`Məmurlar əl-ayağa düşüblər` - Millət vəkili
Ölkə başçısının qaldırdığı məsələ ilə bağlı AzVision.az-a danışan millət vəkili Vahid Əhmədov bildirib ki, torpaqların zəbt edilməsi çox ciddi məsələdir və bu problem tezliklə öz həllini tapmalıdır.
“500 min hektarlarla torpağı nə əkirlər, nə becərilrər. Alıb özləri üçün saxlayırlar. Bu torpaqlardan nə özləri, nə başqası, nə də dövlət istifadə edə bilir. Biz Milli Məclisdə qərar qəbul etdik ki, yararlı torpaq əkilib, becərilmirsə, onlara görə cərimələr ödənilməlidir. Bu qərardan sonra məmurlar və digərləri əl-ayağa düşüblər ki, əllərindəki torpaqları satsınlar. Amma indi torpaq alan yoxdur. Ona görə bu torpaqlar ya əkilib becərilməlidir, ya da dövlətə qaytarılmalıdır ki, dövlətin özü bu torpaqlardan istifadə edə bilsin.
Prezident çox düzgün olaraq bu məsələyə toxundu. Mənə elə gəlir ki, bu məsələ öz həllini tapacaq. Çünki, Azərbaycanda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır. Bu sahənin inkişaf etdirilməsi üçün torpağa ehtiyac var. Biz özümüzü ərzaqla təmin etmək istəyiriksə, kənd təsərrüfatına yararlı torpaqlarını hamısından istifadə etməliyik. Bu baxımdan prezident tərəfindən qaldırılan məsələ çox ciddidir və inanıram ki, tezliklə həllini tapacaq”.
V.Əhmədov hesab edir ki, neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyatımıza təsirindən sonra bu problem özünü daha qabarıq şəkildə büruzə verir: “Kənd təsərrüfatına diqqət artırılıb. Kənd təsərrüfatının inkişafı isə birbaşa torpaqla bağlıdır. Torpaq sahələri az olduğu üçün bu problem üzə çıxdı. Bundan sonra həmin torpaqlar ya istifadə olunacaq, ya da dövlət mülkiyyətinə keçəcək”.
Millət vəkili deyib ki, prezident İlham Əliyevin də vurğuladığı kimi torpağı hasarlayıb zəbt edənlər arasında məmurlar və digər nüfuzlu şəxslər çoxluq təşkil edir: “Ölkə başçısı çıxışında bildirdi ki, onda torpağı hasarlayıb zəbt edən məmurların konkret siyahısı var. Yəqin ki, bununla bağlı qərarlar qəbul ediləcək. Ötən gün prezident tərəfindən qaldırlan məsələ məmurlara xəbərdarlıq idi ki, gedin, ya torpağı istifadə edin, ya da dövlətə geri qaytarın. Hesab edirəm ki, bu xərdarlıqdan sonra bir daha bu məsələyə qayıdılacaq”.
Elvin Abdulqədirov
AzVision.az