“Milli Şura silahlı dəstə yarada bilər” – YAP-çı deputat

“Milli Şura silahlı dəstə yarada bilər” – YAP-çı deputat
  30 Noyabr 2015    Oxunub:3283
Hakim Yeni Azərbaycan Partiyası müxalifətin Milli Şura adlı radikal qanadının Nardaranda baş verən hadisələrlə əlaqədar verdiyi bəyanata münasibət bildirib.
Partiyanın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Aydın Mirzəzadə AzVision.az açıqlamasında deyib ki, adı çəkilən qurum bu bəyanatla özünü növbəti dəfə ifşa edib.

YAP rəsmisi qeyd edib ki, Taleh Bağırzadə və Milli Şurada təmsil olunanlar eyni mərkəzdən təlimatlar alaraq fəaliyyət göstərirlər: “Milli Şura iki il bundan əvvəl formalaşmağa başlayanda onun xaricdən verilən təlimatlarla yarandığı, anti-Azərbaycan mərkəzlərin tövsiyyəsinə əsasən fəaliyyət göstərdiyinə dair fikirlər bildirilirdi. Bu gün Milli Şura Nardaranda qeyri-qanuni silahlı qrupun üzvlərinin saxlanılmasını pisləyirlərsə, hesab edirəm ki, bu onların eyni mərkəzdən təlimat aldığını göstərən bir faktdır. Çünki, Nardaranda baş verənlərin nardaranlılara heç bir aidiyyatı yoxdur. Heç bir müqəddəs kitabda əlinə silah alaraq insanları öldür, hakimiyyəti zorla dəyişdir deyə bir çağırış yoxdur. Yaranan qrup ilk növbədə buna hazırlıq görürdü.

Milli Şuranın ekstremistləri müdafiə etməsi onu göstərir ki, bu qurum müvafiq vəziyyətdə qeyri-qanuni silahlı dəstə yarada bilər. Hakimiyyətə qarşı qeyri-konstitusion yolla mübarizə apara bilər. Hesab edirəm ki, Milli Şuranın son bəyanatı onları ifşa edən, fəaliyyətlərinin əsl məğzini açıqlayan məqam oldu”, - deyə A. Mirzəzadə vurğulayıb.

Qeyd edək ki, Milli Şura Taleh Bağırzadə və tərəfdarlarına qarşı səsləndirilən ittihamları əsassız, saxta və uydurma hesab etdiyinə dair bəyanat yayıb.

Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti