Azərbaycan Avropa İttifaqı ilə əlaqəni kəsir? – Təhlil

Azərbaycan Avropa İttifaqı ilə əlaqəni kəsir? – Təhlil
  13 Sentyabr 2015    Oxunub:6685
Sentyabrın 10-da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı növbəti dəfə qərəzli mövqe ortaya qoyaraq həqiqətə uyğun olmayan qətnamə qəbul etdi. Heç bir məntiqə və fakta əsaslanmayan qətnamə haqlı olaraq ölkəmizdə ciddi etirazlara səbəb oldu...

Demokratiya adı altında pərdələnən Avropa Parlamentinin parlament seçkiləri ərəfəsində belə bir sənəd qəbul etməsi təbii ki, gözlənilən idi. Bundan öncə də Avropanın bəzi strukturlarının ikiüzlü siyasətinin şahidi olmuşduq. Bu baxımdan 10 sentyabr qətnaməsi ilk və sürpriz deyildi.

Xatırlayırsınızsa, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov bu qətnamədən hələ bir neçə gün öncə Tvitter səhifəsində Avropa İttifaqında ölkəmiz əleyhinə çıxışların hazırlandığının anonsunu vermişdi. Cəmi bir neçə gün sonra peyda olan anti-Azərbaycan qətnaməsi rəsmi Bakıda şok effekti yaratmasa da ürək bulandıcı təsir bağışladı.

Hər halda, Aİ açıq-aşkar, iftira dolu mövqeyini ortaya qoyaraq münasibətlərdə “qırmızı xətti” keçdi.

Bu addımın Aİ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcəyi şübhəzizdir. Artıq hökumət səviyyəsində qətnaməyə etiraz bəyanatı verilib və bununla bağlı Azərbaycan Milli Məclisi sentyabrın 14-də təcili plenar iclas çağırıb.

Azərbaycan hökumətinin qətnaməyə verdiyi reaksiya kəskin idi.

Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov qətnaməni Avropa Parlamentinin siyasi idiotizmi kimi qiymətləndirib.

PA rəsmisi “Avropa Parlamentinin siyasi idiotizmi” adlı məqaləsində Aİ-nin əsl simasını faktlarla ifşa edib.

Məqalədən sitatlar:

- Avropa Parlamentinin bizim ölkəyə olan “marağı” hər dəfə vacib beynəlxalq və ya ölkədaxili siyasi hadisələr ərəfəsində pik həddinə çatır. Bu, “Avroviziya” və tarixdə ilk Avropa Oyunları ərəfəsində olub, indi də parlament seçkiləri ərəfəsində baş verir.

- Siyasi idiotizmin aşkar nümayişi, həmçinin qərəzli anti-Azərbaycan və ermənipərəst mövqe nəzərə alınsa, nəinki Avropa Parlamentinin nümayəndə heyətini Dağlıq Qarabağ probleminin həlli prosesinə yaxın buraxmaq olmaz, hətta ölkəmizin Şərq Tərəfdaşlığı və Avronest Parlament Assambleyasında iştirakının məqsədəuyğunluğu haqqında məsələni müzakirəyə çıxarmaq lazımdır.

- Xarakterikdir ki, Azərbaycanla bağlı bütün qətnamələr eyni qrup şəxs tərəfindən hazırlanır. Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş kimi deputatlar hər dəfə bu qətnamələrin “müzakirə”sində iştirak edirlər. Yeri gəlmişkən, həmin müzakirələr ən yaxşı halda cəmi 20 dəqiqə davam edir.

- Qətnamənin özü köhnə reseptlər (üstüörtülü fikirlər, faktların təhrif olunması və açıq yalan) əsasında hazırlanıb. Belə ki, qətnamə müəllifləri utanmadan jurnalist Rasim Əliyevin ölümünə siyasi çalar qatırlar. Bu, ikrah doğuran bir cinayətdır, lakin bizim ölkədə hamıya məlumdur ki, cinayət məişət zəminində törədilib. Bu arada qətnamə müəllifləri “unudurlar” ki, bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər həbs olunublar və hazırda bu iş üzrə hərtərəfli istintaq aparılır.

- Qətnamədə Leyla Yunusun “vəziyyətinin pisləşməsi” və “siyasi partiyaların məhkum edilmiş rəhbərləri” yer alıb. Hərçənd, sənəddə adı çəkilən avropalı həkimlər vurğulayırlar ki, Leyla Yunusun vəziyyəti sabitdir. Mifik məhkum olunmuş siyasi partiya rəhbərlərinin adlarını çəkməyi isə qətnamə layihəsinin müəllifləri yenə də unudublar.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qəbul olunan qətnaməyə münasibət bildirərkən vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyildir.

SİTAT:

- Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi mühüm nailiyyətlər Qərbdəki bəzi islamofob, ermənipərəst dairələri qıcıqlandırır və getdikcə daha çox narahat edir. Əminliklə demək olar ki, Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl həmlələri, qəbul etdiyi qeyri-obyektiv və qərəzli qətnamələr də həmin dairələrin təhriki və bu struktura davamlı təzyiqinin nəticəsidir. Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin kənardan idarə olunan ayrı-ayrı fraksiyalarının fəallaşması və bu qurumun islamofob rəhbərliyinin də yaxından iştirakı ilə ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması artıq adət halını almışdır. Azərbaycanda parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə də bu qurumun rəhbərliyinin və oradakı məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq cəhdindən başqa bir şey deyildir.

Hakim Yeni Azərbaycan Partiyası da məlum qətnaməyə etiraz olaraq bəyanat verib.

Bəyanatda vurğulanır ki, Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin bir qrup deputatının növbəti anti-Azərbaycan bəyanatından böyük təəssüf hissi keçirir. Regional parlament assambleyasının prosedur qaydalarından sui-istifadə edərək müstəqil bir ölkənin vaxtaşırı hədəfə götürülməsi heç də qarşılıqlı əməkdaşlığa və səmimi münasibətlərə dəstək verən siyasət hesab edilə bilməz.

Qətnamənin qəbulunun ertəsi gün Avropa ittifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mardı Xarici İşlər Nazirliyinə çağırılaraq diqqətinə çatdırılıb ki, Azərbaycan Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməni kəskin şəkildə qınayır və qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və münasibətlərimizin gələcək perspektivlərinə ciddi əngəl yaradır.

Ardınca isə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınacaq.

Göründüyü kimi Azərbaycan tərəfi Avropa parlamentinin qəbul etdiyi qətnamə layihəsini qəti şəkildə pisləyir və qəbul olunmaz olduğunu bəyan edir.

İndi bir sual hamını narahat edir ki, bundan sonra Azərbaycan-Aİ münasibətləri hansı xətt üzrə inkişaf edəcək?

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin perspektivinə gəldikdə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfdaşlıq əlaqələrini, bərabərhüququlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu dəfələrlə bəyan edib və bu gün də öz mövqeyində qalır. Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını, “böyük-kiçik” münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcəkdir. Artıq bu həqiqəti anlamağın və münasibətlərin pozulmasına yönəlmiş cəhdlərdən əl çəkməyin zamanıdır.

Eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyi də bəyan edib ki, anti-Azərbaycan və anti-islam meyillərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələr yenidən nəzərdən keçirməlidir.

Hökumətin “Aİ ilə münasibətlərə yenidən baxılmalıdır” bəyanatına münasibət bildirən politoloqlar hesab edir ki, Azərbaycan tərəfinin qəbul etdiyi qərar bu qurumun ölkəmizə qarşı yürütdüyü səhv siyasətin nəticəsidir.

Politoloq Fikrət Sadıqov AzVision.az-a açıqlamasında deyib ki, Azərbaycanla münasibətlərdə yaranan problemlərə görə Aİ-nin özü günahkardır.

“Avropa İttifaqı əlindən gələni etdi ki, Azərbaycan bu qurumla bir məsafə saxlasın. Çünki, birinci dəfə deyil ki, Azərbaycan qarşı qərəzli ifadələr, bəyanatlar, qətnamələr qəbul olunur. Sanki, onlar son illər Azərbaycanı bir hədəf halına gətiriblər. Təbii ki, bu nəticəsiz qalmayacaq və bir sıra istiqamətlərdə münasibətlər mürəkkəbləşəcək. Artıq bunun ilkin əlamətləri var. Belə ki, Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin gələn həftəyə nəzərdə tutulan səfəri Azərbaycan tərəfindən təxirə salınıb. Eyni zamanda Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də işlər dayandırılacaq və heç bir sənəd imzalanmayacaq. Ümumiyyətlə Avropanın enerji təhlükəsizliyini təmin edən ölkə kimi Azərbaycan müəyyən pauza götürməli və onları düşündürməyə vadar etməlidir”.

Politoloq vurğulayıb ki, hazırki situasiyada Azərbaycan önəmli və güclü dövlətdir: “Bu baxımdan Azərbaycanın maraqları ilə oynamaq olmaz. Hesab edirəm ki, ölkəmizin maraqlarına zərbə endirmək cəhdləri yolverilməzdir və Avropa İttifaqı maraqlarımızla hesablaşılmalıdır. Ona görə də kimsə hesab edirsə ki, qəbul olunan qətnaməyə görə Azərbaycan tərəfi səssiz qalacaq, yanılır və səhv addım atır”.

Politoloq Arzu Nağıyev isə bildirib ki, Avropa İttifaqı eyni zamanda öz sözünü demiş böyük, hegomon dövlətlərin birliyindən ibarətdir: “Bu gün Azərbaycanın hər bir dövlətlə ayrı-ayrılıqda öz münasibəti var. Aİ-nin verdiyi qərar digər Avropa dövlətlərinin mövqeyi deyil. Hesab edirəm ki, hər bir dövlət Azərbaycanla öz marağına uyğun necə münasibət qurursa, o istiqamətə getməlidir.

Ancaq insan halqarını əlində bayraq edərək, müxtəlif cinayət işlərini insan haqları ilə səhv salaraq qəbul olunan qətnamə xoş hal deyil. Bununla bağlı müvafiq qərarlar qəbul olunacaq. Yəni, Aİ-nin mövqeyi düzgün deyil. Hesab edirəm ki, bu istiqamətdə Aİ yenidən addımlar atmalı, müvafiq qərarlar qəbul etməlidir”.

Siyasi ekspert hesab edir ki, Avropa Azərbaycanı ərəb baharına məruz qalan müsəlman dövlətləri kimi görmək istəyir: “Ancaq, Azərbaycanın öz dəsti-xətti, iqtisadi və siyasi konsepsiyası var. Belə təsir metodları ilə Azərbaycanı öz dünyəviliyindən, götürdüyü kursdan döndərmək qeyri-mümkündür”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  





Xəbər lenti