Masallıda `ASAN HƏYAT` kompleksi tikilir- FOTO

Masallıda `ASAN HƏYAT` kompleksi tikilir- FOTO
  29 Aprel 2016    Oxunub:10543
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu “ASAN xidmət” konsepsiyası dövlət orqanlarının xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin yeni tərzdə qurulmasına yönəlib.
“ASAN xidmət” konsepsiyası üç illik fəaliyyəti dövründə özünü uğurla doğruldub. Prezident İlham Əliyevin dediyi kimi, “ASAN xidmət” xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilib. Bu xidmətin BMT-nin yüksək mükafatına layiq görülməsi heç də təsadüfi deyil.

Əhaliyə 253 növ xidmət göstərən “ASAN xidmət”in dövlət qulluğu sisteminə gətirdiyi başqa bir yenilik dövlət orqanlarının fəaliyyətinə gənclərin, o cümlədən könüllülərin cəlb edilməsi olub.

Gələcəyini dövlət qulluğu ilə bağlamaq istəyən minlərlə gənc burada təcrübə əldə etmək imkanı qazanıb. Onlardan bir çoxu dövlət orqanlarında və özəl sektorda işlə təmin olunub.

“ASAN xidmət”, həmçinin gəncləri birləşdirən, onlar üçün karyerada yeni üfüqlər açan sosial layihədir. Ölkə başçısının tapşırığına əsasən Bakı, Sumqayıt, Gəncə, Sabirabad və Bərdə şəhərlərində ümumilikdə 9 “ASAN xidmət” mərkəzi istifadəyə verilib.

Bu il Azərbaycanda ilk dəfə olaraq Masallı rayonunda “ASAN HƏYAT” kompleksinin inşasına başlanılıb.

Kompleksə “ASAN xidmət” mərkəzi ilə yanaşı, "Könüllülər Mərkəzi", ailə biznesi qurmaq istəyənlər üçün layihələr hazırlanmasına kömək göstərəcək “Biznes Mərkəzi”, idman-istirahət zonası, 3D kinoteatr, rəsm emalatxanaları, ictimai iaşə və digər obyektlər daxil olacaq.

Masallı rayonundakı “ASAN xidmət” mərkəzində 200 nəfər işlə təmin olunacaq. Bunların əksəriyyətini rayon sakinləri təşkil edəcək. Bununla yanaşı, Mərkəzdə 100-ə yaxın gəncin könüllü kimi işə cəlb edilməsi nəzərdə tutulub.

“ASAN xidmət” mərkəzi Masallı rayonu ilə yanaşı, Astara, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Neftçala rayonlarının ümumilikdə 1 milyondan artıq sakininə xidmət göstərəcək.

Hazırda “ASAN HƏYAT” kompleksində tikinti işləri sürətlə davam etdirilir. Birinci mərhələdə tikintisi nəzərdə tutulan “ASAN xidmət” mərkəzinin binasında son tamamlanma işləri gedir.

Kompleksin ərazisində paralel olaraq kafe, rəsm qalereyası, ikimərtəbəli kinoteatr, iaşə və xidmət obyektlərinin tikintisi davam etdirilir. Viləş çayının Masallı şəhərindən keçən məcrasında yerləşən adada isə “ASAN HƏYAT” kompleksinə daxil olacaq istirahət guşəsinin tikintisinə başlanılıb.

Kompleksin bu ilin yay aylarında istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün bunlar Azərbaycan Prezidentinin Masallı rayonuna, onun sakinlərinə xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Rayon sakinləri göstərilən bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.(AzerTac)

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti