, yox, baxsam, havalanaram, dəli olaram. Suallar məni boğar: Niyə? Niyə? Niyə?

-Gözlərinizdə nə isə bir məna var, sözlər var, sanki danışır...Onlarla necə, dil tapa bilirsiniz?

-Hərdən olur ki, gözlərimə diqqətlə baxıram və dərinlərə gedirəm, gedirəm... Özümü dartıb o quyudan çıxara bilmirəm, batıram, özüm öz gözümdə batıram. Çətin olur onda yaşamaq...

-Olanlarla gec barışırsınız, deyəsən...

-Çalışıram ki, qəbul edim, amma onda da özüm-özümdən küsürəm. Heç kəsə yox, özümə gücüm çatır...

-Sizcə, qadına nəyi bağışlamaq olmaz və siz özünüzə nəyi bağışlamazdınız?

-Mənliyimi satmağı, içimi, ruhumu satmağı, dəyişməyi. İmkan vermərəm ki, məcburən məni necəsə dəyişsinlər.

-Ən çox kimləri dinləyəndə rahatlıq tapırsınız?

-Xarici musiqiləri sevirəm. Ancaq Aygün Bəylər və Alim Qasımovun yaradıcılığına vurğunam. “Şirvan şikəstəsi”ni dinləyəndə o dərinliyə qərq olursan. Əsasən gecələr dinləməyi sevirəm. Ümumiyyətlə, gecələri çox sevirəm. Bəyquşam, gündüz yatmağı sevirəm, gecələrsə düşünməyi, dinləməyi...

-Maraqlıdır, ev işi görəndə daha çox hansı mahnını zümzümə edirsiniz?

-Əvvəllər çox zümzümə edirdim, indi daha çox dinləyirəm .
Və oxuyur:

Azad bir quşdum, yuvamdan uçdum,
Torpağa düşdüm bu gənc yaşımda...

Bir də:

Nədəndir saçların bəyazlamış arkadaş,
Sana da benim gibi çekdiren mi var...

Və əlbəttə ki, bütün zamanların mahnısı “Sarı gəlin”...

-Yaxşı yemək bişirə bilirsiniz?

-Bacarıram. Amma hər şeyin ən qeyri-adisini etməyi sevirəm.
Standart olan heç nəyi sevmirəm. Klassik Azərbaycan mətbəxi, şablonlar mənlik deyil. Hətta şorbanı da bişirəndə çalışıram ki, nə isə qeyri-adi olsun.

- Münəvvər xanım, bəxtiniz də özünüz kimi gözəldir?

-Birdən deyirlər ki, qızın sənə oxşamır, qarayanızdır, gözlərinin rəngi səninki kimi deyil. Əslində sevinirəm və düşünürəm ki, təki bəxti gözəl olsun. Guya xoşbəxtlik nədir ki, kimsə onu görübmü? Kənardan sizə xoşbəxt görünən insanlar əslində göründükləri kimi deyil, tanıyanda görürsən ki, o da sənə qibtə edirmiş...

-Tamaşada olduğu kimi, həyatda da ulduzunuz var, nə danışırsınız onunla?

-Həyatda da elə ulduzumu axtara-axtara qalmışam. Həqiqətən, hər bir qadın o ulduzla danışır, o ağ atlı şahzadəsini gözləyir. Gözləyir ki, gəlib xəncərini çıxaracaq, səni atın tərkinə alıb aparacaq...

Bəzən elə ulduz kimi sevdiklərin, arzuların da uzaq olmağı yaxşıdır. Hər şeyin əlçatan və yaxın olması sevgini də, arzunu da adiləşdirir. Hərdən sevdiklərin uzaq olmalıdır: hərdən yaxınlardan uzaqlar gözəl... İnsan kimisə itirəndə, həyatında olmayanda qiymət verə bilir ona, nə qədər sevdiyini anlayır.

-Onda sizcə, uzaq olub gözəl qalsın, yoxsa yaxın olub sizin olsun?

- Hərdən yaxın olmaq da istəyirəm, amma bəzən deyirəm uzaq olsun, amma yetər ki, gözəl qalsın. Çox qəribədir, bir insanla dost olursan, sonra zamanla o dostluğun yerini sevgi alır, nişan üzüyü taxılır, toy çalınır. O dostluq evliliyə çevriləndə isə dostluq itir. O dost düşmənə çevrilir. Halbuki, dost qalmış olsaydıq, o dostluğu qoruya bilsəydik, daha xoşbəxt olardıq. Çünki səhv addımını belə bölüşə bilirsən, bilirsən ki, o səni başa düşəcək. Məsələn, Mən “Qatil”i oynamaq istəyirəmsə, oynayıram, bunu sadəcə anlamaq lazımdır. Amma bizdə həmkarların belə bunu anlamaqda çətinlik çəkir. Elə buna görə də, xoşbəxtlik nə var-dövlətdə, nə şöhrətdədir, xoşbəxtlik qarşılıqlı anlayışdadır.

-Bəs gülüb keçə bilirsiniz nələrəsə?

-Yox, gülüb keçə bilmirəm. Ən pisi odur ki, içim-içimi yeməyə başlayır, gözlərimi, qulaqlarımı yummağa başlayıram...

-Siz kədərinizi nəylə gizlədirsiniz? Çoxları kimi çox gülməklə, yoxsa?..

-Mən çox gülə bilmirəm. Ümumiyyətlə, səhnədə heç gülə bilmirəm. Tamaşada qəhqəhə çəkmək lazım gəlir, bacarmıram. Rejissorlar bunu romantikliyimlə, “göylərdə uçmağımla” əvəzləyirlər. (gülür)

-Rollarınız arasında özünüzü tapdığınız rol hansı olub? Eyni zamanda, hansı tərəf müqabilinizin rolu sizə doğma gəlir?

- Hər bir obrazda özümü axtarıb tapmışam. Ancaq indi “Qatil”i oynadığımıza görə, qatiləm deyə bu obraz. Eynilə ordakı oğlan (Hikmət Rəhimov)...

-“Qatil” tamaşası zamanı səhnədə vurduğunuz ətri tamaşaçı da duyur və o ətrin adı çoxlarına maraqlıdır. Qadın olaraq hansı ətir məhz sizin qoxunuzdur?

- Vanitas Versace idi. Soyuq ətirləri sevirəm. Ümumiyyətlə, ətir vurğunuyam, ətir kolleksiyam da var.

-Hansısa rol var ki, oynamaq, onunla özünüzü ifadə etmək istəyirsiniz?

-Elə bir rol olsun ki, içimdəki hər şeyi deyə bilim. Məni ki, düzgün anlaya bilmirlər, əziyyət çəkirlər məni oxumaqda. Bax o rolla anlaşılım, oxunum kitab kimi... Bilsinlər ki, mən niyə beləyəm? Axı siz məni belə edirsiniz...

-Elə bil öz aləminiz çox dağınıq, qarmaqarışıq, səs-küylüdür...

-Hə, o qədər öz aləmimə qapanmışam ki, o dağınıqlıqda itmişəm sanki... Mən buna görə ətrafda çox şeyi görə bilmirəm, insanların çox həvəslə maraqlandıqları, heyrətləndikləri şeylər, başqalarının həyatı mənə çatmır. Gərək mənim beynim necə sakit olsun ki, ətrafda nələrisə görə bilim...

-Belə yorğun doğulmusunuz, yoxsa həyat yorub sizi?

-Yox, mən əvvəllər belə deyildim. Çox sakit, çox səliqəli...Hər iş-güclə özüm məşğul olmaq istəyirdim. Sonra dəyişdim...Birdən elə olur ki, gün boyunca yatıram, amma mənəvi yorğunluq candan çıxmır...Yoruluram, hər şeydən yoruluram. Ruhum yorulub...

-Bəxtiyar Vahabzadə deyib:
“Yaman yorulmuşam;
Bilirəm amma
Hardadır, nədədir ən son nicatım...
” Siz o nicatınızın, hüzurunuzun nədə, harda olduğunu bilirsiniz?

-Bilmirəm heç, nə vaxtsa tapacam, yoxsa yox... Amma yaşıllıq, meşə, sakitlik mənə hüzur verir. Fiziki yorğunluq da mənəvi yorğunluğu itirir. Həmişə fiziki ağrılarla mənəvi ağrılarımı öldürməyə çalışaram. Hər şeyi eləyərəm, təki ruhum dincəlsin...

Və onun ruhunu dincəldən şair Ramiz Rövşən, onun ən sevdiyi şeirlərindən biri “Qədrimi bilmədi bu adam mənim...”

Leyla Əliyeva
Sevinc Fədai


Fotolar :Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti