ASAN könüllüləri əsgərləri sevindirdi - FOTOLAR

ASAN könüllüləri əsgərləri sevindirdi - FOTOLAR
  19 Aprel 2016    Oxunub:2241
"N" saylı hərbi hissədə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə incəsənət ustaları və "ASAN xidmət" fəalları ilə görüş keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Görüş iştirakçılarını salamlayan zabit Elşən Qapaqov vurğulayıb ki, bu cür tədbirlər əsgərlərin vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.

Zabit Rasim Manafov Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin düşmən təxribatının qarşısının alınmasında göstərdikləri rəşadət və igidlikdən danışıb. O, döyüşçüləri təbrik edib və onlara qələbə sevinci arzulayıb.

Bildirilib ki, Silahlı Qüvvələrimizin və xalqımızın qələbə əzmi yüksəkdir. Son hərbi əməliyyatlar bir daha sübut edib ki, Silahlı Qüvvələrimiz Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Ordumuz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan döyüş tapşırıqlarını əzmlə yerinə yetirəcəkdir.

Gəncə şəhərində fəaliyyət göstərən ASAN xidmətin əməkdaşı Vaqif Əjdərli isə bildirib ki, çalışdığı qurum tərəfindən "Əsgərə məktub" layihəsi həyata keçirilir. Bu işi həyata keçirən "ASAN könüllüləri" Gənclər Təşkilatı tez-tez cəbhə bölgələrində olur, əsgər və zabitlərimizlə yaddaqalan görüşlər keçirir. Cəbhə bölgəsində xidmət edən əsgərlərə gənclərin məktubları təqdim edilir. Məktublar da hər bir döyüşçüyə qürurverici anlar yaşadır, onları qələbəyə ruhlandırır.

Sonra döyüşdə fərqlənən əsgərlərə hərbi hissə komandanlığı adından fəxri fərmanlar təqdim olunub.

Tərtərdə gedən döyüşlərin iştirakçısı, Beyləqan rayonunun yetirməsi olan Nicat Şərifli silahdaşları adından çıxış edərək Vətən andına hər zaman sadiq qalaraq düşmənə qarşı döyüşlərə həmişə hazır olduqlarını deyib. O, şəhid silahdaşlarına həsr etdiyi şerini oxuyub.

Daha sonra Gəncə Qarnizonu Zabitlər Evinin solistləri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Sonda "ASAN xidmət" könüllüləri ön xətdə xidmət edən əsgərlərə məktubları təqdim ediblər.










Teqlər:  





Xəbər lenti