3 məhkəmə hakiminə töhmət verildi

3 məhkəmə hakiminə töhmət verildi
  13 İyul 2016    Oxunub:1563
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan AzVision.az-a verilən məlumata görə, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ölkə prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar qeyd olunub, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər müzakirə edilib. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin, hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib.

Qeyd olunub ki, hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi nəticəsində son illər 2600 namizəd sırasından 300-dən çox yüksək hazırlıqlı hüquqşünas seçilərək müvafiq hakim vəzifələrinə təyin edilib. Hakimlərin hazırki seçimi prosesi ilə bağlı namizədliyini irəli sürmüş 800 hüquqşünasla ötən ay bərabər şəraitdə, vahid zalda test imtahanı keçirilib, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi və imtahan nəticələrinin yoxlanılması namizədlərin qarşısında təşkil olunmuş və bütün imtahan prosesi “on-layn” rejimində internet vasitəsilə birbaşa yayımlanıb. İmtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənilərək yüksək dəyərləndirilib.

İclasda hakimliyə namizədlərin seçimi prosesinin növbəti mərhələlərinin təşkilati məsələlərinə toxunulub, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları və süründürməçilik hallarına yol verdiklərinə görə Şəki Apellyasiya Məhkəməsinin hakimi İmamverdi Şükürova, Beyləqan Rayon Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət verilib, qanunvericiliyin pozulması halları ilə bağlı 5 hakim barədə intizam icraatları başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti