Cavid Qurbanov 10 ədəd `NAZ Lifan` alıb

Cavid Qurbanov 10 ədəd `NAZ Lifan` alıb
  05 İyul 2016    Oxunub:5090
Bir neçə gün öncə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti xidməti istifadə üçün 10 ədəd “NAZ Lifan” markalı avtomobili alıb. Ümumilikdə, dövlət və özəl sektordan Naxçıvan istehsalı avtomobil almaq üçün çoxsaylı müraciətlər daxil olur.
Bunu AzVision.az -a Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyib.

Direktor qeyd edib ki, Naxçıvan Avtomobil Zavodunun (NAZ) Çinə sifariş verdiyi avtomobillər də artıq Azərbaycana gətirilib: “Çindən gətirilən avtomobillər “320” modelinə aiddirlər. Həmin avtomobillər sifarişçilərə çatdırılır”.

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin “Təsərrüfat İdarəsi” MMC-nin rəisi Məhəmməd Əmircanov bildirib ki, QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.

Qeyd edək ki, buna qədər Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Gəncə Avtomobil Zavodu”, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding"də NAZ alanlar sırasına qoşulub.

Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar “NAZ-lifan” 720, “NAZ-lifan” 820 (Premium modellər), “NAZ-lifan” 620, “NAZ-lifan” 630 (sedan modellər), “NAZ-lifan” X50 və X60 (SUV), “NAZ-lifan” 320 və 330 (mini) modelləridir.

Xatırladaq ki, bu ilin yanvarın 26-da prezident İlham Əliyev Azərbaycan məmurlarına xidməti maşın kimi Naxçıvanda istehsal edilən "NAZ Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb.

Ölkə başçısı deyib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti