Benzin bahalaşa bilərmi? – TƏHLIL

Benzin bahalaşa bilərmi? – TƏHLIL
  24 İyun 2013    Oxunub:2124
Ölkədə benzinə tələbatın artmasının pik həddə çatması onun qiymətinin yüksəldilməsi üçün real zəmin yaradıb. Çünki söhbət artıq 10 ilə yaxındır ki müşahidə edilən prosesdən gedir.

Benzinin və ümumiyyətlə, avtomobil yanacağının istehlakı neçə illərdir fasiləsiz olaraq artdığından ölkədə bu sahədə təklifi yüksəltmək məqsədilə istehsalı genişləndirməklə yanaşı, topdansatış qiymətləri də nəzərdən keçirtmək zərurəti yaradıb.

Məlumdur ki, Azərbaycanda sözügedən məhsulların topdansatış və pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənir və bu məsələyə Tarif Şurası baxır. Tələbin yüksəlməsinə əsasən qiymətlər əslində, çoxdan artmışdı. O səbəbdən ki, iqtisadi qanunlara görə də, bazarda tələb artdığı şəraitdə təklif genişləndirilməklə yanaşı, qiymətlər də yüksəlməlidir.

Lakin, yanacaq məhsullarının bahalaşmasının nə demək olduğu aydındır. Odur ki, sual yaranır: ölkəmizdə benzin bahalaşa bilərmi? Başqa sözlə desək, hökumət onun qiymətlərini yüksəltmək istiqamətdə addım atacaqmı?
Bizcə, hələ ki, yox...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) daxili bazarı təmin etməklə bərabər, xaricə də benzin satır. Odur ki, daxildə tələbatı ödəmək məqsədilə ilk növbədə ixracı azaltmaq lazımdır. Bundan əlavə, ölkədə neft məhsullarının emalı sahəsində mövcud potensial elədir ki, istehsalı da genişləndirmək olar.

İxracın azalması xeyli müddətdir müşahidə edilir. SOCAR-dan verilən məlumata əsasən, cari ilin yanvar-may ayları ərzində ölkədən 7 min 632 ton avtomobil benzini ixrac edilib ki, bu da keçənilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə azdır. Adı çəkilən şirkətdən təsdiqləyiblər ki, bu, heç də istehsalın azalmasına görə deyil, daxili bazarda tələbin artmasına əsasən baş verib.

O ki qaldı istehsala, ölkədə neft emalı sahələrində mövcud qurğuların gücünü artırmağa qərar verildiyi deyilir ki, bunda da əsas hədəf 2020-2021-ci illərə qədər daxili bazarda avtomobil benzininə olan tələbatı maksimum ödəmək təşkil edir.

Ancaq məsələ bundadır ki, hələ 2 il öncə yazmışdıq ki, ölkədə avtomobil yanacağına tələbat getdikcə artdığından və bu sahədə daha keyfiyyətli məhsul istehsalına nail olmaq - Avropa standartlarına çatmaq lazım gəldiyindən mövcud qiymətlərlə çox da “uzağa getmək” mümkün olmayacaq.

Başqa sözlə desək, ölkədə enerjidaşıyıcıların başqa növlərini deyə bilməsək də, yanacağın qiyməti gec-tez artacaq.

Xatırladaq ki, ölkəmizdə yanacağın qiymətləri sonuncu dəfə 6 il öncə - 2007-ci ilin yanvar ayında artırılmışdı. Tarif (qiymət) Şurasının həmin tarixdəki qərarına əsasən, dizel yanacağının 1 litrinin pərakəndə satış qiyməti o vaxtdan 0,45, Aİ-92 markalı benzinin 0,55, Aİ-95-in isə 0,60 manat müəyyən edilib. Bundan sonra ölkədə enerjidaşıyıcılardan yalnız, əhaliyə satılan təbii qazın tarifləri 2009-cu ilin iyul ayından 2 dəfə olmaqla qaldırılıb. 2009-cu ilin iyulun 1-dən ölkəmizdə Avro-2 standartının tətbiqi zamanı benzinin yenidən bahalaşacağı deyilsə də bu, baş vermədi.

Ümumiyyətlə, qiymətlər, təkrar edirik ki, tələb təklifi üstələdikdə, məhsulun maya dəyəri topdansatış qiymətindən kənarlaşdıqda, həmçinin kənar ölkələrdə və dünya bazarlarında vəziyyət daxili bazarla uzlaşmadıqda qalxır ki, bu da, həm tənzimlənən, həm də tənzimlənməyən qiymətlərə aiddir.

Məsələ isə ondadır ki, dünya bazarlarında və Avropa ölkələrində benzinin qiymətləri bizdəkindən (1,5 və 2 dəfə) yüksəkdir və keyfiyyətcə də yaxşıdır. Avropa Birliyi ölkələrində Avro-6 standartından istifadə edilir ki, bizdə 2009-cu ilin iyul ayının 1-dən tədbiq edilən Avro-2 onlarda bundan, 15 il öncə - 1995-ci ildə qüvvədə olub.

Ölkəmizdə isə Avro-2-yə uyğun benzin istehsal olunsa da, Avro-3 barədə hər il bir proqnoz irəli sürülür. Məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sonuncu dəfə bildirdi ki, Avro-3 nəhayət ki, buil ərzində (əvvəl, 2011-ci ilin sonuna deyilmişdi) tətbiq olunacaq. “SOCAR artıq buna hazırdır” – deyə, o, əlavə etmişdi.

Keyfiyyətli benzin istehsalı üçün ölkədə mövcud neft emalı sahələrində yeni avadanlıqlar quraşdırmaq və istehsal prosesini təkmilləşdirmək lazımdır ki, bu isə əlavə vəsait tələb edir. Avro-4-ün istehsalı isə heç bu yolla da mümkün deyil. O səbəbdən ki, bunun üçün tələb olunan avadanlığı quraşdırmaq üçün yeni emaledici kompleks tikmək lazımdır.

Qısa desək, Azərbaycan bugün nə qədər çox təmiz neftə, həmçinin mükəmməl emaledici infrastruktura sahib olsa da, istehsal etdiyi yanacağın keyfiyyəti hazırda Avropada ən yüksək standart sayılan Avro-5 və Avro-6-dan 3 dəfə geri qalır və bizim, həmin standartlara çatmağımıza azı 2017-ci ilə qədər vaxt tələb olunur.

Buradan da aydın olur ki, ölkədə benziinin bahalaşacağı zərurəti istehsal prosesi ilə onun həcmindən irəli gəlir ki, Azərbaycan xammal ölkəsi olsa da, həm daxili bazarı avtomobil yanacağıyla getdikcə artan tələbin müqabilində təmin etməkdə “çətinlik” çəkir, həm də keyfiyyətli məhsul istehsalı üçün yeni texnologiyalara ehtiyac duyulduğundan maya dəyərin topdansatış qiymətlərindən kənarlaşması qaçılmaz vəziyyət alır.

Düzdür, SOCAR-ın prezidenti Rövnəq Abdullayev hələ xeyli əvvəl bildirmişdi ki, Avro-3-ün istehsalı maya dəyərdə heç bir dəyişiklik yaratmayacaq. Ancaq fakt bundan ibarətdir ki, 2012-ci il ərzində avtomobil benzininin daxildə istehlakı 1,380 milyon tonu keçib. Və bugünlərdə SOCAR-dan verilən məlumata əsasən, benzinə tələbin belə kəskin artması nəticəsində ölkənin neft emalı qurğuları vəziyyətlə çox çətinliklə ayaqlaşır.
“Bizim bu sahədəki bütün qurğular demək olar ki, son həddə işləyir” - deyə, şirkətin yüksək səviyyəli təmsilçilərindən biri söyləyib.



Pərviz Heydərov


Teqlər:  





Xəbər lenti