Poroşenkonun Qarabağ mesajına operativ şərh

Poroşenkonun Qarabağ mesajına operativ şərh
  14 İyul 2016    Oxunub:3019
Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi mesajlar verib. O, prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkliyir.
Poroşenko bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində ətrafında “status-kvo”nun saxlanılması qəbuledilməzdir: “Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı qəti mövqeyini sevinclə qarşılayır və alqışlayırıq. Ukrayna Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışlayır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və Ukraynanı fəal dəstəkləyib. İndi biz bildiririk ki, Azərbaycan da bizim 2016-2017-ci illərdəki üzvlüyümüz dövründə Ukraynanın dəstəyinə arxalana bilər”.

Poroşenkonun Qarabağla bağlı çıxışını AzVision.az-a şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, Azərbaycan və Ukraynanın ərazilərinin bir hissəsinin işğal altında olması hər iki ölkəni bir-birinə yaxınlaşdıran məqamlardandır.



“Azərbaycanın və Ukraynanın ərazilərinin bir hissəsi işğal altındadır. Bu, hər iki dövləti yaxınlaşdıran məqamdır. Hər iki dövlət bunu nəzərə alaraq bütün beynəlxalq tribunalarda bir-birini dəstəkləyir. Ukrayna və Azərbaycan bir-birinin işğal altındakı torpaqlarının azad olunmasına nail ola bilən dövlətlərdən olmasa da, qarşılıqlı əlaqələrimiz bu məsələləri beynəlxalq tribunalarda qabartmağa imkan verir. Bu isə böyük dövlətlərin diqqətini münaqişələrə cəlb etməyə imkan verir. Bu, müsbət amildir”.

F.Sadıqov qeyd edib ki, ərazi bütövlüyü məsələsində beynəlxalq aləm Ukrayna və Azərbaycana fərqli münasibət sərgiləyir: “Bir sıra hallarda aparıcı dövlətlərin bizə qarşı qüsurlu yanaşmaları hiss olunur. ABŞ Ukraynana siyasi və hərbi dəstək verir. Amma, Azərbaycan qarşı başqa mövqe sərgilənir. Təssüflər olsun ki, bizi Ermənistanla eyniləşdirirlər. Hesab edirlər ki, biz bir-birimizlə dil tapmalıyıq.

Poroşenkonun Azərbaycan baş tutan səfəri nəinki ikitərəfli münasibətlərin inkişafına təkan verəcək, hətta separatçı rejimlərin işğalçı siyasətinin beynəlxalq aləmdə qabardılmasına, beynəlxalq tribunalara yenidən qaldırlmasına təkan verəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti