Bjezinskinin Azərbaycana ikibaşlı çağırışları – TƏHLİL

Bjezinskinin Azərbaycana ikibaşlı çağırışları – TƏHLİL
  09 İyun 2016    Oxunub:6255
“Dünya nəhəng bir şahmat taxtasıdır, onun üzərindəki xalqlar isə sadəcə, fiqurlardır. Həmin fiqurların yerini də ABŞ müəyyənləşdirir”. Bu fikir Zbiqnev Bjezinskinin düşüncələrini konkretləşdirir. Bütünlükdə Bjezinskinin çağırışlarının təməlində Rusiya ilə keçmiş postsovet ölkələrini konfrantasiyaya sürükləməkdən başqa bir şey dayanmır.

Polşanın maqnat ailələrindən olan Bjezinsklər tarixən Rusiyaya, eləcə də Provaslavlığa nifrətlərilə seçiliblər. Qərbi Ukraynanın Sovetlərə birləşdirilməsi bunu şəxsi faciəsi kimi qəbul edən Bjezinskinin Rusiya nifrətinin kökündə duran bəlkə də əsas səbəblərdir. Elə bu məqsədlə o, SSRİ-nin çökdürülməsi üçün bütün potensialı ilə çalışıb. Rusiyaya da eyni prizmadan yanaşan politoloq Krımın anneksiyasından sonra təkrar odlu-alovlu fikirlər səsləndirməyə başladı.

Zbiqnev 1966-1968-ci illərdə ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şurasında SSRİ-yə qarşı aparılan "soyuq müharibə" strategiyası ilə sıx məşğul olan önəmli fiqurlardan biri idi. Məlum olduğu kimi, həmin dövrdə SSRİ-ABŞ savaşı riski çox yüksək həddə idi. Bjezinski 1977-1981-ci illər ərzində Birləşmiş Ştatların prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi postunu tutub. Bu dövr ərzində onun əsas hədəfi SSRİ idi. SSRİ-ni Əfqanıstana girməyə sövq edən Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus strateji planın arxitektorlarından biri də məhz Zbiqnev Bjezinskidir.

1991-ci ildə SSRİ dağıldıqdan sonra o, Azərbaycan, Ukrayna, Gürcüstan və digər ölkələrin Qərbə inteqrasiya etməsi üçün çalışır. Hətta Çeçenistanın azadlıq əldə etməsi üçün Rusiyaya qarşı müxtəlif rıcaqlara əl atır. Hətta Çeçenistanın NATO sıralarına alınması fikrini irəli sürür.

Bjezinski 2004-cü ildə ABŞ-dakı çıxışlarının birində açıq şəkildə deyir ki, “Terrorizm düşmən deyil, məqsədə çatmaq üçün bir vasitəsidir”. Ən maraqlısı isə odur ki, Əfqanıstan və Pakistanı qan gölünə çevirən, islamiyyətə ləkə vuran "Taliban" terror təşkilatının yaradılmasında onun rolunun olması haqda fikirlər var. Usamə bin Ladenlə olan münasibətləri buna ən bariz nümunədir. Belə bir nəticə yaranır ki, Bjezinskinin prinsiplərindən biri də terrorçuluq, həmçinin münaqişələr yaradaraq, idarə etməkdir.

Bjezinskinin anti-Rusiya çağırışlarına uyan, ABŞ-a güvənən bəzi keçmiş Sovet ölkələri Moskva ilə açıq qarşıdurmaya getdilər. Bu eskalasiyanın nəticəsi də göz önündədir. Vaşinqtonun Bjezinski beyinli siyasəti nəticəsində Ukrayna dövlətçiliyi təhlükə altındadır. Məhz Bjezinski və onun davamçılarının gedişatı sayəsində qlobal müstəvidə bu tip konfliktlər yaşanır.

Hələ, o, “Böyük şahmat taxtası” kitabında, Ukraynanı Avrasiyada xüsusi strateji mərkəz adlandıraraq qeyd edir ki, Ukraynasız Rusiya Avrasiya imperiyası ola bilməz.

Rusiyanın Suriyadakı aktivliyinə toxunan Bjezinski qeyd edir ki, Moskva orada ABŞ-ın resurslarına hücumları dayandırmasa, Vaşinqton cavab tədbirlərilə hədələməlidir.

Qeyd olunan bütün faktlardan açıq-aşkar görünür ki, Bjezinskinin fikirlərinin ana xəttini Rusiyanın məhvi, postsovet məkanında idarə olunan xaosun yayılması, yeni münaqişə ocaqları, eləcə də terrorizmin ortaya çıxması təşkil edir.



Bjezinskinin Azərbaycanla bağlı ikibaşlı fikirləri

Bjezinski müəllifi olduğu "Böyük Şahmat Taxtası" adlı kitabında yazır ki, “Əgər Azərbaycan Moskvanın nəzarətinə tabe edilsə, əhəmiyyətli neft ehtiyatları da Rusiyanın nəzarətinə keçə bilər. Müstəqil Azərbaycan Orta Asiyanın da enerji resurslarının Rusiyadan kənar keçməklə Qərbə çatdırılması üçün böyük magistraldır". Həmin kitabda o, Azərbaycan və Ukraynanın rolunu xüsusilə vurğulayır.

Rusiyanın Ukrayna ilə toqquşmasından sonra Bjezinski yenidən fikir meydanlarında görünməyə başladı. Əksər çıxışlarının sütununu Rusiyaya qarşı müharibə çağırış təşkil edir. Təbii ki, Bjezinskinin münaqişəyə səsləyən düşüncələri həm Şərqi Avropa ölkələrinin, həm də keçmiş Sovet ölkələrinin narahat olması ilə müşahidə olunur. Nəticədə, Rusiya təhlükəsi həm ABŞ-ın Avropaya silah satması üçün ideal zəmin yaranmış olur. Digər tərəfdən də "parcala, hökmranlıq et" prinsipi ilə Ağ Ev Rusiya üzərində öz diplomatiyasını həyata keçirir. Rusiyanın ərazisinda 3 böyük dövlətin yaradılması fikrinin müəllifi də elə Bjezinskidir.

Ukayna ilə Rusiya arasında yaşanan məlum problemlərdən sonra Z.Bjezinski hər il anti-Rusiya çağırışları edir. O, bildirir ki, Vladimir Putin aqressiv siyasətini çətin ki, Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri Baltik ölkələri, Moldova, Gürcüstan, Azərbaycan və Polşa ola bilər.

Bjezinskin fikirlərində Azərbaycanla bağlı ikitirəlik görmək mümüknüdür.
Birincisi, o, keçmiş Sovet ölkələrilə bağlı əksər çıxışlarında açıq-aşkar olmasa da, Azərbaycanı da, dolayısı ilə Rusiyaya qarşı çıxmağa, çəkinmədən NATO xətti tutmağa, bir sözlə, Rusiyanı qıcıqlandıracaq addımlar atmağa çağırır. Halbuki, məlum olduğu kimi, Azərbaycan dövlətinin Rusiya ilə münasibətləri hərtərəfli yüksələn xətt üzrə inkişaf edir.

İkincisi, o, rəsmi təbdirlərdə, həmçinin dövlət nümayəndələrilə görüşəndə Azərbaycan müzakirə edərkən, heç də Bakını Rusiyaya əks mövqe tutmağa səsləmir. Əksinə, Azərbaycanın uğurlu siyasətini önə çıxaran Bjezinski, sanki, tez-tez səsləndirdiyi "Rusiyanın hücum edəcəyi ölkələr" arasında Azərbaycanın adını çəkməmiş kimi davranır.

Bjezinski deyir ki, Azərbaycan bölgədə mühüm oyunçu olaraq özünü uğurla inkişaf edən dövlət kimi təsdiqləyib. 2010-cu ildə o, qeyd etmişdi ki, Prezident İlham Əliyevin Barak Obamanın təşəbbüsü ilə keçirilən nüvə sammitinə dəvət olunmaması səhv addımdır. ABŞ Azərbaycanla bağlı qeyri-peşəkarlığa və məsuliyyətsizliyə yol verib. Və Obama administrasiyası bu səhvini düzəltdi. Demək, Bjezinskinin ABŞ-ın xarici siyasətinin formalaşdırılmasında rolu hələ də var.

Bjezinskinin 1990-ci illərin əvvəlində Heydər Əliyevlə keçirdiyi görüşlə bağlı xatirələrinə diqqət etdikdə balanslı yanaşmasını görürük. Yəni Azərbaycanın regional layihələrini təhlükə ilə üzləşdirəcək hansısa bir çağırışla rastlaşmırıq. O, bildirir ki, "Mən Prezident Klintonun Prezident Əliyevin yanına göndərdiyi xüsusi emissar idim. O zaman Prezident Heydər Əliyev Bakı-Tiflis-Ceyhan layihəsində iştirak etməmək və tamamilə Bakıdan Novorossiyskə gedən kəmərə ümid etməklə bağlı Rusiyanın təzyiqi altında idi".

Şübhəsiz ki, o vaxt məhz Heydər Əliyevin səriştəsi sayəsində Azərbaycan regional enerji proyektləri həyata keçirərkən Rusiya ilə konflikt yaşamadı. Əgər Bjezinskinin hazırkı populist çağırışlarına məhəl qoyulsa, o halda atılan addımlar Rusiya ilə hərbi qarşıduramaya qədər gətirib çıxara bilərdi.

Real mənzərəni incələdikdə Bjezinskinin çağırışlarının kökündə postsovet ölkələrinin Moskvaya qarşı qalxması, vəziyyəti ən kritik həddə çatdırmaları dayanıb. Biz bunu Gürcüstan, Ukrayna və Moldova timsalında görmüşük və hələ də görməkdəyik.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti