İlham Əliyev mühüm mesajlar verdi - (FOTOLAR+VİDEO)

İlham Əliyev mühüm mesajlar verdi - (FOTOLAR+VİDEO)
  14 İyul 2016    Oxunub:5013
Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası yekunlaşıb.

AzVision.az xəbər verir ki, iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko birgə mətbuat konfransı keçirib. İki ölkə arasında mövcud siyasi əlaqələrin inkişafından danışan Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ölkələrin beynəlxalq arenada əməkdaşlığı vacibdir. Azərbaycan prezidenti əlavə edib ki, ölkələr arasında iqtisadi sahədə böyük potensial mövcuddur: “Birgə investesiya lahiyələrinin reallaşması nəzərdə tutulub. Bunu üçün müvafiq göstərişlər verilib və şübhəm yoxdur ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha yaxın olacaq və ticarət dövriyyəsi artacaq. Çünki ticarət dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Ukraynanı qane edir. Danışıqlar nəticəsində birgə investisiya layihələri ilə bağlı tapşırıqlar verilib. Hər iki ölkənin investisiya potensialının yenidən nəzərdən keçirilməsi üçün tapşırıq verilib, çünki bu məsələdə qarşılıqlı maraq mövcuddur”.



İlham Əliyev SOCAR-ın Ukrayna bazarında aktiv fəaliyyət göstərdiyini də diqqətə çatdırıb: `SOCAR Ukraynada 60-dan çox yanacaqdoldurma məntəqəsi açaraq, bu ölkəyə 200 milyon dollardan çox investisiya yatırıb`. Dövlət başçısı bildirib ki, bu gün həm təkbətək görüşdə, həm də Prezidentlər Şurasının iclasında Ukrayna-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və gələcək birgə fəaliyyət üçün addımlar müəyyən edilib: 1Şuranın gündəliyi çox geniş idi. Bir çox önəmli məsələlər müzakirə edildi - energetika, nəqliyyat, hərbi-texniki əməkdaşlıq, siyasi əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyətimiz. Demək olar ki, müzakirə edilən bütün məsələlərlə bağlı çox ciddi tapşırıqlar verilmişdir. Əminəm ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaq və ticarət dövriyyəsi daha da artacaq. Çünki hazırda ticarət dövriyyəsi nə bizi, nə Ukrayna tərəfini qane edə bilməz.

Bütövlükdə Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatı hesab edirəm ki, çox böyük potensialı özündə ehtiva edir. Burada şübhəsiz ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti də çox önəmlidir. Artıq birinci sınaq layihə icra edilib. Ukraynadan gələn bəzi yüklər Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə nəql edilib. Bu gün qərara gəldik ki, bu dəhlizi iqtisadi cəhətdən daha da cəlbedici etmək üçün biz tariflərə baxmalıyıq. Çünki tariflər yükgöndərənlər üçün məqbul olmalıdır ki, daha da böyük həcmdə yüklər hər iki istiqamətə getsin.



Prezident bildirib ki, birgə sənaye sahələrinin yaradılması istiqamətində də fikir mübadiləsi aparılıb: “Bu, həm ağır sənayeyə aiddir, eyni zamanda, hərbi-texniki sənayenin inkişafı üçün imkanlar var. Bu sahədə əməkdaşlığımızın artıq gözəl təcrübəsi var və bu məsələlər də müzakirə edildi. Humanitar sahədə əməkdaşlığın çox böyük əhəmiyyəti var. Azərbaycanda yaşayan ukraynalılar, Ukraynada yaşayan azərbaycanlılar əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayırlar. Eyni zamanda, mədəniyyətlə, təhsillə, turizm imkanlarının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Mən bu danışıqlardan çox məmnunam, çox razıyam. Onlar çox konkret xarakter daşıyırdı. Nümayəndə heyətlərinin üzvləri hər bir konkret layihə haqqında arayışlar vermişlər, məruzələr söyləmişlər. Əminəm ki, müzakirə edilmiş hər bir məsələ ilə bağlı yaxın gələcəkdə konkret nəticələr olacaq. Mən Prezidentlər Şurasının iclasını bütövlükdə çox yüksək qiymətləndirirəm və əminəm ki, gələcəkdə Ukrayna-Azərbaycan əlaqələri bu gün Bakıda müəyyən edilmiş istiqamətlər üzrə davam etdiriləcək`.



Prezident İlham Əliyev bildirib ki, Azərbaycan “Odessa-Brodı” neft kəməri layihəsinin reallaşmasında maraqlıdır: “Ukrayna və Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır. Biz ciddi şəkildə Odessa-Brodi layihəsinin reallaşdırılmasını müzakirə etdik, çünki Azərbaycan Avropa bazarına böyük həcmdə neft ixrac edir”. - deyə o, söyləyib. Azərbaycan prezidenti ukraynalı həmkarını yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumatlandırdığını da söyləyib: “Bu, qədim İpək Yolunun bərpasıdır və burada Ukrayna şirkətləri üçün yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan öz tərəfdaşları ilə Şimal-Cənub dəhlizinin reallaşdırılmasında maraqlıdır və bunun üçün mümkün olan hər şeyi edir. Ukrayna da bu imkanlardan istifadə edə bilər”.

Pyotr Poroşenko isə Azərbaycan ərazisində "An-178" nəqliyyat təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanlarını müzakirə etdiklərini deyib: “Ən perspektiv layihələrdən biri Azərbaycana "An-178" təyyarələrinin göndərilməsi və gələcəkdə bu təyyarələrin Azərbaycan ərazisində birgə istehsalı ilə bağlıdır”.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti