`Mübariz İbrahimov general olmaq istəyirdi…`

`Mübariz İbrahimov general olmaq istəyirdi…`
  07 Fevral 2016    Oxunub:6177
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olan M.İbrahimov sağ olsaydı, 28 yaşını qeyd edəcəkdi...
Mübariz İbrahimovun sinif rəhbəri olmuş, Əliabad kənd tam orta məktəbinin coğrafiya müəllimi Əhliman Quliyev Milli Qəhrəmanla bağlı xatirələrini AzVision.az-la bölüşüb.

Müəlliminin sözlərinə görə, Mübariz hələ məktəb illərində gerenal olmaq arzusu ilə yaşayıb:
“Mübariz həmişə general olmaq istədiyini bildirirdi. Biz də ondan bunu gözləyirdik. O, general rübəsinə yüksəlmək üçün çox tələsdi. Bəlkə də buna səbri çatmadı. Amma Mübariz bir general qədər Azərbaycan xalqına xidmət edib. Mübariz gənclər üçün igidlik məktəbi qoydu. Mən onunla fəxr edirəm. İnanıram ki, Mübariz kimi qəhrəmanı olmuş bir xalqın torpaqları düşmən əsarətində qalmayacaq. Torpaqlarımız işğaldan azad olandan sonra Mübarizin ruhu şad olacaq”.

Ə. Quliyevin sözlərinə görə, Mübariz sağlığında ad günü keçirməyi xoşlamayıb: “Mən Mübarizi çox yaxşı tanıyıram. O, qətiyyən ad günü keçirməyə meylli deyildi. Biz on birinci sinifdə bir neçə dəfə şənlik keçirmişdik. O, şənliklərdən kənarda qalırdı.

Mübariz torpaq və vətən uğurunda ölümə getmək istəyirdi. Mən o vaxtlar iclaslar keçirəndə Xocalıdan, Şuşadan girovlardan danışardım. Mübariz bu zaman çox qəhərlənərdi. O, işğal edilən torpaqlarımızın intiqamını almaq üçün tələsirdi. Həmişə sual verirdi ki, o gün nə vaxt gələcək ki, prezidentimiz əmr verəcək və biz torpaqlarımızı geri alacağıq. Mən də ona deyirdim ki, inşallah tezliklə torpaqlarımızı azad edəcəyik. Biz hamımız bildirdik ki, Mübariz vətən uğrunda qəhrəmanlıq və şücaət göstərəcək.

Bəzi uşaqlar yeniyetmə yaşlarında artıq-əskik hərəkətlər edirlər. Mən sinif yoldaşlarından tam fərqli idi. Bir dəfə də olsun, onun lazımsız hərəkət etdiyini görmədim. Mübariz elə bil 70-80 yaşlı bir insan idi. O, özünü təmkinli, ciddi aparırdı. O indiki gənclər kimi qızların dalınca düşmürdü, onu vətən, torpaq maraqlandırırdı”.

Qeyd edək ki, M.İbrahimov 2010-cu ildə şəhid olub.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti