Xarici hüquqşünaslar ELSA-nın məktəbində

Xarici hüquqşünaslar ELSA-nın məktəbində
  08 İyul 2016    Oxunub:1778
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Beynəlxalq Hüquq Mərkəzinin dəstəyi ilə cari ilin 6-12 iyul tarixlərində Bakı şəhərində “II Bakı Yay Hüquq Məktəbi”-ni təşkil edir.
AzVision.az xəbər verir ki, 7 iyul tarixində keçirilən tədbirin açılış mərasimində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndəsi Kamal Cəfərov, “ASAN Xidmət”-in Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Elnur Hümbətov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ELSA Azərbaycanın Prezidenti Faiq Ömərov və Yay Hüquq Məktəbinin təşkilat komitəsinin rəhbəri Nurlana Dünyamalıyeva çıxış ediblər. Mərasimdə tədbirin əhəmiyyəti qeyd edilərək, tədbir iştirakçılarına uğurlar arzulanıb.

Qeyd edək ki, tədbir Avropanın 30 ölkəsindən olan 75 hüquq tələbəsinin və azərbaycanlı hüquq tələbələrinin iştirakı ilə keçirilir. Yay Hüquq Məktəbində Ekvita, Dentons, Baker & McKenzie Bakı ofisi, Alibi və digər hüquq firmalarından olan mütəxəssislər tərəfindən biznes hüququ ilə bağlı müxtəlif seminarlar iştirakçılara tədris ediləcək, eyni zamanda son zamanlar Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilmiş islahatlar müzakirə ediləcəkdir.

Yay Hüquq Məktəbi çərçivəsində xarici hüquqşünasların Azərbaycan Respublikasının Milli Məclisinə, Ali Məhkəməsinə və ASAN xidmət mərkəzlərinə tanışlıq səfərləri nəzərdə tutulur. Eyni zamanda tədbir iştirakçılarının Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaları məqsədi ilə Heydər Əliyev Mərkəzinə, YARAT incəsənət mərkəzlərinə, Qız Qalası və Xalça muzeyinə ziyarətləri təşkil ediləcəkdir.

Yay Hüquq Məktəbinin təşkili azərbaycanlı və xarici hüquq tələbələri arasında müasir hüquqi düşüncənin mübadiləsinə imkan verəcək və tələbələr arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasını təmin edəcəkdir.

ELSA Avropanın 43 ölkəsində fəaliyyət göstərir və 210 universitetdə təhsil alan 40 mindən artıq hüquq tələbəsini və gənc hüquqşünası özündə birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsi və cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsidir. ELSA-nın Azərbaycan nümayəndəliyinin əsası 2010-cu ildə qoyulub. ELSA Azərbaycan hazırda təşkilatın ən fəal üzvlərindən biridir.

AzVision.az


Teqlər:





Xəbər lenti