`3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib` - Nazir

`3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib` - Nazir
  02 İyul 2016    Oxunub:1920
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 98-ci ildönümünü qeyd edir.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, şəxsi heyətin dövlətçilik ideologiyası ruhunda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər «Milli Qəhrəman» adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Nazir qeyd edib ki, 2003-cü ilin oktyabr ayında Ulu Öndərin sabitlik və inkişaf siyasətinin davam etdirilməsinə yekdilliklə səs verən xalqımız möhtərəm İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçərək Zati-alilərinin rəhbərliyi ilə milli birlik və güclü dövlətçilik idealı ətrafında daha sıx birləşdi. Cənab Prezidentin böyük uğurla həyata keçirdiyi hərtərəfli islahatlar və quruculuq işləri Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində mühüm rol oynadı.

Ölkə başçısının təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görüldü.

Ötən dövrdə daxili işlər orqanları və Daxili Qoşunlar üçün 395 sosial obyekt tikilib, şəxsi heyətin vəzifə və rütbə maaşları əhəmiyyətli dərəcədə artırılıb, nəqliyyat parkı tam yenilənib, texniki və xüsusi vasitələrlə təchizat beynəlxalq standartlar səviyyəsinə yüksəlib.

O da bildirilib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Milli Fəaliyyət Proqramlarına müvafiq olaraq, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, cinayətlərin dəqiq uçotunun aparılması məqsədilə 2007-ci ildə «102» Xidməti - Zəng Mərkəzi Sistemi yaradılıb. İstifadəyə verilmiş «102», «902» və «1002» qaynar xətləri, veb-sayt və elektron poçt ünvanı daxil olan müraciətlərin dərhal nəzarətə götürülərək operativ həllinə, bütövlükdə fəaliyyətin insan meyarı kimi ali prinsip üzərində qurulmasına xidmət edir. Hüquq qaydasına riayət edilməsinə nəzarətin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi üçün 2009-cu ildə «Təhlükəsiz Şəhər» Avtomatik İdarəetmə sistemi yaradılıb.

Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai asyişin qorunması, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-dan çox informasiya sistemi istismara verilib.

Məruzəçi deyib ki, təkcə 2015-ci ildə və cari ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırılıb, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın şəxs qəbul edilib. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Bütövlükdə cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən kompleks tədbirlər, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət orqan və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Müasir dövrün çağırış və təhdidləri cinayətkarlığa qarşı mübarizədə davamlı təkmilləşmə, yeni və daha səmərəli formaların tətbiqini tələb etdiyindən, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması prosesinin daimi əsaslarla həyata keçirildiyi də qeyd olunub. BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdiyi müxtəlif forum və müşavirələrdə son 13 ildə 8 mindən çox əməkdaş iştirak edib, təcrübə mübadiləsi aparılıb. Hər il onlarca gənc müxtəlif ölkələrin polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir.

Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə təntənəli mərasim iştirakçılarına ətraflı məlumat verib. O da nəzərə çatdırılıb ki, əməliyyat-xidməti fəaliyyətin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi, innovasiya və modernləşmə-vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bildirilib ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici, onu həm də yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevirib. Təkcə 2015-ci ildə və cari ilin ötən dövründə respublikanın müxtəlif yerlərində keçirilmiş 800-ə yaxın kütləvi və beynəlxalq tədbirdə, o cümlədən Birinci Avropa Oyunlarında, «Formula - 1 Avropa Qran-Pri» yarışlarında asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub.
Nazir fürsətdən istifadə edərək xidməti vəzifələrin icrasında göstərdikləri köməyə görə vətəndaşlarımıza, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Hökumətin, Milli Məclisin, hüquq mühafizə və xüsusi xidmət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə minnətdarlığını bildirib, həmçinin, gənc əməkdaşların formalaşmasında və təcrübə əldə etməsində böyük işlər görən hörmətli veteranlarımıza təşəkkür edib, ən xoş arzularını yetirib.

O da qeyd edilib ki, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 əməkdaş və hərbi qulluqçu həlak olub, 2613 nəfər xəsarət alıb. Nazir bu kontekstdə şəxsi heyətin fədakarlığını və gərgin əməyini xüsusi vurğulayan dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bir fikrini sitat gətirib: “...Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar. Cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm...”.

Azərbaycan Polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasimdəki çıxışı zamanı dövlət başçısının ifadə etdiyi mövqeyin əyani təsdiqi olaraq diqqətə çatdırılıb ki, qanunla müəyyən edilmiş vəzifələrin icrasında fərqləndiyinə və xüsusi xidmətlərinə görə müstəqillik illərində Daxili İşlər Nazirliyinin 1211 əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb. Bu peşə bayramı ərəfəsində də ölkə Prezidentinin sərəncamları ilə 41 əməkdaş "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib, 2 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbə verilib.

Cənab Ramil Usubov fəaliyyətimizə verdiyi yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə şəxsi heyət və şəxsən öz adından dərin minnətdarlığını bildirib. O, dövlət başçısını əmin edib ki, daxili işlər orqanları qanunla müəyyən edilmiş funksiyaları, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə həyata keçirəcək, göstərilən ali etimadı andına sadiqliyi, xalqına, Vətəninə, Prezidentinə sədaqətli və peşəkar xidməti ilə doğruldacaqdır.

Çıxışının sonunda nazir Azərbaycan Polisinin yaranmasının 98-ci ildönümü münasibətilə bir daha bütün şəxsi heyəti, veteranları, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıb.

Sonra Azərbaycan Polisinin yaradılmasının növbəti ildönümü ərəfəsində Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi barədə ölkə Prezidentinin Sərəncamı, həmçinin cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, xidməti vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılmasına dair daxili işlər nazirinin müvafiq əmri elan olunub. General-polkovnik Ramil Usubov ali xüsusi və yeni rütbələrin paqonlarını, həmçinin, digər mükafatları sahiblərinə təqdim edib.

Təntənəli mərasimin sonunda DİN-in Mətbuat Xidməti tərəfindən hazırlanmış "Asayişin və sabitliyin keşiyində" adlı sənədli film nümayiş olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti